Qafan şəhər sakini Tofiq Nəbiyev Azərbaycan dialektologiyası şöbəsinin qonağı olub

Şrifti böyüt:
Çap et

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin Qərbi Azərbaycan dialektoloji atlasını hazırlaması prosesi uğurla davam etdirilir. 10 mart 2023-cü ildə şöbənin qonağı 30 ildən çox Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləmiş 1950-ci il təvəllüdlü Qafan şəhər sakini Tofiq Vəliş oğlu Nəbiyev olmuşdur. Söhbət əsnasında, Tofiq Nəbiyev Qafana xas dil xüsusiyyətləri, spesifik ifadələr, uşaqlıq xatirələri, orada yaşayan azərbaycanlıların adət-ənənələri, ermənilərlə olan münasibəti haqqında ətraflı danışdı. Qeyd etmək istəyirik ki, Tofiq Nəbiyevin atası Vəliş Nəbi oğlu Nəbiyev Qafanın tanınmış ziyalılarından olmuşdur. O, 1913-cü ildə Qafanda anadan olmuş, Şuşa seminariyasında təhsil almış, Bakıya ezam olunaraq müəllim vəzifəsində işləmişdir. 1942-1944-cü illərdə II Dünya müharibəsində iştirak etmiş, ağır yaralanmış, müxtəlif medallarla təltif olunmuşdur. Vəliş Nəbiyev Qafanda xeyriyyəçi, ermənilərlə mübarizədə qafanlılara dəstək olan, onlara qol-qanad gərən şəxslərdən olmuşdur. Elə bu səbəbdən 1953-cü ildə mənfur ermənilərin sui-qəsdi nəticəsində dünyasını dəyişmiş, məhz bundan sonra Qafandan azərbaycanlıların deportasiya prosesi sürətlənmişdir.