Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

24.5.2013

MƏSUD MAHMUDOV
Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru, professor

AZƏRBAYCANDA LATIN QRAFİKALI ƏLİFBAYA KEÇİD
TƏCRÜBƏSİ

2001-ci ilin avqustunda müstəqil Azərbaycan Respublikasının həyatında mühüm bir hadisə baş verdi. Təxminən 10 illik keçid dövründən sonra 2001-ci il avqustun 1-dən Azərbaycanda bütövlükdə və tam şəkildə latın qrafikalı yeni Azərbaycan əlifbasına keçildi. Yeni əlifbaya keçidin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində olduqca mühüm hadisə olduğunu nəzərə alaraq 9 avqust 2001-ci il tarixli Prezident Fərmanı ilə hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan olundu. O vaxtdan hər il Azərbaycan əlifbası və Azərbaycan dili günü ən əziz bayramlardan biri kimi qeyd olunur.
Azərbaycan əlifbasının, eləcə də qazax əlifbasının tarixini türk kontekstində araşdırmaq lazımdır. Arxeoloji qazıntılar zamanı eramızdan əvvəl V əsrdə hun yazıları aşkar edilmişdir. Həmin yazılar əski göytürk yazılarından qrafik cəhətdən fərqlənmir. Eramızın VI əsrinə aid tarixi mənbələrdə qədim türk əlifbası haqqında məlumatlara rast gəlinir. Müxtəlif ərazilərdə qeydə alınmış göytürk abidələri isə VII-VIII əsrlərə aid edilir. Sibirdə Orxon-Yenisey çayları ərazilərində türk sərkərdələrinin şərəfinə ucaldılmış qəbrüstü kitabələr qədim türk əlifbası ilə yazılmışdır.
Ərəb istilası dövründə İslam dini ilə bərabər ərəb qrafikası da geniş yayılmağa başladı. VII əsrdən başlayaraq tədricən bütün müsəlman dünyasında bu əlifbadan istifadə olunmağa başladı. Azərbaycanda ərəb əlifbası min ildən yuxarı istifadə olunmuş, bu qrafika ilə xeyli elmi əsər, tarixi xronika, ədəbi-bədii nümunələr yaranmışdır. Lakin, bu əlifbanın türk dillərinə, o cümlədən Azərbaycan dilinə yaramadığı danılmaz faktdır. Təsadüfi deyil ki, görkəmli Azərbaycan mütəfəkkiri, ictimai xadimi, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundov (1812-1878) hələ XIX əsrin əvvəllərində ərəb əlifbasının dəyişdirilməsi təşəbbüsü ilə uzun müddət mübarizə aparmış, lakin onun cəhdləri səmərəsiz qalmışdır. 1863-cü ildə M.F.Axundov ərəb əlifbasının dəyişdirilməsi ideyasına dəstək almaq üçün İstanbula Sədrəzəm Fuad Paşanın yanına gedir. M.F.Axundov yazırdı: «....yaxşı olar ki, ərəb əlifbasını ləğv edək. Avropa yazı üsuluna keçək, yəni soldan sağa yazaq, nöqtələri işlətməyək. Latın yazısında olduğu kimi əlifbaya sait səslər üçün hərflər də daxil edək».
«Pəncşənbə» sözü ilə bağlı M.F.Axundovun yarızarafat, yarıdoğru dedikləri onun ərəb qrafikasına münasibətini bir daha nəzərə çarpdırır: Bir gün Mirzə Fətəli işdən evə çox gec gəlmiş və arvadı bunun səbəbini soruşduqda, o, ərəb əlifbasında çoxlu nöqtə olduğuna və bunların qoyulmasına çox vaxt sərf edilməsinə işarə edərək demişdi: - Pəncşənbənin nöqtələrini qoymağa başım qarışdığından gecikdim!
Çox təəssüf ki, o nöqtələrdən yenə qurtula bilmədik.
Lakin, M.F.Axundovun bu cəhdi, sonralar isə onun yenidən bu məqsədlə İstanbula və Tehrana səfərləri heç bir nəticə vermir, onun yaratdığı əlifba layihələri həyata keçmir.
XX əsrin 20-ci illərində yeni əlifbaya keçid, ərəb əlifbasının Azərbaycan dilinə uyğunlaşdırılması məsələləri yenidən aktuallaşdı. Görkəmli türkoloq-alim, Krımtatar və Azərbaycan dilçisi, ədəbiyyatşünas, şair Bəkir Çobanzadə «Yeni yol» qəzetinə müsahibəsində məsələyə münasibətini belə ifadə edirdi: «...bütün mahiyyəti ilə dilimizə uymayan ərəb əlifbasını islah etmək çətindir. Ərəb əlifbasını islah etmək, yalnız yeni hərflər icad etmək deyil, bəlkə bütün sistemi dəyişmək məsələsidir ki, bu təqdirdə də yeni bir əlifba meydana gətirmiş oluruq. Latın əlifbası xaricdən əvvəl Azərbaycanda tam müvəffəqiyyət qazanmalıdır».
1921-ci ildə Xalq Komissarları Soveti tərəfindən Azərbaycanda Əlifba Komitəsi yaradılmışdır. 1922-ci ildə N.Nərimanovun başçılıq etdiyi xüsusi komissiya geniş müzakirələrdən sonra latın qrafikalı yeni Azərbaycan əlifbasının layihəsini mətbuatda dərc etdi. 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurası 1924-cü ildən başlayaraq, ərəb əlifbası ilə bərabər, yeni əlifbanı rəsmi olaraq dövlət əlifbası kimi qəbul etmək haqqında dekret imzaladı. 1929-cu il yanvarın 1-dən rəsmi olaraq tam şəkildə latın qrafikasına keçildi.
1939-cu ildə kiril əlifbasına keçidlə bağlı qərar verildi. 1940-cı il yanvarın 1-dən kiril əlifbası tətbiq olundu. Həmin il sentyabrın 1-dən məktəblər kirilə keçmiş oldu.
Ümumiyyətlə, əlifbanın tez-tez dəyişdirilməsi hər hansı bir mədəni xalq üçün ağır nəticələr verir. Ərəb əlifbasını dəyişməklə biz minillik tariximizdən, mədəniyyətimizdən, elm xəzinələrimizdən ayrı düşdük. Yenidən latından kirilə keçidlə 15 illik tariximizdən, yazı vərdişimizdən aralandıq. Yeni latın qrafikalı əlifbaya son keçid nəticəsində isə 70 illik tariximizdən , nəşr olunmuş bütün mədəni irsimizdən (bu, heç də az itki deyil, bütün klassik irsimiz, dünya mədəniyyəti və ədəbiyyatı inciləri kirildə artıq çap olunmuşdu) imtina etməli olduq.
1991-ci il dekabr ayının 25-də Azərbaycan Respublikasının Ali Soveti «Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında» Azərbaycan Respublikası qanununun qüvvəyə minməsi barədə qərar verdi. Bu əlifba kiçik fərqlər nəzərə alınmazsa, demək olar ki, türk əlifbası əsasında yaradılmışdır. Bu, türk xalqlarının yaxınlaşması, ortaq türk ədəbi dili, ortaq türk terminologiyası yaradılması sahəsində olduqca mühüm addımdır. Bu baxımdan vahid əlifbanın mövcudluğu zəruri şərtdir.
Yeni əlifbaya keçidin ağrısız və səmərəli olması üçün keçid dövrünün olması mühüm şərtdir. Azərbaycanda yeni əlifbaya keçid prosesi təxminən 10 il olmuşdur. İlk əvvəl olaraq orta məktəblərin birinci sinifləri yeni əlifbaya keçmiş, 10-cu sinifdə artıq yeni əlifbanı mənimsəmiş yeni nəsil yaranmışdır. Həmin ildən ali məktəblərin İ kursları yeni abituriyentləri qəbul etmiş, onlar artıq yeni qrafikalı dərsliklərdən istifadə etməyə başlamışlar. Keçid dövrü həm də zəruri ədəbiyyatın, dərsliklərin, lüğətlərin çapı baxımından zəruridir.
Azərbaycan Respublikasında Azərbaycan dilinə qayğı dövlət səviyyəsindədir və bir çox hüquqi sənədlər, Prezident sərəncamları ilə tənzimlənir. Onların ən mühümlərini nəzərdən keçirək:
- Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( H.Əliyev, 18 iyun 2001-ci il );
- Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (H.Əliyev, 4 iyul 2001-ci il);
- Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (H.Əliyev, 9 avqust 2001-ci il );
- Azərbaycan Respublikasında Dövlət dili Haqqında Azərbaycan Pespublikasının Qanunu (H.Əliyev, 30 sentyabr 2002-ci il );
- «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (H.Əliyev, 2 yanvar 2003-cü il);
- Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında (İ.Əliyev, 12 yanvar 2004-cü il );
- Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə ( İ.Əliyev, 12 yanvar 2004-cü il);
- Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Azərbycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli sərəncamı;
- Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun maddi –texniki bazasının gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 may 2012-ci il tarixli qərarı. Həmin qərarla Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan
Azərbaycan Milli Elmlər Akademiyasına bu məqsədlə 2 milyon manat vəsait ayrılmış oldu.
Bu fərman və sərəncamlarla bağlı xeyli iş görülmüş, Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlər həyata keçirilmiş, bütün zəruri ədəbiyyat çap olunmuşdur.
Ümummilli lider Heydər Əliyevin dil siyasəti onun layiqli varisi İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Krımtatar əlifbası barədə fikirlərimi bildirmək istərdim.
Hər şeydən əvvəl demək istərdim ki, mən bu əlifbanı bəyənirəm və məqbul hesab edirəm. Bu əlifbanın ən qiymətli cəhəti onun müasir türk və Azərbaycan əlifbası ilə, kiçik fərqlər nəzərə alınmazsa, eyni olmasıdır. Bu da türk xalqlarının bir-birinə yaxınlaşması, inteqrasiyası, vahid türk əlifbası, terminologiyası, orfoqrafiya, orfoepiya və qrammatikası yaradılması baxımından olduqca önəmli bir hadisədir. Məlum olduğu kimi, gələcəkdə ortaq ədəbi dil yaradılması da mühüm bir vəzifə kimi qarşıda durur, bu sahədə məsləhətləşmələr, söhbətlər aparılır, elmi konfrans və sessiyalar keçirilir.
Əlbəttə, dilçi-mütəxəssis kimi bu əlifbada məni qane etməyən məqamlar da var. Amma bu iradlarım təkcə kramtatar əlifbasına deyil, eyni zamanda latın qrafikalı türk və Azərbaycan əlifbalarına da aiddir. Əgər islahatlar aparılacaqsa, hər üç əlifbada eyni zamanda aparılmalıdır. Bunlar daha çox ç(çe), ş(şe), x(xe) hərflərinə, hərflərin üstündə qoyulan nöqtələrə və quyruqcuqlara aiddir. Əlifbada nöqtələrdən imkan dairəsində qurtulmaq, lazımdır. Yoxsa, yenə «pəncşənbə» yazmalı olarıq və vaxt itkisinə məruz qalarıq.
Ň(ñe) sonor samiti vaxtilə Azərbaycan əlifbasında da olub. Sonradan ixtisara salınıb. Fikrimizcə, ona çox da ehtiyac yoxdur və onun funksiyasını “ N” (ne) yerinə yetirir.
Krımtatar əlifbasında L(le), M(me), N(ne), R(re) kimi səslənmə formasını məqbul hesab edirəm. Azərbaycan əlifbasında bu hərflər müvafiq olaraq L(el), M(em), N(en), R(er) kimi qəbul edilmişdir.
Krımtatar əlifbasında Q(qı), Ğ(ğı) səslənmələrinin unifikasiyası da məqbul olardı.
Bütövlükdə, mən bu əlifbanı bəyənir, krımtatar və qazax xalqlarını yeni latın qrafikalı əlifbanın qəbulu münasibətilə təbrik edir, əlifba islahatları kimi çətin və ağır işdə səbir və uğurlar arzulayıram!


Türk əlifbası

A a (a)      L l (el)

B b (be)    M m (em)

C c (ce)     N n (en)

Ç ç (çe)     O o (o)

D d (de)    Ö ö ( ö)

E e (e)      P p (pe)

F f (fe)      R r (er)

G g (ge)    S s (se)

Ğ ğ (ğe)     Ş ş (şe)

H h (he)     T t (te)

I ı (ı)           U u ( u)

İ i (i)           Ü ü ( ü)

J j (je)        V v ( ve)

K k (ke)      Y y ( ye)

Z z (ze)

Əlifba 29 hərfdən ibarətdir. Bunlardan 8-i sait, 21-i samitdir.
Azərbaycan əlifbasında olan 3 hərf ( “Ə” saiti və “ X” , “Q” samitləri ) burada yoxdur.

Azərbaycan ədifbası

Aa (a)     Qq (qe)
Bb (be)    Ll (el)
Cc (ce)    Mm (em)
Çe (çe)    Nn (en)
Dd (de)    Oo (o)
Ee (e)      Öö (ö)
ƏPp (pe)
Ff (fe)      Rr (er)
Gg (ge)   Ss (se)
Ğğ (ğe)   Şş (şe)
Hh (he)    Tt (te)
Xx (xe)     Uu (u)
Iı (ı)         Üü (ü)
İi (i)         Vv (ve)
Jj (je)       Ye (ye)
Kk (ke)    Zz (ze)

Əlifba 32 hərfdən ibarətdir. Bunlardan 9-u sait, 23-ü samitdir.

Krımtatar əlifbası

Aa (a)     Qq (qı)
Bb (be)   Ll (le)
Cc (ce)   Mm (me)
Çe (çe)   Nn (ne)
Ňň(ňe)
Dd (de)   Oo (o)
Ee (e)     Öö (ö)
Pp (pe)
Ff (fe)     Rr (re)
Gg (ge)   Ss (se)
Ğğ (ğı)    Şş (şe)
Hh (he)   Tt (te)
Uu (u)
Iı (ı)         Üü (ü)
İi (i)         Vv (ve)
Jj (je)      Ye (ye)
Kk (ke)    Zz (ze)

Əlifba 31 hərfdən ibarətdir. Bunlardan 8-i sait, 23-ü samitdir. Azərbaycan əlifbasında olan «Ə» saiti və “ X” samiti burada yoxdur. “N” ilə yanaşı “Ň” –da bu əlifbada təmsil olunmuşdur. “Ň” türk və Azərbaycan əlifbalarına daxil edilməmişdir. ”H” – həm “H”, həm də “X” hərflərini əvəz edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.