Yüz il bundan əvvəl - 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay haqqında uzun müddət nəinki ədəbi-ictimai fikirdə, hətta elmi-ictimai fikirdən də uzaq salınmış, sovet-kommunist ideologiyasının türk dünyası ilə bağlı “Qlavlit” qadağalarının təsiri altında arxivlərdən çıxarılmamışdır. Azərbaycanın yeni müstəqillik kontekstində bütün sahələrdə olduğu kimi, türk dünyası ilə bağlı tarixi hadisələrin ictimailəşdirilməsi, arxivlərdən çıxarılaraq ədəbi-elmi mühitə və yeni nəslə çatdırılması öz haqqını tapmışdır. Azərbaycanda təşkil olunan və həyata keçirilən bu qurultayın yüz yaşına hələ beş ay qalmış - 2025-ci il oktyabrın 22-də Prezident İlham Əliyev xüsusi Sərəncam imzalamışdır. “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı bu Sərəncamda həmin qurultayın tarixi əhəmiyyəti, türk dünyasını müasir dövrdə birləşdirən vasitələr sırasında xüsusi yer tutduğu qeyd olunur və qurultayın 100 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planının hazırlanması haqqında aidiyyəti qurumlara tapşırıqlar verilir. Bu qurumlar sırasında Azərbaycan Milli Elmlər Akademiyasının adı vurğulanır. Qeyd edək ki, AMEA və onun tərkibində olan Nəsimi adına Dilçilik İnstitutu bu Sərəncama və öhdəsinə düşən vəzifələrin həyata keçirilməsinə dərhal xüsusi diqqət ayırmış və bununla bağlı bir sıra elmi konfranslar, elmi yığıncaqlar, elmi seminarlar kimi tədbirləri həyata keçirmiş və keçirməkdədir. Bu tədbirlər sırasında Nəsimi adına Dilçilik İnstitutunun direktoru, elmi-ictimai fikirdə görkəmli alim-tədqiqatçı kimi tanınan Nadir Məmmədlinin ərsəyə gətirdiyi “1926-cı il I Türkoloji Qurultay: - tarixi zəminində, arxiv sənədlərində, milli mətbuatda” adlı 51,5 çap vərəqi həcmində - yəni 828 səhifəlik fundamental kitabı çox mühüm yer tutur. Kitabın elmi məsləhətçisi AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, elmi redaktoru akademik Nizami Cəfərov, rəyçisi Türk Dil Qurumunun başqanı professor Osman Mertdir. Azərbaycan filoloji elmi sahəsində bu alimləri yaxşı tanıyan oxucu yəqin ki, kitabın hansı məsuliyyət kontekstində çap olunduğunu elə bu imzalardan da hiss edə bilər. Mən bu anda Nadir Məmmədlinin kitabını I Türkoloji Qurultayın ensiklopediyası formatında olan bir əsər kimi də qiymətləndirmək məsuliyyətini bildirmək istərdim. Ən azı ona görə ki, müəllifin özünün də kitabın alt sərlövhəsində qeyd etdiyi kimi, bu kitab I Türkoloji Qurultayı həm tarixi zəmində, həm arxiv sənədlərində, həm də dövrün milli mətbuatındakı sənədləri əsasında və həm də ciddi elmi-publisistik üslubda müasir oxucuya təqdim etmişdir. Qeyd etdiyim həmin üç bölmənin hər biri təxminən 300 səhifə olmaqla bu tarixi qurultayın məzmununu, əhəmiyyətini, aktuallığını və bir çox digər tematik məqamlarını açmaq və təhlil etməklə hadisəni bütöv şəkildə müasirlərimizə çatdırmışdır.
Kitabın bütün mətnində ayrı-ayrı bölmələr və bu bölmələrin hər birində mövzuları ifadə edən maraqlı sərlövhələri, lap elə istər-istəməz onu axıradək, həm də səbrlə oxumağa sövq edir. Bu yerdə elə kitabın 4 səhifəlik “Giriş” sözündən danışmaq istərdim. Həm məzmunca, həm də həcmcə bu böyük elmi əsərin giriş sözü çox maraqla oxunan bir esse təsiri bağışlayır. Məlumdur ki, esse oxucunu duyğulandıran, hisslərini riqqətə gətirən bir janrdır, bir formatdır. Mən Nadir müəllimin kitaba giriş sözündə I Türkoloji Qurultaya hazırlıq və bu hazırlıq prosesinin gedişinin elmi-bədii ifadəsini çox bəyəndim. Məsələn, dediyim giriş sözünün lap ilk cümlələrinə diqqət edək: “26 fevral 1926-cı il, qışın sərt nəfəsi küçələrdə dolaşdığı, saf, təmiz, günəşli hava ilə qaranlığın bir-birinə qovuşduğu zaman, axşam saat 7-də İsmayıllı binasında yanan gur işıqlar Bakının gecəsini işıqlandırırdı. 6 martda yazın nəfəsi şəhərə dolanda, qurultay da öz sözünü deyib tarixə yazıldı. Qışın qaranlığında yazın işığına uzanan bu yol Türk dünyasının gələcəyinə açılmış bir yol idi…” (səh. 3)
Bu sətirlərdəki “işıq”, “qaranlıq”, “yazın nəfəsi” və s. kimi söz və ifadələr müəllifin qurultaya milli sevgisinin ifadəsinə xidmət etməkdədir. Bu üslub - elmi-ədəbi-bədii üslub bütün faktlara və hadisələrə münasibətdə xüsusi yer tutur.
Onu da qeyd edim ki, Nadir Məmmədlinin bu kitabı çox ciddi və çox zəhmət tələb etmiş elmi tədqiqat əsəridir. Müəllif bu fəsillərdə və bölmələrdə I Türkoloji Qurultay haqqında indiyədək aparılmış və nəşr edilmiş mənbələri də xatırlatmış və onları qiymətləndirmişdir. Mövzu ətrafında tədqiqat aparmış Azərbaycan, Türkiyə, Rusiya alimlərinin əsərlərinə istinadlara kitabda tez-tez rast gəlirik.
I Türkoloji Qurultayı tarixi zəmində araşdıran birinci fəsildə müəllif qurultayın siyasi və elmi əsaslarını, tədbirdəki məruzə və çıxışları, qurultayın iştirakçıları, xaricdən dəvət olunan və beynəlxalq miqyasda tanınan türkoloqların bioqrafiyası və elmi yaradıcılığı haqqında arxivlərdən tapdığı çoxsaylı faktları reallaşdırmışdır. Qurultayın gündəliyi və qəbul edilən qərarlara diqqət etdikcə, bu materialların indiyədək arxivlərdə gizlədilməsi adamda hər şeydən əvvəl, bir vətəndaş kimi təəssüf hissləri doğurur. Qurultayda iştirak edən çoxsaylı türkoloqlar haqqında bioqrafik informasiyalar müəllifin çox zəhmət tələb edən axtarışları ilə üzə çıxarılmış və biz burada həm maraqlı ədəbi mətnlə, həm də onların bir çoxunun fotoportretləri ilə tanış oluruq. Bununla belə, biz I Türkoloji Qurultayın əsas arxiv sənədləri ilə daha yaxından kitabın II fəslində rastlaşırıq. Müəllif “I Türkoloji Qurultay: arxiv sənədlərində” başlıqlı bu fəsildə çoxsaylı və çox maraqlı bütöv bir arxivlə bizi tanış edir. II fəslin “Arxiv sənədlərinin xronoloji transkripsiyası, seçmə tərcümələr və şərhlər” sərlövhəli bölməsində müəllif türk dünyasının bu günü üçün bəlkə də daha aktual əhəmiyyət kəsb edən bu sənəd və tərcümələrə özünün şərhləri ilə də bizi məmnun edir. Və xüsusi qeyd etməliyəm ki, kitabda təqdim olunan bir sıra arxiv materialları dilçilik və türkçülük elmi sahəsində çalışanları yeni tədqiqatlara çağırır. Sənədlərin orijinallarını fotoformatda təqdim edən kitab müəllifi hər bir sənədin aydın və elmi şərhləri ilə tədqiqatçılara aktual mövzu verir.
Bu sənədlərin hər birinə müəllif şərhi I Türkoloji Qurultayın Sovet ideoloji sisteminin qadağaları və xüsusi nəzarəti altında necə keçirildiyini, Moskvanın bütün nəzarət təsirinə baxmayaraq, qəbul olunan qərarların təkcə o dövr üçün deyil, bu günümüz üçün də nə qədər əhəmiyyətli olduğunu sübut etməkdədir. Müəllif sovet dövründə keçirilən bu qurultaya Moskvanın nəzarət planlarını fəslin son sətirlərində ümumiləşdirərək göstərir ki, qurultayın bütün sənədləri stenoqram formatında Moskvaya göndərilir. Moskva bu sənədlər vasitəsilə nəzarətini həyata keçirirdi. Əslində, elmi mahiyyət daşıyan qurultay, əlifba islahatı, yeni institutların yaranması və s. kimi milli məsələlərin Moskvanın tapşırığı ilə sonralar ləğv edilməsi prosesi türk dünyasının yaxınlaşmasına imkan verməmişdir”.
Müəllifin yekun sətirləri: “… 1926-cı il Bakı Türkoloji Qurultayı elmi forum olmaqla yanaşı, sovet dövlətinin milli siyasətinin mühüm siyasi aləti idi. Onun hər addımı Moskvaya hesabat şəklində ötürülür, mərkəzi partiya orqanları isə qurultayın nəticələrini ideoloji xəttinə uyğunlaşdırırdı”. (səh. 614) Müəllifin həqiqəti ifadə edən bu sətirləri həm də gənc nəslə bir çağırışdır: Müstəqilliyimizin qədrini bilin və qiymətləndirin!
Kitabın daha bir maraqlı fəsli “I Türkoloji Qurultay: milli mətbuatda” adlanır. Bu fəslin də maraqlılığı orasındadır ki, o zamanın - 1920-ci illərin ikinci yarısında nəşr olunan Azərbaycan mətbuatı bu möhtəşəm qurultayı necə işıqlandırıb. Nadir Məmmədli apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, “1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilən I Ümumittifaq Türkoloji Qurultayı Azərbaycan jurnalistikası tarixində əlamətdar bir hadisə olmuşdur. O dövrdə qəzet və jurnal redaksiyaları qurultayın gündəmini oxucuya çatdırmaq üçün böyük zəhmət sərf etmiş, məruzələrin mahiyyətini və çıxışçıların fikirlərini diqqətlə işıqlandırmışdır”. (səh. 616) Müəllif bir həqiqəti də xatırladır ki, “… qurultayla bağlı zaman-zaman tədqiqatlar aparılsa da kitablar, məqalələr yazılsa da, konfranslar keçirilsə də, Azərbaycan mətbuatının bu tarixi toplantıdakı fəaliyyəti, fədakarlığı araşdırılmamışdır”. (səh. 616) Və “I Türkoloji Qurultay…” kitabında müəllif tarixən bu sahədə yüksək fəaliyyət göstərən “Yeni Yol”, “Bakınskiy Raboçy”, “Kommunist”, “Yeni fikir” kimi dövrün populyar qəzetlərini araşdırmış, bu qəzetlərin səhifələrində mövzu ilə bağlı reportajları, informasiya materiallarını, elmi-publisistik məqalələri, qurultaydakı məruzələri tarixdən bu günümüzə köçürmək işində elə mətbuat tariximizin tədqiqatçılarına da çağırış etmişdir.
Mən bu yazımda Nadir Məmmədlinin elmi üslubunun mükəmməlliyi barədə bəzi fikirlərimi ifadə etmişəm. Və bu üslubun ədəbi-bədii publisistikaya doğmalığını da demişəm. Ancaq professorun bu üslubunu hiss etmək və qiymətləndirmək üçün I Türkoloji Qurultaya aid bu irihəcmli kitabın üç səhifəlik “Son söz əvəzi”ni mütləq diqqətlə oxumağı tövsiyə edirəm. Elmi-bədii-publisistik üslubun ən təsirli nümunələrindən olan bu “Son söz əvəzi” I Türkoloji Qurultayın sovet ideoloji nəzarət sistemində necə keçirilməsi, onun iştirakçılarının bir çoxunun — Bəkir Çobanzadə, Xalid Səid Xocayev, İsmayıl Hikmət, Əhməd Cövdət, Səmədağa Ağamalı kimi millətə, Türk dünyasına, türkə, habelə elmə yanımlı türkoloqların qara taleyini müəllif özü də yana-yana ifadə edir. Və mən öz yazımı bu son sözün lap sonunda Nadir Məmmədlinin qurultayın sonu və sabahı haqqında reportaj tipli sətirləri ilə bitirmək istərdim:“…Zal boşalar, kürsülər susurdu. Çıxışlar, məruzələr, təkliflər, yekun qərarlar, müzakirələr, kövrək sözlər və anlar yavaş-yavaş zamana qarışırdı. Vəd edilən kimi 1928-ci ildə Səmərqənddə keçirilməsi nəzərdə tutulan ikinci qurultay baş tutmadı. Hamı o günü səbirsizliklə gözləmişdi. SSRİ-nin türk xalqlarına qarşı əvvəlcədən müəyyənləşdirdiyi plan gerçəkləşmişdi. Əvvəl latın, sonra kiril əlifbasına keçid. II Türkoloji Qurultaya artıq ehtiyac qalmamışdı. O gündən 100 il ötür. Tarix bu vədi səssizcə qarşıladı: İnsanları susdura bildi, amma ümidləri yox. Bakıda keçirilən I Türkoloji Qurultay məhz bu mənada heç vaxt bitmədi. O, sənədlərdə deyil, zamanın içində yaşadı və yaşamaqda davam edir, yolun yaddaşına çevrilir. İndi isə bütün türk xalqları eyni sükutun içində, eyni səbirsizliklə gözləyir - 100 ilin susqunluğunu pozacaq o sabahı - II Beynəlxalq Türkoloji Qurultayı. Sabaha doğru!” (səh. 823)
Cahangir Məmmədli
Filologiya elmləri doktoru,
Professor
Şrifti böyüt:
Çap et








.png)