AMEA Nəsimi adına Dilçilik İnstitutu ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müasir Azərbaycan dili kafedrası arasında memorandum imzalanıb

Şrifti böyüt:
Çap et

Fevralın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə “Beynəlxalq Ana dili Günü” münasibəti ilə “Ana dilim! Bu dünyanın yaşı qədər tarixin var!” adlı tədbir keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, prorektorlar, dekanlar və müvafiq struktur rəhbərləri, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, icraçı direktoru dosent Baba Məhərrəmli, Elmi katib dosent Aynel Məşədiyeva iştirak ediblər.
Bədii hissədə fakültədə fəaliyyət göstərən “Meh ədəbi dərnəyi”nin üzvləri ədəbi-bədii kompozisiya ilə çıxış edərək Azərbaycan, ingilis, fransız, alman və rus dillərində ana dilinə aid şeirlər səsləndirib, mahnılar ifa edib, o cümlədən C.Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnə təqdim ediblər. Həmçinin tədbir iştirakçıları fakültənin alimlərinin elmi əsərləri ilə tanış olublar.
Çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, bu gün hər birimiz üçün bayramdır. Bu gün qeyd etdiyimiz “Beynəlxalq Ana dili Günü”ndə biz bir daha dünyanın ən zəngin dillərindən olan Azərbaycan dili kimi bir dilimiz olduğu üçün qürur duyuruq. Eyni zamanda Azərbaycan dövləti Azərbaycan dilinin inkişafını ən vacib məsələlərdən biri kimi daim diqqətdə saxlayır. Məhz bu diqqətin nəticəsi kimi bu gün Pedaqoji Universitetin Filologiya fakültəsində də davamlı tədqiqatlar aparılır, dilimizin təbliği istiqamətində müntəzəm işlər görülür. Dilçi alimlərimizin fəaliyyətləri, ictimai rəydə iştirakları təqdirəlayiqdir.
Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki, ADPU-da dilçilik sahəsində aparılan ardıcıl fəaliyyət və təşəbbüskarlığı xüsusilə vurğulamaq lazımdır.
Tədbir çərçivəsində ADPU-nun Müasir Azərbaycan dili kafedrası ilə AMEA Nəsimi adına Dilçilik İnstitutu arasında əməkdaşlığa dair memorandum imzalanıb.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova tədbir iştirakçılarına təşəkkürünü bildirərək qeyd edib ki, bu gün imzalanan memorandum ilə Dilçilik İnstitutu ilə mövcud əlaqələrin daha da genişlənməsinə, Universitetdə Azərbaycan dilinin tədrisi səviyyəsinə və aparılan tədqiqatlara əlavə stimul yaranmasına səbəb olacaq.