Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib

Şrifti böyüt:
Çap et

Bu gün AMEA Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor Nadir Məmmədli dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb.
Qeyd olunub ki, 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə qarşı keçirilən aksiyada 4 nəfər şəhid olub və onların xatirəsinə ehtiram əlaməti kimi 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Baş direktor vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddənin daxil edilməsini xüsusi olaraq qeyd etmək lazımdır.
Professor Nadir Məmmədli Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili kimi təsbit edildiyini, habelə 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul olunduğunu diqqətə çatdırıb.
Tədbirdə filologiya elmlər doktoru, professor İsmayıl Məmmədli “Ana dili güvənc yerimiz”, dosent Aynur Qədimalıyeva “Ana dilinin saflığını qoruyaq” , filologiya üzrə fəlsəfə doktoru Günel Orucova “Ana dili anlayışı və onun əhəmiyyəti” adlı məruzələrlə çıxış ediblər. Alimlər Azərbaycan dilinin dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biri olduğunu söyləyib, dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyini qeyd ediblər.
İclasda professorlar İlham Tahirov, İlhami Cəfərsoy, dosent Ruslan Abdullayev ölkəmizdə dil quruculuğu sahəsində görülən işlərdən danışıblar.