Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

19.11.2013

“Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyi çap olunmuşdur

Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu qarşısında müəyyən tələblər qoyulmuşdur. Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması məqsədi ilə Dilçilik İnstitutu tərəfindən iş planı hazırlamışdır.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı və geniş ictimaiyyətə təqdim etdiyi “Azərbaycan dilçiliyi müntəxəbatı” üçcildliyi bu istiqamətdə icra olunan ilk sanballı layihə kimi olduqca təqdirəlayiqdir.
Bu gün özünün inkişaf dövrünü yaşayan Azərbaycan dilinin tərəqqisi naminə bütün ömrünü sərf edən böyük alimlərimizin yaradıcılığına işıq salan belə bir müntəxəbat istər keçmiş sovetlər dövründə, istərsə də müstəqillik illərində nəşr olunmamışdır. Azərbaycan dilçilik elminin nadir inciləri toplanmış kitab ilk növbədə dilçi alimlərimizin qazandığı uğurları ehtiva edir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində işıq üzü görən kitab ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur.
Böyük zəhmət hesabına başa gələn nəşrin birinci cildi Azərbaycan dili haqqında söylənmiş fikir və mülahizələri özündə əks etdirir. Bu cild “Azərbaycan dilçiliyi tarixi: Mahmud Kaşğarlıdan I Türkoloji Qurultaya qədər” adlanır. Kitabda Mahmud Kaşğarlı, Mirzə Kazım bəy, Bəkir Çobanzadə, Əhməd Cəfəroğlu kimi məşhur alimlərimizin yaradıcılığından parçalar və ya fraqmentlər verilmişdir. Bu cilddə həmçinin I Türkoloji Qurultayın materiallarından seçmələr və qurultay haqqında alimlərimizin dəyərləndirmələri yer almışdır.
Nəşrin ikinci cildi “Azərbaycan dilçiliyi tarixi: I Türkoloji Qurultaydan XX əsrin 60-cı illərinə qədər” olan dövrü əhatə edir. Bu cilddə Məmmədağa Şirəliyev, Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Hadi Mirzəzadə, Əliheydər Orucov və digər görkəmli dilçilərimizin əsərlərindən seçmələr verilmişdir.
“Azərbaycan dilçiliyi tarixi: XX əsrin 60-cı illərindən günümüzə qədər” adlı üçüncü cilddə Ağamusa Axundov, Əlövsət Abdullayev, Tofiq Hacıyev, Aydın Ələkbərov, Yusif Seyidov, Musa Adilov, Əbdürrəhman Cavadov, Afad Qurbanov və digər müasir dilçilərimizin əsərləri işıq üzü görmüşdür.
Müntəxəbatda dilçi alimlərimiz haqqında kiçik bioqrafik məlumat verilmiş, dilçilərimizin elmə verdiyi töhfələrdən söz açılmış, seçmələrdə günümüzlə səsləşməyən fikirlərə dair şərhlər yer almışdır.
Üçcildlikdə nəzərə çarpan digər özəl cəhət ondan ibarətdir ki, hazırda yaşayıb-yaradan alimlərimizin sayı xeyli olsa da bu müntəxəbata yalnız dilçilik elminə böyük töhfələr vermiş korifey tədqiqatçılar A.Axundov, T.Hacıyev, V.Məmmədəliyev və A.Ələkbərlinin əsərləri daxil edilmişdir.
Bu dəyərli toplu akademik Ağamusa Axundovun və AMEA-nın müxbir üzvi Kamal Abdullayevin rəhbərliyi altında, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin ümumi redaktəsi ilə çap olunmuşdur.
Kitab “Azərbaycan dilçilərinin ensiklopediyası” deyildir, sadəcə olaraq Azərbaycan dilçiliyinin müntəxəbatıdır. Müntəxəbatda elmi ad və titul əsas göstərilməmiş, dilçiliyimizin tarixində özünəməxsus iz buraxmış alimlərin əsərlərindən seçmələr verilmişdir. Tərtibçilər çalışmışlar ki, görkəmli dilçilərimizdən heç kim kənarda qalmasın.
AMEA-nın müxbir üzvi, Əməkdar Elm Xadimi, professor Kamal Abdullayevin və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllinin üçcildliyə yazdıqları “Azərbaycan dilçiliyi: dünən, bu gün və sabah” başlıqlı “Ön söz”də dilimizə və dilçiliyimizə göstərilən dövlət qayğısından geniş söz açılmışdır.
Müəlliflər yazır ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Dövlət Proqramında bir sıra konkret vəzifələr müəyyən edilmişdir. Bu sənədlərə əsasən dilçilik sahəsində tədqiqatlar zamanın tələblərinə uyğunlaşdırılmalı, onlar dünya elmi, texnikası və texnologiyalarında aparıcı istiqamətlərə rəğmən müəyyənləşdirilməli, fundamental və tətbiqi tədqiqatlar mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərin həllinə yönəlməli, elmlərarası əlaqələr inkişaf etdirilməli, xüsusilə fəlsəfə, semiotika, informasiya və ehtimal nəzəriyyələri, kibernetika, habelə dilin öyrənilməsi, dil və cəmiyyət, dil və mədəniyyət kimi mühüm problemlərin tədqiqinə, tətbiqinə və tədrisinə xüsusi diqqət verilməlidir. Bütün bu işlər milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, azərbaycançılıq məfkurəsinin genişləndirilməsi kontekstində həyata keçirilməlidir. Eyni zamanda Azərbaycan mədəniyyəti, tarixi və ədəbiyyatı məsələlərinin dilçilik istiqamətində araşdırılması azərbaycançılıq fəlsəfəsinə söykənməlidir.
“Ön söz”də bir daha diqqətə çatdırılır ki, “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” Prezidentin müvafiq Sərəncamı ilə ayrılmış 2 milyon manat vəsait institutun müasir kompyuter avadanlığı ilə təmin olunmasına və bir sıra fundamental və monoqrafik əsərlərin yazılmasına təkan vermişdir. Bu dəyərli üçcildlik məhz yuxarıda qeyd olunmuş sərəncamın ən gözəl bəhrələrindəndir.
İnanırıq ki, Azərbaycan dilçilik elmi tarixində ilk dəfə nəşr edilən bu müntəxəbat hər bir oxucuda maraq doğurmaqla yanaşı, gənc tədqiqatçılar üçün əvəzsiz mənbə olacaq, Azərbaycan dilinin saflığına xidmət edən alimlərimizin yaxından tanınmasına öz töhfəsini verəcəkdir.

(AzərTAc).

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.