28 oktyabrda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi
adına İnstitutunda “Şuşa ili”ilə bağlı Elmi sessiya keçirilib.
Elmi sessiya Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin
“Şuşa İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
Professor Nadir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinə Azərbaycanın Mədəniyyət Paytaxtı
statusu verilməsi də tarixi reallığın və obyektiv gerçəkliyin ifadəsidir. Mədəniyyət
paytaxtı Şuşanın bərpasına və yenidən qurulmasına, ilk növbədə, mədəniyyət
tədbirləri – “Xarıbülbül” Musiqi Festivalı və Molla Pənah Vaqifin məqbərəsinin
açılması ilə başlanılması, ilk açılışlardan biri kimi məhz məşhur xanəndə Bülbülün
ev muzeyinin olması qədim şəhərin bazasında XXI əsrin möhtəşəm mədəniyyət
şəhərinin salınacağından xəbər verir.
Tədbirdə filologiya elmləri doktoru, dosent İlhami Cəfərsoy – “Şuşa Troya
dövründə”, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Elçin İsmayılov – “XIX əsr
Şuşa ədəbi mühitinin dil xüsusiyyətləri”, Zamiq Təhməzov – “Qarabağın
etnotoponimləri”, Qurban Bayramov – “Natəvan haqqında bildiklərimiz və
bilmədiklərimiz”, Qüdsiyyə Qəmbərova “Azərbaycan dilinin dialektologiya
şöbəsinin Şuşa ilinə töhfəsi” adlı məruzələrlə çıxış etmişlər. Bildirilib ki, əsası
1752-ci ildə Pənahəli xan tərəfindən qoyulmuş bu şəhər Azərbaycan memarlığının
şah əsərlərindən biridir. Şuşadakı məscidlər, şərq üslubunda tikilmiş çoxsaylı evlər,
tarixi Şuşa qalası, daş məhəllələr, bulaq-abidələr milli xüsusiyyətlərə malik olan
Azərbaycan memarlığının nadir əsərləridir. Otuz ilə yaxın işğal dönəmindən sonra
Şuşa öz azadlığına, ruhsal bütövlüyünə qovuşmaqdadır.
Şrifti böyüt:
Çap et