Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

10.3.2013

İsmayıl Məmmədli

70 YAŞIN ZİRVƏSİNDƏ

Fəxrəddin VEYSƏLLİ

Tanınmış dilçi, görkəmli germanşünas alim, filologiya elmləri doktoru, professor Fəxrəddin Yadigar oğlu Veysəllinin anadan olmasının 70, elmi-pedaqoji fəaliyyətinin 48 ili tamam olur. Prof. F.Veysəlli 1965-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun indiki Azərbaycan Dillər Universitetini) alman-Azərbaycan dili şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Hələ tələbəlik illərindən o, Azərbaycanın mətbu orqanlarında publisistik, ədəbi-bədii, elmi yazıları ilə çıxış edərək oxucuların nəzər-diqqətini cəlb etməyə başlamışdır. Yeri gəlmişkən biz eyni ali məktəbin eyni fakültəsində oxumuşuq. Tələbəlikdən (2 il məndən qabaq bitirib) onu qabiliyyətli, istedadlı bir gənc kimi tanımışam. F.Veysəllinin qələmindən çıxan ilk publisistik və ədəbi elmi məqalələri yığcamlığı, faktlarla zənginliyi, oxunaqlı dili və üslubu ilə seçilirdi və ədəbi, təsadüfi deyil ki, həmin yazılar elmi ictimaiyyətin marağına səbəb olmuşdur. Ali məktəb illərindən sonra F.Veysəlli Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetində dövrünə görə tanınmış alim, professor L.R.Zinderin rəhbərliyi altında “Alman dilində bitkinlik intonasiyası” mövzusunda namizədlik dissertasiyasını tamamlayıb müdafiə etmiş və alimlik dərəcəsi almışdır. Gənc alim 1960-cı ilin ortalarından pedaqoji fəaliyyətə başlamış və az bir zamanda kamil, təcrübəli bir pedaqoq kimi tanınmışdır. O, Azərbaycan Dillər Universitetində müəllim, baş müəllim, dosent, kafedra müdiri, dekan və rektor vəzifələrində çalışmışdır, 2012-ci ildən isə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktorudur.
1976-77-ci illərdə Moskva Linqvistik Universitetində, 1977-78-ci illərdə isə Berlində Humbolt Universitetində “Alman dilində sait fonemlərin variativliyi (eksperimental tədqiqatlar və nəzəri ümumiləşdirmələr)” adlı doktorluq dissertasiyasını tamamlamış və müdafiə etmişdir. Respublikamızda və bütünlükdə Cənubi Qafqazda german dilləri üzrə ilk elmlər doktoru olmuşdur. Fəxrəddin müəllim, 1983-cü ildə professor elmi adını almış, bu günədək 35-dən çox filologiya üzrə fəlsəfə doktoru və filologiya elmləri doktoru hazırlamış, onlarla dərslik, monoqrafiya, dərs vəsaiti və orijinaldan tərcümələrin müəllifidir. O, T.Ştormun “İmman gölü” novellasını (“Dünya” almanaxı, 1988, № 3); Avstraliya yazıçısı Fride Hafbanerin “Toni” hekayəsini Azərbaycan dilinə tərcümə etmiş və əsərlər çap olunmuşdur. Fəxrəddin müəllim həmçinin R.O.Yakobson, M.S.Trubeskoy, F.Koseriu və F.Niçenin əsərlərini orijinaldan tərcümə edib.
Fəxrəddin müəllimin elmi yaradıcılığında sosiolinqvistika, habelə nəzəri və tətbiqi dilçiliyin bir çox məsələləri əhəmiyyətli yer tutur. “Alman dilinin fonetikası” “Fonetika və filologiya məsələləri”, “German dilçiliyinə giriş”, “Dilçiliyin əsasları” və b. kitabları alimin elmi irsi barədə dərin, aydın təsəvvür yaradır. O, dilin sosial, siyasi, elmi, qrammatik və tətbiqi məsələlərinə də aid bir sıra monoqrafiya (“Dilimiz, qeyrətimiz; qayğılarımız”, 1973; “Dil, cəmiyyət və siyasət”, 2004). və elmi məqalələr qələmə almış və elmi dövriyyəyə təqdim etmişdir. Ümumiyyətlə, F.Veysəlli xalqımıza (həm də dilçiliyimizə) elmi-nəzəri və praktiki baxımdan fayda verə biləcək əsərlər yazmağı hər zaman vacib sayan narahat və məsuliyyətli bir tədqiqatçıdır... Alimin elmi maraq dairəsinə dil və kibernetika, dil və cəmiyyət, dil və mədəniyyət kimi və s. problemlər daxildir
Prof. F.Veysəllinin 70 illik ömrünün 40 ildən çoxu əsasən Azərbaycan Dillər Universitetində və ali məktəblərdə gənc müəllim və elmi kadrların hazırlanmasına sərf olunub. Onun mühazirələrindən, dərslik və monoqrafiyalarından nəsil-nəsil gənclər elm öyrənmişdir, hazırda da öyrənməkdədir. Fəxrəddin müəllimin rəhbərliyi ilə yetişən onlarla mütəxəssislər Respublikanın elm və tədris ocaqlarında çalışmaqdadır. O, uzun illər Azərbaycan Dövlət Universitetinin doktorluq üzrə dissertasiya Şurasının üzvü olmuşdur. Hazırda AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müdafiə Şurasının sədridir.
Bütün bunlardan başqa onu da göstərmək yerinə düşərdi ki, F.Veysəllinin çox sayda elmi məqalələri Avropada, Türkiyədə və MDB məkanında çap olunub. O, Beynəlxalq Fonetika Elmləri Assosiasiyasının həqiqi üzvüdür. Ümumdünya alman dili müəllimlərinin qurultaylarında məruzələrlə çıxış edib, 2009-cu ildən Almaniya Germanistlər Birliyinin üzvüdür.
Sözümün sonunda demək istərdim ki, prof. F.Veysəlli bir insan ömrü müddətində nə etmək mümkün olardısa, hamısını reallaşdıra bilən xoşbəxt bir insandır, həmişə fəal olan elm adamıdır, ziyalıdır, müəllimdir, rəhbərdir.
Hörmətli Fəxrəddin müəllim! Mən sizi 70 yaşınız münasibəti ilə təbrik edir, Sizə uzun ömür, cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.