Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.04.2019

Dilimizin fəal təəssübkeşi və fədakar tədqiqatçısı

Aynel MƏŞƏDİYEVA
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Görkəmli dilçi alim, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, professor Yusif Mir Əhməd oğlu Seyidov Azərbaycan dilçilik elminin formalaşmasında və inkişafında misilsiz xidmətləri olan örnək ziyalılarımızdan idi. O, dəyərli monoqrafiyaları, dərslikləri, dərs vəsaitləri, sanballı elmi məqalələri, orijinal filoloji düşüncələri və mülahizələri ilə elmi ictimaiyyətdə silinməz izlər qoyub.

Professor Yusif Seyidov bütün mənalı və şərəfli ömrünü Azərbaycanın elminə, təhsilinə, ana dilimizin inkişafına həsr etmişdi. Uzun müddət ölkəmizin ən nüfuzlu təhsil ocağında - Bakı Dövlət Universitetində fəaliyyət göstərmiş, gənc nəslin yetirilməsində fəal rol oynamışdı. Onun gərgin elmi axtarışlarının nəticələri gələcək nəsillər üçün bir məktəbdir. Görkəmli dilçi alim elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, tənqidçi və ədəbiyyatşünas kimi də tanınıb. Azərbaycan şairlərinin, yazıçılarının söz və sənət haqqında mülahizələri, dil və onun insan həyatında, cəmiyyətdə rolu, xalqın dilçilik, qismən də ədəbiyyatşünaslıq və s. barədə fikirləri, professor Yusif Seyidovun bir çox məqalələrində, habelə "Klassik Azərbaycan şairləri söz haqqında" (1977), "Yazıçı və dil" (1979), "Sözün şöhrəti" (1981), "Sözün qüdrəti" (1988), "Sözün hikməti" (1989), "Şairin dərdi" (1996) və s. kimi sanballı monoqrafiyalarında öz əksini tapıb.

Alimin "Sözün şöhrəti" adlı monoqrafiyası xüsusilə diqqəti cəlb edir. Belə ki, əsərdə inqilabdan əvvəl yaradıcılığa başlayan şairlərin, erkən sovet dövrünün gənc şair və yazıçılarının, 30-cu illərin ikinci yarısında yaradıcılığa başlamış şairlərin dil məsələlərinə dair fikir və mülahizələrindən, Azərbaycan ədəbi dilinin inkişafında, onun lüğət tərkibinin zənginləşməsində, qrammatik quruluşunun, yazılı və şifahi nitq normalarının təkmilləşməsində, dilin üslubi imkanlarının genişlənməsində rolundan bəhs olunur.

Yusif Seyidovun "Şairin dərdi" monoqrafiyası sanbalı və orijinallığı ilə xüsusilə diqqət çəkir. Alim həmin monoqrafiyada Səməd Vurğun yaradıcılığını yeni müstəvidə araşdıraraq indiyədək onun məlum olmayan məqamlarını və incəliklərini aşkarlamışdı.

Professor Yusif Seyidov eyni zamanda, Azərbaycan dilinin tarixinə dair də sanballı əsərlər yazıb. Alimin "Nəsiminin dili" monoqrafiyası, habelə "Kitabi-Dədə Qorqud"un dilində sadə cümlə (inkişaf səviyyəsi)", "Kitabi-Dədə Qorqud" dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi", "Ədəbi şəxsiyyət və dil", "Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi", "Dastani-Əhməd Hərami" haqqında bəzi qeydlər", Dövrün (XII-XIX əsrlər) şeir dilinə ümumi bir nəzər" kimi məqalələri gərgin əməyin və axtarışların məhsuludur.

Alimin "Nəsiminin dili" monoqrafiyası Nəsimi yaradıcılığını və dilini, ümumiyyətlə, Azərbaycan dilinin tarixini araşdıran tədqiqatçılar üçün olduqca faydalıdır.

Alimin ədəbi-bədii dil haqqında məqalələrinin bir qismi onun "Ədəbi tənqid və bədii dil" monoqrafiyasında toplanıb.

Müasir Azərbaycan dilinin və ümumiyyətlə, dilçilik elminin aktual problemlərinin araşdırılması ilə Yusif Seyidov dilçiliyin inkişafına ciddi töhfə verib. Tanınmış türkoloq A.N.Kononovun təbirincə desək, professor Yusif Seyidov türkologiyada əsasən sintaksis sahəsinin görkəmli tədqiqatçısı sayılır.

Alimin "Azərbaycan ədəbi dilində söz birləşmələri" əsərində həm də qədim yunan, Hind dilçilərinin söz birləşmələri haqqında elmi mülahizələrinə toxunulmuşdur. Monoqrafiyanın diqqətəlayiq cəhətlərindən biri də ondan ibarətdir ki, burada söz birləşmələrinin dil sistemindəki yeri öyrənilmiş, onların başqa nitq vahidləri ilə oxşar və fərqli xüsusiyyətləri təhlil olunub.

Yusif Seyidov morfologiya məsələlərini də geniş və sistemli şəkildə araşdırıb. "Azərbaycan dilində, ümumən türk dillərində inkar əvəzliyi varmı?", "Eyni sözün bir və ya bir neçə nitq hissəsinə daxil ola bilib-bilməməsi haqqında", "Dildə sözün kökü və əsası məsələsinə dair", "Kəmiyyət kateqoriyası ümumi qrammatik kateqoriya kimi" məqalələrində Azərbaycan dili morfologiyasının ən aktual və ciddi məsələlərinə toxunub.

Görkəmli alim "Müasir Azərbaycan dili"- (I h.-1959, II h.-1963), "Müasir Azərbaycan dili. IV hissə. Sintaksis" (1972, 1985, 2009) orta və ali məktəblər üçün qiymətli dərslik və dərs vəsaitlər tərtib etmişdi.

Onun ikicildlik "Demokratiyanın uzun yolu", "Ey ulu dünya" (ədəbiyyata, sənətə aid) məqalələr toplusu geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanışdı.

Nüfuzlu alimin gərgin əməyi sayəsində ərsəyə gələn 200-dən çox elmi əsəri, o cümlədən, 30-dan çox kitab və monoqrafiyaları sanbalı ilə diqqəti cəlb edir və böyük elmi-nəzəri və praktiki əhəmiyyətə malikdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.