16 dekabrda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda filologiya üzrə
fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin tərtib etdiyi “Şuşa torpağında
doğulan dilçi alim Yusif Vəzir Çəmənzəminli” adlı kitabın təqdimatı keçirilib.
Təqdim olunan kitabda Azərbaycanın görkəmli ziyalısı, ictimai-siyasi xadim, böyük yazıçı
və alim Yusif Vəzir Çəmənzəminlinin (1887-1943) dilçilik görüşlərini, lüğətçilik fəaliyyətini
özündə əks etdirən əsərləri, əlyazmaları toplanıb.
Tədbiri giriş sözü ilə açan elmi müəssisənin baş direktoru, professor Nadir
Məmmədli bildirib ki, kitab Azərbaycan Respublikası Prezidentinin “2022-ci ilin
Şuşa ili elan olunması barədə” 5 yanvar 2022-ci il tarixli sərəncamına müvafiq
olaraq hazırlanıb. Şuşa Azərbaycanın qədim şəhəri, mədəniyyət paytaxtıdır.
Nadir Məmmədli qeyd edib ki, ordumuzun qətiyyətli mübarizəsi ilə tarixi ədalət
bərpa edilmiş və 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunmuşdur.
Şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərin təxirəsalınmadan
inventarizasiyası aparılmış, bərpa işlərinə başlanılmışdır.
Professor qeyd edib ki, Yusif Vəzir Çəmənzəminli parlaq şəxsiyyəti, zəngin
ədəbi, elmi yaradıcılığı ilə XX əsr ədəbiyyat tariximizdə özünəməxsus şərəfli yeri
olan Yusif Vəzir Çəmənzəminli Azərbaycanın böyük ruhlu , yüksək mənəviyyatlı
ictimai-siyasi xadimlərdən biridir. Y.V.Çəmənzəminli ömrü boyu əsərlərini sadə
və aydın dildə yazmış və ana dilinin saflığı uğrunda yorulmaz mübarizə
aparmışdır. Onun hələ ilk gəncliyindən mətbuat səhifələrində dərc etdiyi
məqalələrin hər biri əsl vətənpərvərlik, milli qeyrət və təəssübkeşliyinin
nümunələridir.
Tədbirdə professorlar Sayalı Sadıqova “Şuşanın görkəmli ziyalısı Yusif
Vəzir Çəmənzəminli” və Mayıl B.Əsgərov “Şəlalə Ana Hümmətlinin “Şuşa ili”nə
hədiyyəsi” adlı məruzələrlə çıxış ediblər.
Sonra institutun icraçı direktoru dosent Baba Məhərəmmli, professsor
İlhami Cəfərsoy, dosentlər Şəlalə Abdullayeva və Qətibə Quliyeva vurğulayıblar ki,
xalqımızın ədəbiyyat və mədəniyyət salnaməsinin səhifələrində yeri olan
Y.V.Çəmənzəminli eyni zamanda Türk dünyasının böyük ruhlu, yüksək
mənəviyyatlı ziyalılarındandır.
Sonda Yusif Vəzir Çəmənzəminlinin nəvələri professor Leyla Vəzirova və Yusif
Vəzirov tədbirin təşkilatçılarına və kitabın müəllifinə öz təşəkkürünü bildiriblər.
Şrifti böyüt:
Çap et