“Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimatı olub

Şrifti böyüt:
Çap et

Dekabrın 8-də AMEA-nın Əsas binasında “Şuşa ili”nə həsr olunmuş “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi əməkdaşlarının bir neçə illik zəhmətinin bəhrəsi olan dialektoloji atlasın elmi, ictimai-siyasi əhəmiyyətə malik olduğunu deyib.

O, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağda xalqımıza qazandırdığı tarixi zəfərə humanitar sahənin alimlərinin, Azərbaycan dialektoloqlarının elmi dəstəyinin bariz bir nümunəsi, böyük töhfəsi olduğunu bildirib. AMEA rəhbəri qeyd edib ki, atlasda Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan diyarı, Oğuz yurdu, Türk torpağı olduğu dil hadisələri əsasında dəqiq şəkildə isbat olunub.

O, atlasın müstəqillik dövrü Azərbaycan dilçiliyinin səviyyəsini göstərən ən qiymətli əsər olduğunu qeyd edib. Akademik İsa Həbibbəyli kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsin fəaliyyətini yüksək dəyərləndirib, nəşrin ərsəyə gəlməsindəki xidmətlərinə görə dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyevanın və onun komandasının AMEA-nın Humanitar Elmlər Bölməsinin Fəxri fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli bildirib ki, “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası areal dilçilik sahəsində xidmətdir. Bu atlas cənab Prezident İlham Əliyevin çağırışına ilk səs verən dilçilik əsəridir. Atlas xəritələrində öz əksini tapmış dil faktları, səciyyəvi dialektoloji xüsusiyyətlər regionun qədim türk yurdu olmasının danılmaz sübutudur.

Nadir Məmmədli vurğulayıb ki, nəşr yalnız dilçilər üçün deyil, coğrafiya, tarix, etnoqrafiya, kulinariya və digər sahələrin mütəxəssisləri üçün də dəyərlidir. Bildirib ki, “Atlas” xəritələrində öz əksini tapmış dil faktları, səciyyəvi dialektoloji xüsusiyyətlər regionun qədim türk yurdu olmasının danılmaz sübutudur.

Daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynov çıxış edərək “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nın nəşrini Azərbaycanın elmi həyatında linqvistika hadisəsi olmaqla yanaşı, böyük siyasi anlam daşıdığını da bildirib.

Azərbaycan dilində dialektoloji atlaslarının tərtibi istiqamətində işlərə 1950-ci illərdən başlanıldığını deyən Rafael Hüseynov sonralar Azərbaycan dilinin müxtəlif bölgələr üzrə dialektoloji atlaslarının işıq üzü gördüyünü diqqətə çatdırıb.

Professor Nadir Məmmədli institutda Dərbənd və güney azərbaycanlılar haqqında atlasın da hazırlanmasının nəzərdə tutulduğunu söyləyib.

Sonra Dilçilik İnstitutunun Azərbaycan Dialektologiyası şöbəsinin müdiri, dosent Kifayət İmamquliyeva atlasla bağlı məruzəsini təqdim edib. Qeyd olunub ki, atlasın müəllifi və tərtibçiləri Qarabağ və Şərqi Zəngəzur dialekt və şivələrini fonetik, qrammatik və leksik səviyyədə tədqiq ediblər. Uzunmüddətli elmi axtarışlar nəticəsində ərsəyə gələn, dünya dilçiliyində, dialektoloji atlasların hazırlanması tarixində mühüm və əhəmiyyətli hadisə olan, dünya ictimaiyyətinə dörd (Azərbaycan, türk, rus, ingilis) dildə təqdim olunan “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” Azərbaycan həqiqətlərinin bəyanıdır.

Tədbirdə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Dilçilik İnstitunun baş elmi işçisi, professor Qəzənfər Kazımov,. Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun Baş direktoru, professor Kərim Şükürov, . Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov və başqaları çıxış edərək təqdim olunan atlasın məziyyətlərindən danışıblar.