Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
Eksperimental Fonetik Araşdırmalar Laboratoriyası
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
DİLÇİLİYİN İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMINDA NƏLƏR OLACAQ?
2012-06-14
Sayalı Sadıqova
Fəxrəddin Veysəlli
Gülnarə Nəbibəyova

Prezident İlham Əliyevin mayın 23-də imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamın icrası məqsədilə yaradılmış işçi qrupu iyulun 31-nə qədər öz təkliflərini hazırlayıb təqdim etməlidir.

İşçi qrupuna Milli Elmlər Akademiyasının, akademiyanın Naxçıvan bölməsi və Gəncə Regional Elmi Mərkəzinin, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Dillər Universitetinin mütəxəssisləri, Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin nümayəndələri daxildir.

İşçi qrupunun ilk iclası iyunun 6-da Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsində keçirilib.

Qrupun üzvləri dövlət proqramının hazırlanması üçün hansı təklifləri irəli sürməyi planlaşdırır? İyunun 14-də “Media forum” saytı bu suala aydınlıq gətirmək üçün Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlliyə, institutun terminologiya şöbəsinin müdiri Sayalı Sadıqovaya və Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova müraciət edib.

Professor Fəxrəddin Veysəlli bildirib ki, iyulun 31-nə qədər təklifləri hazırlayıb təqdim etmək üçün qrupun üzvləri fəaliyyətdədir: “Bu proses başlanıb. İyunun 6-da keçirilən iclasda hər kəsin üzərinə konkret vəzifələr qoyulub. İyulun 31-nə qədər işçi qrupu həmin vəzifələrdən irəli gələn işləri həyata keçirəcək, dövlət proqramında əks olunmasını zəruri hesab etdiyi məsələlərə dair təkliflərini təqdim edəcək. Bizim təkliflərimizə Nəsimi adına Dilçilik İnstitutunda struktur dəyişikliklərinin edilməsi, dilçiliyin inkişafına dair konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, fundamental və tətbiqi tədqiqatlar, internet şəbəkəsinin geniş şəkildə istifadəsi ilə bağlı məsələlər daxildir. Bütün bu sadalananlar institutda müzakirə olunub və təkliflər siyahısına daxil edilib”.

Professor Sayalı Sadıqova Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının yaradılması üzrə təkliflər hazırladığını deyib: “Təqdim olunacaq tədbirlərin həyata keçirilməsi zəruridir. Terminologiya komissiyası təzə yaradılmır, belə bir komissiya Milli Elmlər Akademiyasının Rəyasət Heyəti yanında fəaliyyət göstərib. Həmin fəaliyyətin davamı olaraq, əvvəlki təcrübədən bəhrələnməklə ölkədə elmi dilin inkişafı təmin edilməlidir. Dilimizin lüğət tərkibində işlənən sözlərin tənzimlənməsi, yeni formaya salınması üçün xüsusi terminologiya şöbələri yaradılmalı, müxtəlif sahələrlə bağlı terminoloji lüğətlər hazırlanmalıdır.

Terminologiya Komissiyasının internet səhifəsinin təkmilləşdirilməsi ilə bağlı təklif irəli sürüləcək. Dil daim inkişafda olduğuna görə portalın təkmilləşdirilməsi, yenilənməsi davam etdirilməlidir.

Terminologiya Komissiyasının fəaliyyətinin mühüm bir sahəsini terminlərin kütləvi informasiya vasitələrində, nəşriyyatlarda, idarə və təhsil müəssisələrində düzgün tətbiqinə nəzarət etməkdir. Bu nəzarət daha da gücləndirilməli və praktik işin aparılması üçün Terminologiya Komissiyasının hüquqi nəzarət mexanizmi müəyyənləşdirilməlidir.

Türkdilli ölkələrin ortaq terminologiyasının yaradılması maraqlı məqamlardandır. Hazırda bütün türk dilləri Avropa dillərindən terminlər alır. Bu terminlərin sabit bazada yerləşdirilməsi, standartlaşması üçün internet məkanında əlaqə yaradılmalıdır, hansı terminlərin qəbul edilməsi müzakirə olunmalıdır. Bu, gələcək ortaq terminologiya üçün ilkin bünövrə olmalıdır.

Ölkədə bütün dərsliklər Terminologiya Komissiyasının nəzarəti altında nəşr edilməlidir. Əvvəllər də belə olub. Ümumiyyətlə bir sıra əvvəlki işlər davam etdirilməlidir.

2001-ci ildən YUNESKO-nun xətti ilə Beynəlxalq Terminologiya Mərkəzinin şəbəkəsi yaradılıb. Müəyyən səbəblərdən həmin şəbəkəyə qoşulmamışıq. Azərbaycanda yaradılacaq terminoloji saytların bu şəbəkəyə qoşulması terminoloji lüğətlərin inkişafı istiqamətində addım olmaqla bərabər, təcrübə mərkəzlərinin fəaliyyəti üçün də istiqamət verəcək. Dilimizi dünya səviyyəsində, beynəlxalq standartlara uyğun inkişaf etdirmək istəyiriksə, bu şəbəkəyə qoşulmalıyıq”.

Milli Elmlər Akademiyasının www.science.az portalının yeni versiyasının və İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytının layihəsinin yaradıcılarından olan Gülnarə Nəbibəyova bildirib ki, işçi qrupu gələn həftə növbəti yığıncağını keçirəcək. Yığıncaqda dövlət başçısının “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamının icrası üçün təqdim olunacaq təkliflər müzakirə ediləcək: “Elektron sahə ilə bağlı bütün təşəbbüsləri məhz İnformasiya Texnologiyaları İnstitutu irəli sürəcək. İnformasiya Texnologiyaları İnstitutunun təqdim edəcəyi təkliflər sırasında elektron hökumətin yaradılması əsas götürülərək, daha çox bu sahədə mövcud problemlərin həlli əksini tapacaq. Burada müxtəlif internet resurslarının əhəmiyyətli fəaliyyətinin təkmilləşdirilməsi, tələb olunan sahə üzrə inkişafı, keyfiyyətinin yüksəlməsi, sayının artırılması, elektron lüğətlərin hazırlanması kimi məsələlər ön plana çəkiləcək”.

"Media forum"

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.