Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.09.2021

Görkəmli dilçi, mətnşünas alim

Azərbaycanda qədim dövrə aid əlyazmaların zəngin xəzinəsi mövcuddur. Bu əlyazmaları öyrənən mətnşünaslıq elmi indi xeyli inkişaf etmişdir. Azərbaycan mətnşünaslıq elminin görkəmli nümayəndələrindən biri mənalı ömrünün çoxunu bu çətin və şərəfli işə həsr etmiş akademik Möhsün Nağısoyludur.

75 yaşını qeyd etməyə hazırlaşdığımız akademik Möhsün Zellabdın oğlu Nağısoylu 1971-ci ildə indiki Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran filologiyası şöbəsini fərqlənmə diplomu ilə başa vuraraq elə həmin ildən ömrünü Elmlər Akademiyası, daha dəqiq desək, o zamankı adı ilə Respublika Əlyazmalar Fondu ilə bağlamışdır. Möhsün müəllim həm tələbə vaxtı (1967-1970), həm də fondda işlədiyi müddətdə (1972-1975) Əfqanıstanda tərcüməçi kimi də fəaliyyət göstərmiş və İran filologiyasına aid biliklərini daha da dərinləşdirmişdir. O, Əlyazmalar İnstitutunda 45 ilə yaxın çalışmış, burada laborantlıqdan şöbə müdirliyinə qədər yol keçmiş, namizədlik, doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu fədakar elm adamı həmin institutda işlədiyi müddətdə qədim əlyazmaların mətnşünaslıq və dilçilik baxımından tədqiqi sahəsində yüksək ixtisaslı alim kimi tanınmış, farsdilli əlyazmalar kataloqunun I, II və III cildlərinin hazırlanmasında fəal iştirak etmişdir. 2012-ci ildə professor elmi adını alan Möhsün Nağısoylu 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilmişdir. Görkəmli elm xadimi 2015-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna rəhbərlik etməkdədir.

55-dən artıq kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisi akademik M.Nağısoylunun əsas xidməti mətnşünaslığın nəzəri və praktiki məsələləri, Məhəmməd Füzulinin, Vəli Şirazinin, Əhmədi Təbrizinin, Möhsün Nəsirinin, Şeyx Mahmud Şəbüstərinin, Həzininin, Abbasqulu ağa Bakıxanovun tərcümə irsinin tədqiqi ilə bağlıdır. M.Nağısoylunun fars dilindən tərcümə etdiyi Sədrəddin Bəlağinin “Quran qissələri” və Şeyx Mahmud Şəbüstərinin “Gülşəni-raz” məsnəvisi onun həm də mahir bir tərcüməçi olduğundan xəbər verir. Görkəmli alimin rəhbərliyi və iştirakı ilə tərtib edilmiş irihəcmli “Farsca-azərbaycanca lüğət” və “Azərbaycanca-farsca lüğət” kitablarının nəşri xalqlar arasında mədəni əlaqələri inkişaf etdirmək baxımından çox böyük elmi və ictimai əhəmiyyət kəsb edir.

Məlumdur ki, Orta əsrlərdə Nəsimi, Füzuli, Xətai poeziyası ilə yanaşı, ədəbiyyatımızın, ədəbi dilimizin inkişafında tərcümə sənətinin də mühüm rolu olmuşdur. Şərq dillərindən, xüsusilə ərəb və fars dillərindən edilən bədii tərcümələr dilimizin, ədəbiyyatımızın inkişafında mühüm rol oynayırdı. Bu məsələlərin dərindən və sistemli tədqiqi M.Nağısoylunun yaradıcılığında xüsusi yer tutur. Belə ki, böyük alimin XX əsrin son ilində (2000-ci il) nəşr etdirdiyi “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti” adlı monoqrafiyasında ilk dəfə Azərbaycanda tərcümə ədəbiyyatının yaranması və inkişafı yolları araşdırılmış, onun növ və xüsusiyyətləri müəyyən edilmiş, ayrı-ayrı tərcümə əsərləri haqqında ilkin məlumat verilmişdir. Müəllif çox doğru olaraq vurğulayır ki, Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixində ərəb və fars dillərindən tərcümə olunmuş əsərlərin özünəməxsus yeri və çəkisi vardır. Azərbaycan türklərinin əsrlər boyu ərəblərlə və farslarla sıx ədəbi-mədəni əlaqədə olması və müştərək islam mədəniyyətinin yaranmasında bilavasitə iştirakı tərcümə sənətinin tarixi zərurət kimi ortaya çıxmasını şərtləndirmişdir. Doğrudan da, Orta əsrlər Azərbaycan tərcümə abidələri ədəbiyyat tariximizin ayrıca bir qolunu, həm də özünəməxsus cəhətləri ilə seçilən xüsusi bir qolunu təşkil etdiyi kimi, yazılı ədəbi dilimizin inkişafı tarixində də mühüm yer tutmuşdur və təsadüfi deyildir ki, bu problemin araşdırılması mətnşünaslıq elminin tərcümə sənəti kimi ayrıca bir bölməsini meydana çıxarmışdır. Bu qiymətli monoqrafiya bu gün də mətnşünasların, klassik ədəbiyyat tədqiqatçılarının stolüstü kitabı olaraq istifadə edilməkdədir.

Bu yaxınlarda AMEA Rəyasət Heyətindən işlədiyim quruma (AMEA-nın Naxçıvan bölməsi, Dil, Ədəbiyyat və İncəsənət İnstitutu) bir kitab göndərmişdilər: “Şühədanamə”. “Elm” nəşriyyatında yenicə çapdan çıxmış təxminən min səhifəlik bu əsər diqqətimi çəkdi. İstədim akademik Möhsün Nağısoylunun geniş ön sözlə yazıb nəşrə hazırladığı bu dəyərli kitab haqqında mülahizələrimi oxucularla bölüşüm. Onu da qeyd edim ki, “Şühədanamə”ni oxuyarkən xəyal məni bir anlığa keçmişə apardı. Kərbəla şəhidlərindən bəlağətli bir dillə bəhs edən bu əsəri biz 1960-cı illərin sonlarında indiki Bakı Dövlət Universitetinin tələbəsi olarkən əlyazma şəklində, Kirill əlifbası ilə makinada çap olunmuş variantda gizli olaraq oxumuşduq. Çünki sovet ideologiyasında din yasaq idi, dini ədəbiyyatın oxunmasına, nəşrinə icazə verilmirdi. O zaman “Şühədanamə” abidəsinə bədii əsər kimi maraq çox güclü idi. Universitetdəki müəllimimiz professor Samət Əlizadə 1965-ci ildə bu mövzuda (“Şühədanamə”də adlar) namizədlik dissertasiyası müdafiə etmişdi. Yadımdadır ki, onun ardınca da bu əsərə Möhsün müəllim müraciət edərək tədqiqat işinə başladı və 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Amma əsərin özü çap edilmədi. Bu qiymətli tərcümə əsərinin çap olunmaması sovet ideologiyasının milli dəyərlərə qoyduğu yasaqlarla bağlı idi.Yalnız müstəqillik dövründə belə bir önəmli əsərin nəşrinin həyata keçirilməsi üçün münbit şərait yarandı. Təqdirəlayiq haldır ki, klassik tərcümə sənətinin və ədəbi dil tariximizin qaynaq əsərlərindən olan Nişatinin irihəcmli “Şühədanamə” tərcüməsinin akademik nəşri ilk dəfə məhz görkəmli mətnşünas, akademik M.Nağısoylu tərəfindən həyata keçirildi. “Şühədanamə” Kəmaləddin Hüseyn bin Əli Vaiz Kaşifinin (ölüm tarixi 1504-05) farsca yazdığı “Rövzətüş-şühəda” kitabının ana dilimizə ilk tərcüməsidir. “Rövzətüş-şühəda” İmam Hüseynin Kərbəla faciəsinə həsr olunmuş ən məşhur əsərlərindən biridir. Azərbaycan mütərcimi və katibi Məhəmməd bin Hüseyn Nişati bu kitabı 1539-cu ildə Şiraz şəhərində ana dilimizə çevirmişdir. Nişati ilə yanaşı, Məhəmməd Füzuli də Kaşifinin “Rövzətüş-şühəda” əsərinə müraciət etmiş, onu “Hədiqətüs-süəda” adı ilə özünəməxsus böyük ustalıqla dilimizə sərbəst şəkildə tərcümə etmişdir. Qeyd edək ki, akademik M.Nağısoylu bu əsərin də dilimizdəki ilk naşirlərindən biridir. Bundan az sonra o, 2002-ci ildə “M.Füzulinin “Hədiqətüs-süəda” əsəri” adlı monoqrafiya nəşr etdirmişdir. Bu monoqrafiyada Möhsün müəllim Mövlana Məhəmməd Füzulinin “Hədiqətüs-süəda” əsərini geniş şəkildə tədqiq etmiş, bu əsərlə Kaşifinin “Rövzətüs-şühəda” əsəri arasında geniş şəkildə müqayisələr aparmış, sübut etmişdir ki, böyük sənətkar Mövlana Məhəmməd Füzuli Kaşifinin əsərini özündən xeyli əlavələr etməklə yaradıcı şəkildə sərbəst tərcümə etmişdir.

Dilinin sadəliyi və zənginliyi ilə seçilən “Şühədanamə”nin mütərcimi Nişatinin həyat və yaradıcılığı haqqında əlimizdə bir o qədər də məlumat yoxdur. Bircə o məlumdur ki, tərcüməçi bu əsərdən əlavə, 1543-cü ildə tamamladığı Şah I Təhmasib tərəfindən sifariş edilmiş “Şeyx Səfi təzkirəsi” əsərini də yüksək səviyyədə ana dilimizə tərcümə etmiş və bu tərcümə əsəri XVI əsr Azərbaycan nəsrinin ən qiymətli abidələrindən biri kimi diqqəti cəlb edir. Alim bu irihəcmli nəsr əsərinə də ön söz və izahlar yazmış, 2006-cı ildə nəşr etdirmişdir.

Uzunmüddətli filoloji araşdırmaların məticəsində meydana çıxan, haqqında bəhs edilən “Şühədanamə” kitabı akademik M.Nağısoylunun bu sahədə apardığı tədqiqatların zirvəsini təşkil edir. Əsərin təxminən 30 səhifəlik “Şühədanamə”:orta əsrlər Azərbaycan tərcümə sənətinin və ədəbi dilinin dəyərli qaynağı” adlı giriş qismində mütərcimin avtoqraf əlyazmalarından biri kimi bu tərcümə əsərinin əsas məziyyətlərindən, bir neçə üstün cəhəti ilə Orta əsrlərin başqa tərcümə əsərlərindən fərqlənməsindən bəhs edilir. Mətnşünas alim mütərcim Nişatinin avtoqrafının üç üstün cəhətini xüsusilə vurğulayır: 1.”Şühədanamə”nin Nişatinin əli ilə köçürdüyü və dünyada yeganə olan avtoqraf nüsxəsi günümüzə qədər gəlib çatmışdır. Bunun avtoqraf olması isə o deməkdir ki, əlyazmanın mötəbərliyi və düzgünlüyü maksimum dərəcədədir və mətnşünaslıq baxımından müstəsna əhəmiyyət daşıyır. 2.”Şühədanamə”nin mütərcimi Nişati həm də dövrünün peşəkar və savadlı katiblərindən biri olmuşdur. Deməli, “Şühədanamə” Azərbaycanda tarixi qrafika və orfoqrafiya məsələlərinin öyrənilməsi üçün də mötəbər qaynaqlardan biri sayılmalıdır. 3.”Şühədanamə”də yazılı ədəbi dil xüsusiyyətləri ilə yanaşı, XVI əsrdə Təbriz şivəsinin səciyyəvi cəhətləri də özünü göstərir ki, bu da tarixi dialektologiyanın öyrənilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Tədqiqatçı təcrübəli mətnşünas kimi əlyazmanın geniş təsvirini vermiş, 338 vərəqdən ibarət olan əlyazmada mətn içərisində işlənmiş Quran ayələrinin, ərəbcə söz və ifadələrin nəsx xəttilə yazıldığını göstərmişdir. Burada tərcüməçi-katib hər bir sözün, hətta hərfin gözəl biçimdə yazılmasına xüsusi diqqət yetirmişdir. M.Nağısoylu “Şühədanamə” ilə “Rövzətüş-şühəda”nın mətnlərini tekstoloji baxımdan araşdıraraq müəyyən etmişdir ki, tərcüməçi orijinala əsasən sadiq qalmış, bununla belə mətndə bəzi yerləri qısaltmış, həm də tərcümə zamanı bəzi əlavələr də etmişdir. Tərcüməçi fars dilində qəliz və dəbdəbəli üslubda qələmə alınmış “Rövzətüş-şühəda” əsərini “qamu türk oymağlarının müstəidlərinə” çatdırmaq vəzifəsini qarşısına məqsəd qoymuş və işin öhdəsindən müvəffəqiyyətlə gələrək fars dilindəki əsəri sadə və canlı danışıq dilinə yaxın bir üslubda tərcümə etməyə nail olmuşdur.

Dibaçə və on babdan ibarət olan “Şühədanamə”nin mətninin transfoneliterasiyasının həcmi təxminən 600 səhifəyə yaxındır. Mətndə işlənmiş xüsusi adların geniş izahı da verilmişdir. Bundan əlavə, kitabda əsərin gənc oxucular tərəfindən asan anlaşılması üçün mətndə işlənmiş ərəb-fars sözlərinin və arxaik səciyyəli türkmənşəli sözlərin lüğəti də verilmişdir. Kitabda mətnşünaslıq elminin qaydalarına uyğun olaraq onomastik vahidlərin ad göstəricisi və əsərin faksimlesi də yer almışdır. Bu mühüm amil gələcək tədqiqatçıların XVI əsr ədəbi dilimizin dəyərli abidəsi “Şühədanamə”dən geniş istifadəsinə münbit şərait yaradılması baxımından çox diqqətəlayiqdir.

“Elm” nəşriyyatında işıq üzü görən “Şühədanamə” kitabının akademik nəşri Möhsün Nağısoylunun ədəbiyyatşünaslıq, dilçilik və mətnşünaslıq elminə, eləcə də geniş oxucu kütləsinə dəyərli töhfəsidir.

Görkəmli dilçi-mətnşünas alim, klassik tərcümə sənətinin tanınmış tədqiqatçısı, akademik Möhsün Nağısoylunu anadan olmasının 75 illiyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirik.

Əbülfəz QULİYEV,
AMEA-nın müxbir üzvü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.