Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters

10.4.2013

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmişdir.

1. Giriş

Bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılmışdır. Eyni zamanda elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.
Respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, Azərbaycan Respublikası Prezidentinin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli 506 nömrəli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli 552 nömrəli fərmanları, eləcə də “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu və dil siyasəti sahəsində normativ hüquqi aktlar, həmçinin digər tədbirlər Azərbaycanda dilçilik sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 12 yanvar tarixli 55 nömrəli və “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli sərəncamlarına əsasən latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğətlər və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olmuşdur.
Eyni zamanda, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və azərbaycançılıq məfkurəsi əsasında hərtərəfli inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi, o cümlədən dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması dövrün tələbi olaraq qalır.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli 2236 nömrəli və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 2012-ci il 29 may tarixli 2240 nömrəli sərəncamları ölkədə dil siyasətinin uğurla həyata keçirilməsində mühüm fəaliyyət sənədləridir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) həmin sərəncamlardan irəli gələn məsələlərin həllinə yönəlmişdir və 2013–2020-ci illər ərzində bu istiqamətdə zəruri tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

2. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

3.1. Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
3.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun inkişafı, qorunması, elektron məkanda daha geniş istifadəsi və ölkədə dilçiliyin inkişaf etdirilməsi mexanizminin yaradılması;
3.1.2. dilçilik sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təkmilləşdirilməsi;
3.1.3. dünya dilçilik elminin müasir inkişaf meyillərini nəzərə almaqla, elmi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
3.1.4. dilçilik sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə əməkdaşlığın inkişaf etdirilməsi;
3.1.5. dilin inkişafı və tədrisi məsələlərinin uzlaşdırılması və təkmilləşdirilməsi;
3.1.6. dilçi alimlərin müasir informasiya və kommunikasiya texnologiyalarının yaradılmasında iştirakının təmin edilməsi;
3.1.7. dil (ədəbi dil) və mədəniyyət tarixinin daha əsaslı tədqiqini təmin etmək üçün qədim dillərin tarixinin öyrənilməsi;
3.1.8. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
3.1.9. dil və nitq mədəniyyətinin yüksəldilməsi;
3.1.10. Azərbaycan dilinin lüğət tərkibinin və qrammatik normalarının sistemləşdirilməsi;
3.1.11. Azərbaycanda dil situasiyalarının və dil əlaqələrinin öyrənilməsi.

4. Gözlənilən nəticələr

4.1.Dövlət Proqramının yerinə yetirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:
4.1.1. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafının dövlət səviyyəsində təmin olunması;
4.1.2. dünya dilçilik elminin müasir inkişaf meyilləri nəzərə alınaraq, Azərbaycan Milli Elmlər Akademiyasında və respublikanın digər elmi müəssisələrində, ali məktəblərində aparılan fundamental və tətbiqi tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
4.1.3. dilçiliyin inkişafı sahəsində fəaliyyət göstərən elmi müəssisə və qurumların maddi-texniki bazasının möhkəmləndirilməsi;
4.1.4. Azərbaycan dilinin və dilçilik elminin inkişafı ilə bağlı qısamüddətli və uzunmüddətli kompleks elmi proqramların işlənilib həyata keçirilməsi;
4.1.5. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi;
4.1.6. qədim dillərin öyrənilməsi sahəsində dönüş yaradılması və müasir dünya dilçiliyinin nəzəri səviyyəsinə uyğun elmi tədqiqatlar aparılması işinin gücləndirilməsi;
4.1.7. dilçilik sahəsində ixtisaslı kadrların hazırlıq səviyyəsinin yüksəldilməsi;
4.1.8. dünyanın aparıcı mərkəzləri ilə beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, dilçiliyin aktuallıq kəsb edən müxtəlif problemlərinə dair birgə tədbirlərin həyata keçirilməsi;
4.1.9. Azərbaycan dilinin dövlət dili kimi inkişafı, tədrisi, lüğət ehtiyatının zənginləşdirilməsi, qrammatik quruluşunun qorunması, söz yaradıcılığı prosesinə nəzarətin gücləndirilməsi və nitq mədəniyyəti sahəsində kompleks tədbirlərin həyata keçirilməsi;
4.1.10. dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi;
4.1.11. mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi;
4.1.12. elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi;
4.1.13. reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi;
4.1.14. Azərbaycan dilini öyrənən xarici vətəndaşlar və xarici dil öyrənmək istəyən azərbaycanlılar üçün tədris vəsaitlərinin daha intensiv hazırlanmasının təmin olunması;
4.1.15. Azərbaycan dilinin düzgün işlənilməsində çevikliyin təmin olunması üçün müvafiq internet resurslarının yaradılması;
4.1.16. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması sahəsində işlərin görülməsi.

5. Dövlət Proqramının maliyyələşdirilməsi

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının dövlət büdcəsində müvafiq dövlət qurumlarının xərclər smetasında elmi tədqiqatların aparılması üçün nəzərdə tutulmuş vəsaitlər, büdcədənkənar vəsaitlər, qrantlar, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Dövlət Proqramının icrasına dair Tədbirlər Planı

Tədbirin adı
İcraçılar
İcra müddəti
(illər üzrə)
6.1. Normativ hüquqi bazanın təkmilləşdirilməsi
6.1.1.Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması
Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi
2013-2015
6.1.2. Azərbaycan dilinin tədrisi metodikasının təhsilin bütün pillələri üzrə yeni standartlarının hazırlanması
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
2013-2015
6.1.3. Qloballaşma dövrünün tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi
Azərbaycan Milli Elmlər Akademiyası
2013
6.1.4. Milli transliterasiya standartlarının hazırlanması
Azərbaycan Milli Elmlər Akademiyası
2013-2014
6.1.5. Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılması
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi,
yerli icra hakimiyyəti orqanları
2013-2014
6.2. Azərbaycan dilinin tədrisinin genişləndirilməsi
6.2.1. Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərində əcnəbi vətəndaşlar, diaspor nümayəndələri və digər maraq göstərən şəxslər üçün təsərrüfathesablı Azərbaycan dili kurslarının yaradılmasına dair təkliflərin hazırlanması
Xarici İşlər Nazirliyi,
Təhsil Nazirliyi,
Azərbaycan Milli
Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi,
Diasporla İş üzrə
Dövlət Komitəsi
2015
6.2.2. Ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə “Nitq mədəniyyəti” fənninin tədris olunmasının təmin edilməsi
Təhsil Nazirliyi
6.2.3. Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
mərkəzi və yerli icra hakimiyyəti orqanları,
Mətbuat Şurası,
Milli Televiziya və Radio Şurası
6.3. Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi
6.3.1. Ölkədə tədrisin digər dillərdə aparıldığı ümumtəhsil müəssisələrində dövlət dilinin tədrisinin təmin edilməsi
Təhsil Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası
mütəmadi
6.3.2. Ölkədə qədim dünya dillərinin və qədim mədəniyyətlərin öyrənilməsi üçün yeni layihələrin hazırlanması və həyata keçirilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi
6.3.3. Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi
2013-2020
6.3.4. Azərbaycan dilinə daxil olan yeni elementlərin öyrənilməsi, sistemləşdirilməsi və tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
6.3.5. Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Xarici İşlər Nazirliyi,
Diasporla İş üzrə Dövlət Komitəsi
6.3.6. Qloballaşma şəraitində Azərbaycanda dil situasiyasının və dillərin qarşılıqlı əlaqəsinin öyrənilməsinin intensivləşdirilməsi
Azərbaycan Milli Elmlər Akademiyası
6.3.7. Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarət edilməsi
İqtisadi İnkişaf Nazirliyi,
Dövlət Gömrük Komitəsi,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
6.3.8. Küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin normalarının pozulması hallarının qarşısını almaq məqsədilə zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Mədəniyyət və Turizm Nazirliyi,
Əmlak Məsələləri Dövlət Komitəsi,
yerli icra hakimiyyəti orqanları və bələdiyyələr
2013-2015
6.3.9. Milli transliterasiya standartları əsasında Azərbaycan əlifbasından digər əlifbalara transliterasiyanı həyata keçirən proqram təminatının hazırlanması
Azərbaycan Milli Elmlər Akademiyası,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2014
6.4. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi
6.4.1. Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2015
6.4.2. Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2020
6.4.3. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
6.4.4. Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılan əlyazmalardan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası”nın və internet portalının yaradılması
Azərbaycan Milli Elmlər Akademiyası,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2015
6.4.5. Beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi,
Azərbaycan Milli Elmlər Akademiyası
2013-2015
6.4.6. Azərbaycan dilində antiplagiat sistemin yaradılması
Azərbaycan Milli Elmlər Akademiyası,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
Müəllif Hüquqları Agentliyi
2013-2016
6.4.7. Azərbaycan dilinin daha geniş istifadəsinin təmin edilməsi üçün internet texnologiyalarının, maşın tərcüməsi sistemlərinin və digər müasir tətbiqi linqvistik texnologiyaların yaradılması və inkişaf etdirilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
2013-2020
6.5. Azərbaycan dilinin kütləvi informasiya vasitələrində təbliği
6.5.1. Kütləvi informasiya vasitələrində dövlət dilinin təbliğinin gücləndirilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası
6.5.2.
Televiziya və radio verilişlərində, yazılı və elektron mətbuatda Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasını təmin etmək məqsədilə teleradio şirkətləri və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası,
Təhsil Nazirliyi
6.5.3. Teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün bədii şuraların yaradılması
Milli Televiziya və Radio Şurası
2013
6.5.4. Qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə seminarlar, dəyirmi masalar, konfranslar, televiziya və radio verilişlərinin təşkil edilməsi
Azərbaycan Milli Elmlər Akademiyası,
Təhsil Nazirliyi,
Milli Televiziya və Radio Şurası,
Mətbuat Şurası

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.