“Kitabi-Dədə Qorqud”un urdu dilində nəşrinin təqdimatı keçirilib

Şrifti böyüt:
Çap et

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Kitabi-Dədə Qorqud”un Pakistanda urdu dilində nəşrinin təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk, Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, AMEA-nın müxtəlif institutlarının baş direktorları və bir çox ziyalılar iştirak ediblər.
Təqdimatı giriş sözü ilə akademik İsa Həbibbəyli açaraq Ədəbiyyat İnstitutu ilə Pakistan Ədəbiyyat Akademiyası arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin konkret layihələr üzrə uğurla davam etdirildiyini diqqətə çatdırıb. Akademik bu günə qədər çap olunmuş kitablar, keçirilmiş konfranslar, əməkdaşlıq müqavilələri, müxtəlif tədbirlər barəsində ətraflı məlumat verib: “Pakistan nümayəndə heyətini Gəncəyə, Nizami Gəncəvinin vətəninə aparmışıq. Müəyyən səbəblərdən hələ də Pakistanda Nizami Gəncəvini həm Azərbaycan, həm fars şairi kimi tanıyırlar. Biz bunun səbəbini başa düşürük. Sovet ittifaqı ilə Pakistan arasında “dəmir pərdələr” olub. Azərbaycan Nizami Gəncəvi haqqında həqiqətləri Pakistana çatdıra bilməyib. Nizami Gəncəvi haqqında məlumatlar bütün dünyaya, o cümlədən Pakistana İran vasitəsilə daxil olub. Siz də bilirsiniz ki, qədim və orta əsrlərdə fars dilində yazmaq ənənə idi. Hindistanda Əmir Xosrov Dəhləvi də farsca yazıb. Biz artıq sizinlə “Kitabi-Dədə Qorqud” layihəsini başa çatdırdıq. Bunun üçün sizə dərin minnətdarlığımı bildirirəm. İstərdim ki, ikinci layihəmiz Nizami Gəncəvi olsun. Biz əminik ki, qardaş Pakistan xalqı Nizami Gəncəvinin hansı xalqa mənsub olduğunu dünyaya göstərməkdə tərəddüd etməyəcək. Yayda “Kitabi-Dədə Qorqud”un urdu dilində çapı ilə bağlı təklif etdik. Professor Yusuf Kuşkun böyük səyləri ilə “Kitabi-Dədə Qorqud” ilk dəfə urdu dilində çap olunub. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli kimliyidir. Pakistan xalqı “Kitabi-Dədə Qorqud”u urdu dilində oxumaqla Azərbaycanı incəliklərinə qədər tanıyacaq. Bu iş Pakistan-Azərbaycan əlaqələrinə misilsiz töhfədir. Akademiyanın prezidenti kimi ilk tədbiri “Kitabi-Dədə Qorqud”a həsr etdik. Həm də ilk tədbirimizdə Azərbaycanı dövlət kimi ilk tanıyan Türkiyənin və Pakistanın nümayəndələri iştirak edir. İlk tədbiri Ədəbiyyat İnstitutunda keçirməyimiz də bir tarixdir”.
Sonra çıxış edən Pakistan Ədəbiyyat Akademiyasının prezidenti, professor Yusuf Kuşk eposun urdu dilində nəşri haqqında ətraflı məlumat verib. Qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Pakistandakı səfiri bizə çox kömək edir, əlaqələrimizin inkişafı istiqamətində səy göstərir: “Azərbaycan yazıçıları üçün Pakistan yazıçıları yad deyillər və ya əksinə. Pakistan Ədəbiyyat Akademiyası Pakistanda yenidən Azərbaycan ədəbiyyatının seçilmiş əsərlərini urdu dilində çap etdirib. Bununla belə bu kitab Azərbaycan ədəbiyyatının urdu dilinə tərcüməsi baxımından çox böyük inkişafdır. Ən vacib məqam odur ki, kitab Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayı ərəfəsində çap olunub. “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın ən qədim dastanıdır və ilk dəfədir ki, urdu dilinə tərcümə edilib”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə çıxışında bildirib ki, akademik İsa Həbibbəylinin ədəbiyyat tariximizə tamamilə yeni baxışdan yanaşması və bunu əməli işdə göstərməsi, “Kitabi-Dədə Qorqud”la ədəbiyyat tariximizin başlaması dönüş nöqtəsidir və bu da onun xidmətidir.
Təqdimatda, həmçinin Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Məhərrəm Qasımlı, Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Bəsirə Əzizəliyeva, professorlar Qəzənfər Paşayev, Əsədulla Qurbanov və “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.
Tədbirdə professor Nadir Məmmədli " Kitabi-Dədə Qorqud dünya tərcüməsində" adlı məruzə ilə çıxış etmişdir.