Ağalıda “Novruz mühazirəsi”

Şrifti böyüt:
Çap et

Martın 10-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Zəngilan rayonu Ağalı kəndində “Novruz mühazirəsi” keçirilib.

Tədbiri açan yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli bu tarixi günə görə şəhidlərimizə, Ali Baş Komandana borclu olduğumuzu söyləyib. Bildirib ki, 44 günlük zəfərə aparan yol Aprel döyüşləri ilə başlasa da, Polad Həşimovun şəhidlik zirvəsi bizi zəfərə yaxınlaşdırdı.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin “Dəmir yumruğ”u ətrafında sıx birləşən ordumuzun rəşadəti sayəsində qazanılan qələbədən danışıb. Nazir müavini “Novruz mühazirəsi”nin işğaldan azad olunan Zəngilanda keçirilməsinin tarixi əhəmiyyətini də diqqətə çatdırıb. O, “Novruz mühazirələri”nin ənənə halı aldığını və Ağalıda ilk dəfə keçirilən mühazirənin gənc nəslə vətənpərvərlik, milli-mənəvi dəyərlərin aşılanması baxımından faydalı olduğunu bildirib.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli tədbirdə " Müsəlman dünyasının ortaq bayramı Novruz" mövzusunda çıxış edib.

Daha sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov “Qələbədən Böyük Qayıdışa” mövzusunda mühazirə söyləyib. Professor mühazirədə 44 günlük müharibədə ölkəmizin əldə etdiyi Qələbə haqqında geniş məlumat verib, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Prezident İlham Əliyevin bu siyasəti davam etdirməsi nəticəsində ölkəmizin zəfərə nail olduğunu qeyd edib.

Kərim Şükürov institutun nəşr etdirdiyi kitablardan Ağalı məktəbinə bağışlanacağını, növbəti illərdə kənddə mühazirələrin artırılacağını deyib.

Milli Məclisin deputatları Aydın Mirzəzadə və Ceyhun Məmmədov “Novruz mühazirələri”nin Ağalıda təşkil olunmasının vacibliyindən söz açıblar. Bildiriblər ki, bu tarixin cəmiyyət üçün olduqca böyük əhəmiyyəti var. Ağalı daha da inkişaf edəcək, burada daha irimiqyaslı layihələr həyata keçiriləcək.

Aydın Mirzəzadə Vətən müharibəsinə həsr etdiyi kitabları Ağalı kənd məktəbinə hədiyyə edib.

Mühazirədən sonra Ağalı kəndində “Heydər Əliyev – 100” kampaniyası çərçivəsində ağaclar əkilib.

Yekunda tonqal ətrafında musiqi nömrələri səsləndirilib.