Yasamal rayon Heydər Əliyev Mərkəzində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş
“Milli Qurtuluşdan davamlı inkişaf və tərəqqiyə” mövzusunda tədbir keçirilib.
Tədbirdə
dövlət qurumlarının nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, AMEA
Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə
doktoru Arzu İsgəndərzadə Milli Qurtuluş Gününün Azərbaycan dövlətçilik tarixindəki
müstəsna yerindən bəhs edib. Məruzəçi qeyd edib ki, müstəqilliyinin ilk illərində dərin siyasi
böhran, iqtisadi tənəzzül və xarici təhdidlərlə üzləşən Azərbaycan məhz xalqın təkidli istəyi
və tarixi zərurətin nəticəsi olaraq Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi
hakimiyyətə qayıdışı ilə parçalanmaq təhlükəsindən xilas olub. Bildirilib ki, Azərbaycan
xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin
siyasi uzaqgörənliyi, zəngin idarəçilik təcrübəsi və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə
ictimai-siyasi sabitlik bərpa edilib, hüquqi dövlət quruculuğunun əsasları yaradılıb, milli
həmrəylik möhkəmləndirilib və gələcək inkişafın strateji istiqamətləri müəyyənləşdirilib.
Çıxış zamanı vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni
neft strategiyasının mühüm nəticəsi olan 1994-cü il tarixli “Əsrin müqaviləsi” Azərbaycanın
müasir inkişaf tarixində yeni mərhələnin əsasını qoyub. Qeyd olunub ki, bu mühüm enerji
sazişi ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, iqtisadi müstəqilliyinin təmin
edilməsinə, xarici investisiyaların cəlb olunmasına və davamlı inkişaf modelinin
formalaşmasına mühüm töhfə verib.
Arzu İsgəndərzadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider
Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və inkişaf strategiyası müasir dövrdə uğurla
davam etdirilir. Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam
bərpa olunması milli dövlətçilik ənənələrinin möhkəmliyini, siyasi rəhbərliyin qətiyyətini və
xalqın milli məqsədlər ətrafında birliyini nümayiş etdirən tarixi nailiyyətdir. Bu uğur müstəqil
Azərbaycan dövlətinin gücünün, xalq-iqtidar birliyinin və həyata keçirilən məqsədyönlü
siyasətin parlaq təzahürü kimi qiymətləndirilib.
Sonda çıxışçı Azərbaycanın əldə etdiyi nailiyyətlərin güclü siyasi və ideoloji təməl üzərində
formalaşdığını qeyd edərək, alimlərin, ziyalıların və gənclərin milli dövlətçilik dəyərlərinin
qorunması, elmi-intellektual potensialın inkişaf etdirilməsi və ölkənin gələcək tərəqqisinə
töhfə verilməsi istiqamətində mühüm məsuliyyət daşıdıqlarını bildirib.
Tədbirin sonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə və Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, tədqiqi və təbliği
istiqamətində həyata keçirilən tədbirlərdə fəal iştirakına görə AMEA Nəsimi adına Dilçilik
İnstitutunun aparıcı elmi işçisi, AMEA Gənclər Akademiyası Beynəlxalq Əməkdaşlıq
Assosiasiyasının sədri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə Yasamal rayon
Heydər Əliyev Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.
Tədbir bədii proqramla davam edib.
Şrifti böyüt:
Çap et








