AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Süni intellekt və kompüter dilçiliyi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Könül Həbibova 23 oktyabr 2026-cı il tarixində XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində ICESCO-nun Bakı Regional Ofisinin pavilyonunda keçirilən “From Books to Artificial Intelligence: Transformations in Language and Knowledge” (“Kitabdan süni intellektə: dil və bilikdə transformasiyalar”) mövzusuna həsr olunmuş panel sessiyasında dəvətli məruzəçi qismində iştirak etmişdir.
Panel sessiyasında kitabdan süni intellektə doğru baş verən transformasiyalar, müasir texnologiyaların dil və bilik mühitinə təsiri, ənənəvi mətn və mütaliə mədəniyyətinin rəqəmsal dövrdə dəyişən xüsusiyyətləri, eləcə də süni intellektin humanitar elmlərdə tətbiqi ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Könül Həbibova çıxışında süni intellekt texnologiyalarının dilçilik tədqiqatlarına gətirdiyi yeni imkanlardan, dil materiallarının rəqəmsal və avtomatlaşdırılmış üsullarla işlənməsindən, insan–süni intellekt qarşılıqlı əlaqəsinin dil və kommunikasiya baxımından yaratdığı yeni tədqiqat istiqamətlərindən bəhs etmişdir. Məruzədə süni intellektin inkişafının kitab və dilin funksiyasını aradan qaldırmadığı, əksinə, biliklərin yaradılması, ötürülməsi və mənimsənilməsi proseslərini yeni müstəviyə keçirdiyi diqqətə çatdırılmışdır.
Panel çərçivəsində keçirilən debatlarda Misir Ərəb Respublikasının Əl-Əzhər Universitetinin professoru Hamdi İbrahim Hassan Alhassani də iştirak etmişdir. Müzakirələr zamanı dil, bilik, mütaliə və süni intellekt arasındakı qarşılıqlı münasibətlərə dair müxtəlif yanaşmalar səsləndirilmiş, texnoloji inkişaf şəraitində humanitar elmlərin qarşısında duran yeni məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Panel sessiyasının moderatoru ICESCO-nun Bakı Regional Ofisinin direktor köməkçisi Aytən Eyvazzadə olmuşdur.
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində təşkil olunan panel sessiyası kitab, dil və bilik anlayışlarının süni intellekt dövründə keçirdiyi dəyişiklikləri humanitar və texnoloji yanaşmaların kəsişməsində müzakirə etmək baxımından maraqlı fikir mübadiləsi ilə yadda qalmışdır.
Şrifti böyüt:
Çap et








