Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
1.3.2013

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatda Dilçilik İnstitutundan da danışılıb

Yanvarın 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük akt zalında Humanitar və İctimai Elmlər Bölməsinin 2012-ci il üçün hesabatına həsr olunmuş iclas keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Rəyasət Heyətinin böyük akt zalının foyesində Bölmə institutlarının hesabat ilində əldə etdikləri elmi nailiyyətləri əks etdirən sərgi ilə tanış olmuşlar.
AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Kamal Abdullayev Bölmə institutlarının 2012-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə İ.Nəsimi adına Dilçilik İnstitutunun ötənilki fəaliyyəti haqqında da bilgi verilmişdir. İnstitutmuzla bağlı hissəni təqdim edirik.

***

İ.Nəsimi adına Dilçilik İnstitutunun on şöbəsində "Azərbaycan dilinin qaynaqları və inkişaf tarixi" istiqaməti, 6 problem, 14 mövzu, 24 iş, 1 mərhələ üzrə elmi-tədqiqat işləri aparılmışdır.
Nəsimi adına Dilçilik İnstitutu dövlət dili kimi fəaliyyət dairəsi günbəgün genişlənən Azərbaycan dili və bütövlükdə dilçiliklə bağlı kompleks elmi tədqiqatları özündə birləşdirir. Oturuşmuş elmi ənənələri olan, yaxın və uzaq xaricdə yaxşı tanınan Dilçilik İnstitutunda Azərbaycan ədəbi dili, Azərbaycan dilinin tarixi, dialekt və şivələri, nitq mədəniyyəti, terminologiya, Azərbaycanda yaşayan azsaylı xalqların dilləri və onların Azərbaycan dili ilə qarşılıqlı əlaqələri, türk dilləri, nəzəri və tətbiqi dilçilik problemləri tədqiq edilir və çeşidli lüğətlər tərtib edilir.
2006-2012-ci illərdə Türk dilləri şöbəsinin kollektivi tərəfindən icra edilmiş "Türk dillərinin fonetika, qrammatika, leksika və frazeologiyası, onun psixolinqvistik məsələlərinin tədqiqi" mövzusu institutun mühüm nəticələrindəndir. Tədqiqat işində türk dillərinin fonetika, qrammatika, leksika və frazeologiyası məsələləri tədqiq olunur. Fonetika və qrammatika hissəsində türk dillərinin fonetik quruluşu, fonetik tərkibi, səs keçidlərinin qanunauyğunluqları, ahəng qanunu və fonetik hadisələr, ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar tarixi-müqayisəli aspektdə araşdırılmış, söz köklərinin etimoloji təhlili aparılmış, dilin bütün qatlarına nüfuz edən söz yaradıcılığı prosesi tədqiq edilmişdir.
Osmanlı qaynaqları Tarix və Şərqşünaslıq institutlarında olduğu kimi, Dilçilik İnstitutunda da tədqiqata cəlb edilmişdir. "XVI-XVIII əsrlər Osmanlı qaynaqlarında Azərbaycan onomastik vahidlərinin linqvistik təhlili" adlı işin də (icraçı: kollektiv, 20 m.v.) XVI-XVIII əsrlər Osmanlı qaynaqlarının Azərbaycan tarixi, etnoqrafiyası və dilçiliyi ilə bağlı maraqlı faktlarla zəngin olan etibarlı mənbələrdən olması sübut edilmişdir.
Ötən illərdə olduğu kimi, bu il də əməkdaşların dialektoloji fəaliyyətləri davam etdirilmişdir. Prezident sərəncamında qoyulan tələblərin icrası məqsədilə dilimizin butün dialekt və şivələri ilə yanaşı, İraq ərazisində, Gürcüstan Respublikasında, Dağıstan və Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dil xüsusiyyətləri əsasında "Azərbaycan dili dialekt və şivələrinin leksikası (etnolinqvistik təhlil və ümumiləşdirmə)" mövzusu üzrə 16 m.v. həcmində "Azərbaycan dili dialekt və şivələrinin terminoloji leksikası (etnolinqvistik təhlil və ümumiləşdirmə)" adlı iş (icraçı: Dialektologiya şöbəsinin kollektivi) yerinə yetirilmişdir.
Lüğətlərin hazırlanması sahəsində institutda gedən ənənəvi işlər bu il də davam etmişdir. "İkidilli tərcümə lüğətlərinin tərtibi" mövzusu üzrə bu il "Azərbaycanca-latınca lüğət" tərtib edilmişdir (icraçı: Lüğətçilik şöbəsinin kollektivi). Lüğət 12000-dən artıq söz və ifadəni əhatə edir. Bu lüğət qədim dillərdən olan latın dilini öyrənmək istəyən azərbaycanlılara kömək məqsədi ilə tərtib olunmuşdur. Lüğətdə elmi terminlər (bu gün latın dili ölü dillər sırasında olsa da, əksər elm sahələrində, tibdə, siyasətdə və s.) daha çox üstünlük təşkil edir. Eyni zamanda ümumişlək sözlər və dövrü üçün tarixi həqiqətləri özündə cəmləşdirən söz və ifadələr bu lüğətin sözlüyünə daxil edilmişdir. 16 m.v. həcmində olan iş tamamlanmışdır.
Dil haqqında ölkə Prezidentinin Sərəncamından irəli gələn "Azərbaycan dilinin internet məkanında işlənməsinin tətbiqi-linqvistik problemləri" mövzusunda "Azərbaycan dili üçün paralel ikidilli və çoxdilli mətn korpuslarının yaradılması" adlı iş də (icraçı: t.ü.f.d.. Ə.Fətullayev) institutun nailiyyətlərindəndir.
Hesabat ilində institutun uğurları nəşrləri sırasında fil.ü.e.d.Məhəbbət Mirzəliyevanın gərgin əməyi nəticəsində ərsəyə gəlmiş V.Aslanovun "Azərbaycan dilinin tarixinə dair tədqiqlər" (3 cilddə. III c., Bakı, "Nurlan", 2012, 182 s.), fil.ü.e.d., prof. F.Veysəlli, S. Mustafayevanın tərcüməsində S.Potterin "Dilimiz" (Bakı, "Elm və təhsil", 2012, 224 s.) əsərlərini qeyd etmək olar.
2012-ci ildə beynəlxalq miqyaslı "Türkologiya" jurnalının da 2 sayı dərc olunmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.