Dilçilik İnstitutunda Zəfər Günü qeyd olunub

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Professor bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” sözləri xalqımızın müqəddəs Vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. Azərbaycan Ordusu 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə tamamlayaraq Şanlı Zəfər qazandı. İyirmi səkkiz illik həsrət Qələbə ilə sona çatdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz düşməni məhv edərək torpaqlarımızdan qovub çıxardı. Sözsüz, tarixi Qələbəmiz şəhidlərimizin, qazilərimizin qanı, canı hesabına savaş meydanında qazanıldı.
Sonra institutun icraçı direktoru dosent Baba Məhərrəmli, professor İlham Tahirov, İlhami Cəfərsoy əsgər və zabitlərimizin Vətən müharibəsi zamanı böyük vətənpərvərlik, fədakarlıq və igidlik nümunəsi göstərdiklərini vurğulayıb, işğaldan azad olunmuş torpaqlarımızda geniş abadlıq və quruculuq tədbirlərinin həyata keçirildiyini qeyd ediblər.
İnstitutun aparıcı elmi işçisi dosent Təranə Şükürlü bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.