Görkəmli alim Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Şrifti böyüt:
Çap et

Noyabrın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunan “Müasir Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusundakı beynəlxalq elmi konfrans işə başlayıb.

İki gün davam edəcək beynəlxalq konfransa canlı və onlayn formada Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Hindistan, Gürcüstan və Nigeriyadan nümayəndələr qatılıb.

Tədbirdə iştirak edən Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, xarici ölkələrdən gələn alimlər, eləcə də alimin yetirmələri əvvəlcə universitetin foyesində Həsən Mirzəyevə həsr edilmiş sərgiyə baxıblar.

ADPU və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun tərəfdaşlığı ilə təşkil olunan beynəlxalq konfrans Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Giriş sözü ilə çıxış edən Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov fədakar alimin həyat yolundan və elmi axtarışlarından söz açıb.

Sonra görkəmli alimin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, professor Bəxtiyar Məmmədov, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, akademik Nizami Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, Türkiyənin Qazi Universitetinin professoru Hülya Kasaboğlu, Fırat Universitetinin professoru Ahmet Buran, Özbəkistan Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsinin dekanı dosent Cumali Şabanov və digər çıxış edənlər Azərbaycan dilçilik elminin tədqiqində, ümumən filologiya və türkologiya elmində dərin iz buraxmış Həsən Mirzəyevin elmi əsərlərinin öz aktuallığı ilə bu gün də tələbələr, tədqiqatçılar, xüsusən gənc alimlər üçün əsl mənbə olduğunu vurğulayıblar.

Çıxış edənlərdən Türkiyənin Kafkas Universiteti Çağdaş türk ləhcələri və ədəbiyyatları bölməsinin dosenti İlkin Qulusoy magistrantı Səma Şahinlə birgə hazırladığı, professor Mahirə Hüseynovanın redaktoru olduğu, Həsən Mirzəyevin 95 illiyinə ithaf olunmuş “Karşılaştırmalı deyimbilimi” (Müqayisəli frazeologiya) əsərini konfrans iştirakçılarına təqdim ediblər.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri professor İbrahim Bayramov “Görkəmli dilçi alim professor Həsən Mirzəyev” mövzusunda məruzə edib.

Çıxışlardan sonra təşkilat komitəsi adından konfransın təşkilindəki xidmətlərinə görə professorlar Cəfər Cəfərov, Asəf Zamanov, Mahirə Hüseynova, Ahmet Duran, Hülya Kasaboğlu, dosentlər Cumali Şabanov, İlkin Qulusoy və Gürcüstan Dövlət Universitetinin professoru Elizabet Bjalava mükafatlandırılıb.

Sonda professor Həsən Mirzəyevin ailəsi adından çıxış edən Mərkəzi Dəmiryol Xəstəxanasının baş həkimi Müşfiq Mirzəyev göstərilən yüksək diqqətə görə ADPU rəhbərliyinə və elmi ictimaiyyətə minnətdarlığını bildirib.