AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli Türkiyənin Ərzincan vilayətində keçirilən “Türk Dünyası Ərzincanda görüşür” mövzusunda beynəlxalq simpoziumda iştirak edib

Şrifti böyüt:
Çap et

Simpozumda “Azərbaycan Dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji Atlası” təqdim edilib.
Türkiyənin Ərzincan vilayətində keçirilən “Türk Dünyası Ərzincanda görüşür” mövzusunda beynəlxalq simpoziumun rəsmi açılış mərasimi olub.
Tədbirdə çıxış edən Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının Azərbaycan üzrə sədri Həsən Həsənov iştirakçılara Azərbaycan Prezidenti İlham Əliyevin salamını çatdırıb, tədbirin işinə uğurlar diləyib.
Türk dövlətlərinin müstəqilliyi və birliyinin ölkələrimizin gələcəyi baxımından ən vacib məqam olduğunu deyən Həsən Həsənov Azərbaycanın 44 günlük Vətən müharibəsi və şanlı Zəfərimiz haqqında danışıb, bu savaş dövründə başda ölkə başçısı Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövləti və xalqının daim Azərbaycanın yanında olduğunu xatırladıb.
Çıxışında İstanbulda keçirilən Zirvə Toplantısında Türk Dövlətləri Təşkilatının təsis olunduğunu xatırladan TDT-nin Baş katibi Bağdad Amreyev bununla türk dövlətləri ailəsinin daha da gücləndiyini deyib. Bildirilib ki, türk dünyasının gücü birlikdədir və qarşıdan gələn zirvə toplantıları birgə hədəflərimiz baxımından olduqca əhəmiyyətlidir.
Türk dünyasının birliyinin asanlıqla ərsə gəlmədiyini deyən Baş katib bunun arxasında liderlərimizin güclü və qərarlı duruşlarının dayandığını, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ Zəfərində göstərdiyi güclü dəstəyin türk dünyasının birliyi baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.
Binəli Yıldırım Universitetinin rektoru, professor Akın Levent, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar çıxışlarında türk birliyinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakçılara müraciət məktubu oxunub.
Məktubda deyilir: “Dost və qardaş ölkələrimiz arasında mükəmməl səviyyədə seyr edən siyasi, iqtisadi və mədəni əlaqələrimizin elm sahəsi üzrə də yüksək səviyyələrə çatmasından məmnuniyyət hissi keçirirəm.
Beynəlxalq Türk Dünyası Simpoziumunun dil və ədəbiyyatdan tarixə, sənətdən sosiala, iqtisadiyyatdan beynəlxalq əlaqələrə qədər geniş bir şəkildə elmi araşdırmalara liderlik edəcəyinə inanıram.
Tarix boyu olduğu kimi, bu gün də aramızda çəkilən sərhədlərin bizi ayırmasına, qəlblərimiz arasında məsafə qoymasına, bizi bir-birimizdən qoparmasına icazə verməməliyik.
Simpoziumun doğma qardaşlarımız olan türkdilli ölkələr ilə diplomatik əlaqələrimizin təsis olunmasının 31-ci ildönümünə təsadüf etdiyi bu ildə keçirilməsini bu baxımdan son dərəcə mənalı hesab edirəm. Uzun illər davam edən həsrətin ardından türk dünyası olaraq ikitərəfli və çoxtərəfli platformdakı əlaqələrimizi müvəffəqiyyətlə üst səviyyələrə çatdırdıq. Ötən il İstanbulda keçirdiyimiz Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında qardaşlığımız və əlaqələrimizi dərinləşdirmək üçün tarixi qərarlara imza atdıq. Türk Şurasını Türk Dövlətləri Təşkilatına çevirdik və 2040-cı il baxışı sənədini qəbul etdik.
Türk dünyasının birlik və həmrəyliyi sülh və rifahımızın təminatıdır. Önümüzdəki dövrdə həyata keçirəcəyimiz layihələ və tədbirlər geniş bir coğrafiyanı və 300 milyondan çox insanı əhatə edən ailəmizi daha da gücləndirmək üçün yeni imkanlar yaradacaq”. Sonra iştirakçılara plaketlər təqdim edilib.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli tərəfindən AMEA adından Binəli Yıldırıma xüsusi xalça, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatara “Azərbaycan muğamı miniatürlərdə”, universitetin rektoruna isə “Azərbaycan Dilinin Qarabağ və Şərqi Zəngəzur Dialektoloji Atlası” kitabları təqdim edilib.