ANNOTASİYA

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
Dörd dildə (Azərbaycan, türk, rus, ingilis dillərində) tərtib olunmuş “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nda Qarabağ dialektini və Şərqi Zəngəzur şivələrini əhatə edən minə yaxın yaşayış məntəqəsinin 692-si kodlaşdırılıb. “Atlas”da 278 xəritə, hər xəritə üçün yazılmış xüsusi şərh, atlasın tərtibində istifadə olunmuş proqram, tədqiq edilmiş yaşayış məntəqələrinin və müsahibəyə cəlb olunmuş informatorların siyahısı, informatorların səsi yazılmış kompakt disk yer alıb. Bununla yanaşı, ekspedisiya müddətində informatorlarla söhbət zamanı çəkilmiş, həmçinin Qarabağın və Şərqi Zəngəzurun tarixini, etnoqrafiyasını, təbiət mənzərələrini, erməni vandalizmi və saxtakarlığını, I və II Qarabağ müharibəsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini və onun rəhbərliyi ilə qazanılmış tarixi Zəfəri əks etdirən şəkillər əksini tapıb.
“Atlas”da izoqlos yaradan dialekt xüsusiyyətlər şərti işarələrlə verilib və onların yayılma arealı müəyyənləşdirilib.
Dialektoloji atlasın məsul redaktoru Dilçilik İnstitutunun baş direktoru professor Nadir Məmmədli, dialektoloji atlas qrupunun rəhbəri dosent Kifayət İmamquliyevadır.
Atlasın rəyçisi dosent Baba Məhərrəmlidir. Redaksiya heyətinə akademiklər İsa Həbibbəyli, Möhsün Nağısoylu, Teymur Kərimli, Nizami Cəfərov, professorlar Nadir Məmmədli, Qəzənfər Kazımov və Kərim Şükürov daxildir.