Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

24.2.2014

L.BLUMFİLD VƏ ONUN “DİL” ƏSƏRİ HAQQINDA

Amerika dilçiliyinin onurğa sütununu təşkil edən L.Blumfild (1887-1949) ilk linqvistik ideyalarını “A set of postulates for the sience of language” (Dil elmi üçün postulatlar) başlığı altında 1926-cı ildə “Language” jurnalında çap etdirmişdir. Artıq bu məqaləsində L.Blumfild dilə insan davranışının bir hissəsi kimi yanaşırdı. Həmin məqalədə L.Blumfild dilin təhlili prinsiplərini və təhlili metodikasını formal kriteriyalar əsasında işləyib hazırlamağa başlamışdı. L.Blumfild həmin ideyalarını əslində 1914-cü ildə yazdığı “Dilin öyrənilməsinə giriş” kitabında irəli sürmüş, 1933-cü ildə çap etdirdiyi “Dil” əsərində isə daha əhatəli şəkildə əsaslandırmağa nail olmuşdu. L.Blumfild bu nəticələrə gəlmək üçün nəinki germanistikanı, hind-Avropa dilçiliyini, həm də Amerika aborigenlərinin – hindilərin dillərini dərindən öyrənmişdi. Onun nəzəri konsepsiyasının əsasında biheyviorizm durur. Bunu müəllifin özü də və onun linqvistik yaradıcıığını araşdıran alimlər də dəfələrlə qeyd etmişlər. Dünya dilçiliyində L.Blumfild həm də mexanisizmin və fizikalizmin tərəfdarı kimi tanınır. Onun nəzəri görüşləri, təhlil prinsipləri və metodikası XX əsrdə funksionalizm, qlossematika kimi cərəyanlarla yanaşı deskriptivizmin əsaslarını qoymuşdur. L.Blumfildin Yel Universitetindən olan şagirdləri və ardıcılları (B.Blox, C.Treycer, Z.Hərris - 1909-1992), həm də öz mövqeyinə görə bir qədər ondan aralı dayanan dilçilərə (K.Payk, Y.Nayda və s.) də güclü təsiri olmuşdur. E.Hauqen (1906-1984) qeyd edir ki, Blumfildin əsərlərinin dilçilik sahəsində çalışan bütöv bir nəslin yetişməsində böyük əməyi olub* Başqa sözlə desək, dilçilikdə paradiqm dəyişikliyi baş verirdi. Bunu həm də Avropadakı dilçilik məktəbləri xüsusi qeyd edirdilər. İ.A.Boduen de Kurtenenin, F.de Sössürün ideyalarının çiçəkləndiyi Peterburq, Moskva, Praqa və Danimarka dilçilik məktəblərinin o dövrkü fəaliyyəti bir daha təsdiq edir. Bütün bunlar bir daha onu təsdiq etməyə əsas verir ki, L.Blumfild o zamankı dilçilik elminin tərkib hissəsi kimi götürülməlidir.
Mahiyyət etibarı ilə L.Blumfildin dil nəzəriyyəsi fizikalizm və materialist fəlsəfəsinə əsaslanır. L.Blumfildin “Dil” kitabının rusca tərcməsinə “Ön söz” yazmış M.M.Quxman onun dil nəzəriyyəsini belə səciyyələndirir: “Dilin bütün səciyyələri Blumfilddə biheviorizm mövqeyindən verilir: müq.et: dilin insan fəaliyyətinin/davranışının xüsusi forması kimi müəyyənləşməsi; dilin kommunikativ funksiyasının stimul və reaksiya həlqəsinə bağlanması, danışıq fəaliyyətinin sosial təbiətinin isə bioloji proseslərlə eyni səviyyəli proseslərə bağlılığı”**.
Ünsiyyəti bioloji akt kimi götürən L.Blumfild ona insanın bütün başqa sahələrdə olduğu kimi ətraf mühitə uyğunlaşması və xarici stimullara verdiyi reaksiyaları olaraq yanaşır. Ünsiyyət Blumfild üçün insanın bioloji tələbatının ödənilməsidir. Bununla da dil və təfəkkürlə bağlı bütün problemlər həll olunmuş kimi görünür. Bununla da o, Karnapın məntiqi pozitivizminə bağlı olduğunu göstərir. Elə bu yöndən də L.Blumfild mentalizmi tənqid atəşinə tutur. Onun linqvistik modeli belədir: danışan-söyləm-dinləyən. Məhz bu üçbucaq dilin təhlilində real obyektiv varlıq kimi çıxış edir. Buradan da onun dilə verdiyi tərif aydın olur: “dil müəyyən dil qrupunda işlənən söyləmlərin məcmusudur”.Yalnız müşahidədən alınan faktların ümumiləşdirilməsi və şərhi dilçinin əsas vəzifəsini təşkil edir. Buradan belə nəticə çıxır ki, istənilən abstraksiya, sistem xarakterli ümumiləşdirmə dilçinin işi deyildir. Biheyviorizmin canı budur, ona görə də bu konsepsiya struktur dilçiliyin məhək daşının əleyhinədir. L.Blumfilddə sintaqmatik aspekt həlledicidir, onda paradiqmatikaya yer yoxdur.
Blumfildə görə, təsvir və təsnif, yəni taksonomik yanaşma dilçiliyin əsas vəzifəsidir. Bu da Amerika deskriptivizminin ana xəttini təşkil edir. Bu yanaşmada təhlil metodikası ön plana keçir, yəni deskriptiv texnika əsas götürülür. Onu ciddi metodikanın olmaması narahat edir, ona görə ziddiyyətsiz təsvir modeli hazırlamaq əsasdır. Deməli, L.Blumfild və onun ardıcılları üçün formal təhlilin və təsvirin əməli, praktik üsullarının işlənib hazırlanması önəmlidir. Onun təhlil
mərhələləri bunlardır: danışıq aktı; praktik üsullar sistemi və qurulmuş dil modeli.
L.Blumfild mənanın dilçilikdə yeri olmadığını xüsusi vurğulayır. O, mənanın yuxarıda göstərdiyimiz üçbucağa sığmadığını qeyd edərək yazır ki, “məna danışanın situasiyasıdır-danışıqdır və dinləyənin reaksiyasıdır. Hər bir dil formasının mənası danışanın bütün aləmini bilmək deməkdir. L.Blumfild anlam, məna və məzmun arasındakı fərqləri araşdırmağa çalışmayıb. Onun əsas məqsədi hər bir dil formasının ətraflı təhlilini verməkdən ibarət olub. Məsələn, morfemin bütün formaları-allomorfları onun “Dil”ində özünə yer tapdığı halda, onların mənasından söz açılmır. Düzdür o, tam şəkildə mənanı inkar etməsə də, ancaq onun formal təhlil üçün nümayiş etdirdiyi metodikanı mənanın açılışında görmək olmur. Ancaq fonoloji təhildə, səslərin fonematikliyini müəyyənləşdirməkdə L.Blumfild bütün deskriptivistlərdə olduğu kimi mənafərqləndirmədən çıxış edir. Minimal cütlər vasitəsilə aşkar edilən fonematiklik məhz semantik qarşılaşmaların nəticələri kimi götürülür. Danışıq səslərinin mənadan kənar müəyyənləşməsini L.Blumfild sırf abstraksiya sayır.Onun məşhur ifadəsi var: “mənası olan fonetik forma dil formasıdır”. Başqa bir yerdə isə o israr edir ki, dil fomasının mənasının nəzərə alınması elmi təhlildən uzaqlaşmaq deməkdir, struktur və funksional prinsipləri pozmaq deməkdir. Düzdür, o, müəyyən qrammatik klasların müəyyənləşməsində, məsələn, hərəkətin icraçısını bildirən sözlərin müəyyənləşməsində mənadan istifadə edir. Ancaq Blumfilddə mənaca təhlilin sistemi verilməyib.
L.Blumfilddə əsas təhlil obyekti kimi morfemlər, onların düzüm qaydaları, müxtəlif təzahür variantları çıxış edir. Onlar da bir-birinin ardınca düzülərək söyləmi-danışıq aktı parçasını yaradırlar. Söz isə faktiki olaraq təhlil obyekindən kənarlaşdırılır. L.Blumfilddə söyləmin üzvlənməsində morfem əsas vahid kimi çıxış etsə də, o, bilavasitə tərkiblərin son elementi olur. Yəni mənası olduğu üçün morfem son element kimi çıxış edir. Mənasız elementlər isə fonemlərdir ki, onlar da mənaları fərqləndirməyə xidmət edirlər. Söyləm və ya cümlə müəyyən ardıcıllıqla düzülmüş morfemlərdən ibarətdir. Morfem anlayışı o qədər geniş mənada başa düşülür ki, hətta vurğu, intonasiya və fasilə də morfem kimi dəyərləndirilir. L.Blumfild sərbəst və bağlı (asılı) morfemlərdən danışaraq göstərir ki, morfemlər söyləmin mürəkkəb tərkiblərə və birləşmələrə bölünməsini təmin edir. Ancaq bu da linqvistik üzvlənməni tam təmin edə bilmir. Məsələn, /John ran/ “Con qaçdı” söyləmi və /blackberry / “qarağat” kimi mürəkkəb söz eyni sinfə daxil edilir. Həm cümlə, həm də mürəkkəb söz morfem ardıcıllığı kimi götürüldükdə hər ikisi söz kimi eyniləşdirilmiş olur. Deməli, L.Blumfilddə söz morfemin peykinə çevilir ki, bu da lazımi nəticələri vermir. Yuxarıda verdiyimiz misalları təhlil edərkən tamam başqa kriteriyalardan istifadə olunmalıdır. Cümlənin və sözün morfem tərkibinə görə üzvlənməsi eyni nəticəni verə bilməz. Məlumdur ki, cümlədə mübtəda və xəbər qütbləri uzlaşma əsasında formalaşır. Cümlədə həm də xəbərlik və modallıq əlaqələri mövcuddur. Sözdə isə morfemlərin ardıcıllığı və mövqeyi mühüm əhəmiyyət kəsb edir. Sintaktik səviyyəni tam mənada morfem səviyyəsindən asılı götürmək olmaz. L.Blumfildin konsepsyasında bu incəliklər nəzərə alınmır.
Bütün bunlara baxmayaraq L.Blumfild statik vəziyyətdə danışıq aktının sinxron təhlilini verməklə ənənəvi dilçilikdən fərqli yanşma nümayş etdirmiş, ona görə də onu bu sahənin ilk qaranquşu adlandırmaq olar.
Qeyd edək ki, Azərbaycan dilçiliyi deskriptivizmin nümayəndələrinin yaradıcılığı ilə indiyəqədər onların əsərlərini ingilis (çox az miqdarda) və rus dilindəki tərcümələrlə tanış olurdular. Biz ilk dəfə olaraq həmin cərəyanın banisi L.Blumfildin “Dil” əsərini ingiliscədən Azərbaycan dilinə tərcümə etməyi qərara aldıq. Əsəri Azərbaycan dilinə dosent V.S.Ərəbov və filologiya üzrə fəlsəfə doktoru dosent Q.N.Heybətov tərcümə etmişlər. Əsəri filologiya elmləri doktoru İ.M.Tahirov (I-VI fəsillər) və filologiya üzrə fəlsəfə doktoru, dosent F.Z.Əhmədov redaktə etmiş, filologiya üzrə fəlsəfə doktoru L.Q.Qurbanova orijinalla tutuşdurmuşdur. Biz tam məsuliyyətlə başa düşürük ki, L.Blumfild kimi bir nəhəngin fundamental əsərini Azərbaycan dilinə tərcümə etmək asan məsələ deyildir. Ancaq elmin bugünkü səviyyəsindən yanaşanda dünya dilçiliyinin incilərini Azərbaycan oxucularının öz dilində oxuyub başa düşməsi üçün ilk təcrübə olaraq addım atılmalıdır. Biz də bu yükün altına girdik və ümid edirik ki, dilçi alimlərimiz L.Blumfildin “Dil” əsərini oxuyub öyrənəcək və ondan öz elmi tədqiqatlarında yararlana biləcəlklər.
Kitabın tərcüməsində bir sıra terminləri tərcüməçilərlə birgə müzakirə edib məqbul saydığımız variantı qəbul etmişik. Məsələn, immediate constituent birləşməsini “tərkiblər” və ya “bilavasitə tərkiblər”, phrase terminini “söyləm”, feature terminini “əlamət” və s. kimi tərcümə etməyi qərara almışıq. Bəzi hallarda təsviri üsuldan istifadə edilmiş və ya tərcümənin qarşısında ingilis variantı verilmişdir.
Kitabın sonunda verilmiş ad göstəriciləri və özək sözlər ondan səmərəli istifadəni təmin etmək məqsədi güdür.
Tərcümə ilə bağlı qeyd və təkliflərini redaksiyaya göndərən hər bir oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.
Sonda kitabın ərsəyə gəlməsində köməyini əsirgəməyən, xüsusilə elektron variantının hazırlanmasını həyata keçirmiş S.İbrahimqızına, X.Y.Əsgərovaya və əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk.

Redaksiya şurası adından:
Filol.e.d., prof. F.Y.Veysəlli

fveysalov@hotmail.com
fveysalov@gmail.com

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.