Professor Əbdüləzəl Dəmirçizadənin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya

Şrifti böyüt:
Çap et

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dilçi alım, professor, Əməkdar elm xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı Əbdüləzəl Dəmirçizadənin 115 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli bildirib ki, Ə.Dəmirçizadə Azərbaycan dilçilik elminin inkişafına böyük töhfələr verib. O, Azərbaycan dili tarixinin ilk tədqiqatçısıdır. Görkəmli alimin ədəbi dilimizin tarixinə həsr etdiyi elmi əsərləri Azərbaycan dilçiliyi tarixində mühüm əhəmiyyət kəsb edir. Həyatını Azərbaycan dilinin tədqiqinə və təbliğinə həsr edən mahir tədqiqatçı Ə.Dəmirçizadə öz elmi qənaətlərini “Azərbaycan dili tarixi xülasələri”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan ədəbi dilinin inkişaf yolları”, “Kitabi-Dədə Qorqud” dastanının dili”, “Azərbaycan ədəbi dilinin tarixi”, “Azərbaycan dilinin tarixi qrammatikası” və digər kitablarında təqdim edib. Onun elmi-pedaqoji fəaliyyəti zəngin və çoxcəhətlidir.

Elmi seminarın sədri professor Sayalı Sadıqova Ə.Dəmirçizadəni yüksək təfəkkürə, zəngin təxəyyülə malik alim, qayğıkeş, nəcib, xeyirxah, müdrik, alicənab insan kimi səciyyələndirib: “1943-cü ildə ozamankı Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dilçiliyi kafedrasına rəhbərlik etməyə başlayan və 36 il müddətində həmin kafedranın müdiri vəzifəsində çalışan alim bu illərdə elmi axtarışlarla intensiv şəkildə məşğul olmaqla yanaşı, pedaqoji fəaliyyətinə də ara vermədi”.

Seminarda Müasir Azərbaycan dili şöbəsinin müdiri Nərgiz Hacıyeva “Əbdüləzəl Dəmirçizadə - fonetik üslubiyyat”, Azərbaycan dilinin tarixi şöbəsinin müdiri Xədicə Heydərova “Əbdüləzəl Dəmirçizadə və Azərbaycan ədəbi dil tarixi”, dosent Qüdsiyya Qənbərova “Əbdüləzəl Dəmirçizadənin etimoloji görüşləri” mövzularında məruzələrlə çıxış ediblər.