AMEA-nın Rəyasət Heyətində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənc Alim və Mütəxəssislər Şurasından – Gənclər Akademiyasına” mövzusunda tədbir keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyəti aparatının məsul əməkdaşları, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, AMEA-nın Gənclər Akademiyasının İdarə Heyəti, Akademiyanın gənc alim və mütəxəssisləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, bu gün Gənclər Gününün ölkəmizdə geniş şəkildə qeyd edilməsi onlara göstərilən böyük diqqət və ehtiramın ifadəsi olmaqla yanaşı, həm də Azərbaycanın işıqlı gələcəyinə doğru atılmış mühüm addımdır. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu kimi tədbirlər onların dünyagörüşünü, baxışlarını, düşüncələrini inkişaf etdirir, eyni zamanda yeni gənc kadrların meydana çıxmasına təkan verir. AMEA rəhbəri dünyanın 20-yə yaxın ölkəsinin təcrübəsindən istifadə etməklə Akademiyanın Gənc Alim və Mütəxəssislər Şurasının bazasında Gənclər Akademiyasının təsis olunduğunu bildirib. Qeyd edib ki, artıq Gənclər Akademiyasının əsasnaməsi təsdiqlənib və rəhbər vəzifələr – dosent Elmir Babayev sədr, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev Elmi-kütləvi tədbirlərin təşkili departamentinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Arzu İsgəndərzadə Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri, Günel Əzimova isə Rəqəmsal Mobillik Mərkəzinin müdiri təyin olunublar. Filologiya elmləri doktoru, dosent Sərxan Xavəri isə Gənclər Akademiyasına elmi məsləhətçi təyin edilib.
Gənclər Akademiyasının təşkilatçılığı ilə bu gün ilk konfransın keçirildiyini deyən akademik İsa Həbibbəyli Akademiya gəncliyini təbrik edib, onlara elmi və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə AMEA Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin böyük elmi işçisi, AMEA Gənclər Akademiyasının Beynəlxalq Əməkdaşlıq Assosiasiyasının sədri Arzu İsgəndərzadə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə AMEA tərəfindən “İlin Gənc Alimi” diplomu ilə təltif olunub.
Şrifti böyüt:
Çap et








