“Azərbaycan dilində isim kökləri”

Kitabı yüklə

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Baba Məhərrəmlinin “Azərbaycan dilində isim kökləri” (Bakı, 2018, 140 s.) adlı kitabı “Elm” nəşriyyatında çap olunmuşdur. Kitabın redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri filologiya elmləri doktoru, professor Elbrus Əzizov və filologiya elmləri doktoru, professor Məmmədəli Qıpçaqdır.
Kitabda Azərbaycan dilində işlənən təkhecalı və çoxhecalı isimlərin eti-moloji şərhi verilmişdir. Əsərdə isim kökləri müqayisəli-tarixi istiqamətdə təhlil edilmiş, onların praformaları bərpa olunmuşdur. Monoqrafiyada 83 sözün etimologiyası müəyyənləşdirilmişdir. Azərbaycan dilinin kompleks etimoloji lüğəti hazırlanmadığından bu kitabda verilən şərhlər isim köklərinin arxetiplərinin öyrənilməsi baxımından çox əhəmiyyətlidir.
Kitab “Giriş”, 2 Fəsil, “Nəticə” və “Ədəbiyyat siyahı”sından ibarətdir. Birinci fəsil “Təkhecalı isimlər”, ikinci fəsil isə “Çoxhecalı isimlər” adlanır. Müəllifin qənaətinə görə, müasir Azərbaycan dilində quruluşca sadə hesab olu-nan isimlərin müqayisəli-tarixi təhlili göstərir ki, onlar bir çox halda ikiqat, üçqat kök+şəkilçi daşlaşmasına məruz qalmışdır.
Monoqrafiyda qeyd olunur ki, isim köklərinin ilkin praformalarını, əski arxetiplərini müəyyən etmək üçün bəzən türk dillərinin faktları kifayət etmir, daha geniş müqayisələrə, digər dil ailələrindəki analoji faktların tədqiqata cəlb edilməsinə ehtiyac yaranır. Çünki etimoloji araşdırmalarda dil sərhədi olmama-lıdır. Qohum olmayan dillərin faktları etimoloji təhlil üçün zəngin material verir. Türk dillərinin iltisaqi quruluş mexanizmi Azərbaycan dilində ilkin söz köklərinin bir qisminin qədim formalarının qorunmasına zəmin yaratmışdır. Azərbaycan dilində isim köklərinin dərin etimoloji təhlili sübut edir ki, ilkin söz modelləri təkhecalılıq əsasında yaranmışdır. Azərbaycan dilinin söz kökləri türk dillərinin ümumi spesifik fonetik, morfoloji və leksik-semantik xüsusiyyət-lərini qoruyub saxlamışdır. Azərbaycan dilinə məxsus ilkin isim köklərinin arxetipləri daha çox VC (sait+samit), CV (samit +sait) və CVC (samit+sait+samit) quruluşundadır.
Bu monoqrafiya Baba Məhərrəmlinin 4-cü kitabıdır. Baba Məhərrəmlinin indiyə qədər 140 elmi məqaləsi çap olunmuşdur. Onlardan 25-i xarici ölkələrdə: ABŞ, Türkiyə, Polşa, Almaniya, Rusiya, Qazaxıstan, Kipr, Bosniya, Gürcüstan, Macarıstan, İtaliya, Kanada və Rumıniyada ingilis, türk, rus və polyak dillərində nəşr edilmişdir.

01.12.2018