Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.11.2016

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

   Noyabrın 11-də AMEA-nın Əsas binasında Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

   Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, nəcib insani keyfiyyətlərə malik alim qədim dövr ədəbiyyatımızın və əlyazmaların öyrənilməsi, onların ədəbi dil xüsusiyyətlərinin tədqiq edilməsində əvəzsiz xidmətlər göstərib: “Alimin orta əsr və qədim dövr əlyazmaları əsasında yaratdığı sanballı əsərlər Azərbaycanın müstəqillik dövrü milli tərcümə sənəti konsepsiyasını hazırlamaq üçün çox əhəmiyyətli və nadir mənbələrdir. Sonra qeyd edib ki, Azərbaycan cəmiyyəti M.Nağısoylunu mətinşünas alim kimi tanıyır. O, namizədlik və doktorluq dissertasiyalarında dilçilik indeksilə müdafiə etmişdir. M.Nağısoylunun əlyazmalarla bağlı tədqiqat işlərində dilçilik məsələləri dominantlıq təşkil edir. M.Nağısoylu eyni zamanda ölkəmizdə tərcümə tarixi üzrə olan çox azsaylı tanınmış mütəxəssislərdən biridir. Möhsün Nağısoyliya möhkəm cansağlığı və elmi yaradıcılıq uğurları arzulayırıq”.

   Yazılı abidələrimizin görkəmli tədiqatçısı” mövzusunda məruzə ilə çıxış edən filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov yubilyarın elmi fəaliyyətinin müxtəlif dövrlərində gördüyü işlərdən danışıb. Bildirib ki, görkəmli şərqşünas –mətinşünas alim kimi tanınan professor Möhsün Nağısoylu Əlyazmalar İnstitutunda işlədiyi 44 il müddətində özünə qarşı tələbkar elmi işçi, səmimi insan, zəhmətkeş və təvəzökar alim kimi kollektivin hörmətini qazanmış. gənc elmi kadrların hazırlanmasında əməyini əsirgəməmişdir. Alim Əlyazmalar İnstitutunda işlədiyi müddət ərzində farsdilli və türkdilli əlyazmalar əsasında dəyərli elmi araşdırmalar aparıb: “Bu araşdırmalar nəticəsində XV-XVI əsrlər Azərbaycan tərcümə əsərlərinin əlyazmaları filoloji cəhətdən tədqiq edilib, onlardan ikisi – “Gülşəni-raz”, “Hədisi-ərbəin” ilk dəfə elmi ictimaiyyətə təqdim olunub, bir neçəsinin mətni nəşrə hazırlanıb”. Professor Möhsün Nağısoylunun əsas tədqiqat obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi kimi klassik ədəbiyyatımızın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir.

   Professor Sayalı Sadıqova isə “Görkəmli şərqşünas alim” adlı məruzəsində qeyd edib ki, Möhsün Nağısoylu Azərbaycan filologiyasında öz yeri, öz sözü olan ziyalı alimlərimizdəndir. 33 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisi olan M.Nağısoylu tərcümə sahəsində zəngin təcrübəyə malikdir. Şərqşünas-türkoloq alimin kitabları sırasında “Orta əsrlərdə Azərbaycan tərcümə sənəti” adlı monoqrafiyası xüsusilə qeyd olunmalıdır.Möhsün Nağısoylunu bir tədqiqatçı alim kimi səciyyələndirdikdə hər şeydən öncə xalqımızın mənəvi sərvəti olan əlyazmalar – qədim və orta əsrlərin bu əvəzsiz yazılı abidələri yada düşür. Mənalı ömrünün böyük bir hissəsini – düz qırx beş ilini yazılı abidələrə həsr etmiş və bu sahədə görkəmli bir tədqiqatçı kimi ədəbi məktəb yaratmış, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyini təbrik edir, bu istedadlı ,zəhmətkeş ali-mə, qayğıkeş insana yeni-yeni yaradıcılıq uğurları, möhkəm cansağlığı arzu edirik.

   Sonra Nəsimi adına Dilçilik İnstitutunun elmi işlərüzrə direktor müavini dosent Baba Məhərrəmli “Möhsün Nağısoylunun dilçilik fəaliyyəti” mövzusunda çıxış edib. B.Məhərrəmli vurğulayıb ki, 70 il şərəfli alim ömrü yaşayan, həyatının 45 ili AMEA ilə bağlı olan, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu əsl elm fədaisi, dərin zəka sahibi, zəhmətkeş alimdir. Artıq bir ilə yaxındır Möhsün müəl-limlə bir kollektivdə çiyin-çiyinə çalışırıq. Professor Möhsün Nağısoylunun dilçilik fəaliyyəti çoxsahəli və geniş spektrlidir. Onun elmi yaradıcılığı türkologiya, əlyazmalar, mətnşünaslıq, tərcüməçilik, dil tarixi, lüğətçilik kimi sahələri əhatə edir.

   Həmçinin B.Məhərrəmli qeyd edib ki, ən yüksək zirvələr fəth olunmaq üçündür. Möhsün Nağısoylu həyatının ən ucqar zirvəsini artıq fəth etmişdir. Səmimi insan, təvazökar alim, zəhmətkeş ziyalı olan Möhsün Nağısoylunun adının mənasında da “yaxşılıq edən” anlamı var. Allah belə insanları daima mükafatlandırır. Möhsün müəllimin 70 yaş münasibətilə təbrik edirəm, arzu edirəm ki, bu yubileylər onun həyatında davamlı olsun, daima sağlam canla və sağlam ruhla elmimizə, millətimizə xidmət etsin.



   Tədbirdə çıxış edənlər - Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, akademik Vasim Məmmədəliyev,xalq şairi Nəriman Həsənzadə və digərləri alimin həyat və yaradıcılığından, Azərbaycan dilçilik və mətnşünaslıq elminə verdiyi töhfələrdən, yüksək insani keyfiyyətlərindən bəhs ediblər. Tədbirdə “Elm üçün yaradan,vətən üçün yanan alim ömrü”adlı sənədli film nümayiş olunub.

  Sonda Möhsün Nağısoylu akademiya rəhbərliyinə və tədbir iştirakçılarına göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.


İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri: dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.