“İzahlı dilçilik terminləri lüğəti” nəşr olunub

Lüğəti Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – professor Sayalı Sa-dıqova, filologiya üzrə fəlsəfə doktorları Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova, Şəbnəm Həsənli-Qəribovanın tərtibatçılığı ilə “İzahlı Dilçilik Terminləri Lüğəti” nəşr olunmuşdur. Lüğətin baş redaktoru akademik İsa Həbibbəyli və Möhsün Nağısoylu, elmi redaktoru isə professor Sayalı Sadıqovadır. Rəyçilər akademik Nizami Cəfərov və professor Qəzənfər Kazımovdur.

Dilçilikdə işlədilən terminlərin məcmusu, yəni dilçiliyə dair anlayışlar sistemi dilçilik terminologiyasını təşkil edir. Hər bir elmin inkişaf səviyyəsi onun terminologiyasında əks olunur. Dilçilik terminləri də dilin inkişafı ilə bağlı təşəkkül tapmışdır. Xüsusilə, XX əsrin son onilliyində Azərbaycan dilçiliyində dil nəzəriyyəsi, riyazi dilçilik, koqnitiv dilçilik kimi ayrı-ayrı sahələrin formalaşması onun terminologi-yasının zənginləşməsinə, inkişaf etməsinə təkan verdi. Eləcə də son dövrlərdə Azərbaycan dilinin, dilçilik elminin inkişafı ilə bağlı bir çox sərəncamlar və fərmanlar verilmişdir. Xüsusən, 29 may 2012-ci ildə “Qloballaşma şəraitində zamanın tələblərinə uyğun Azərbaycan dilinin və dilçiliyinin inkişafı haqqında” sərəncam dilçilik elminin inkişafını sürətləndirmişdir. Hazırda informasiya cəmiyyəti şəraitində linqvistik terminologiyanın ənənəvi sərhədləri dəyişmiş, onun tədqiqat obyektinin hüdudları xeyli genişlənmişdir. Terminoloji sistem ekstralinqvistik təsirlərə indi daha çox məruz qalır. Bu baxımdan dilçiliyin istiqamətləri yeni sahə terminologiyalarının yaranmasını şərt-ləndirmişdir.
Müasir dilçilik-çoxəsrlik tarixi olan dil haqqında elmin inkişaf etmiş, təkmilləşmiş, formalaşmış və ümumiləşdirilmiş yekun nəticəsidir. Dil haqqında elmin təşəkkül dövrü çox qədimlərə gedib çıxır. Eramızdan 1500 il əvvəl yaranmış dini-fəlsəfi kitabələr qədim Hind dilçiliyinin tədqiqat obyekti olmuşdur. Sonralar Roma və Yunan dilçiliyi sürətlə inkişaf etməyə başlamış, Heraklitin, Demokritin, Aristotelin, Platonun dilçilik görüşləri formalaşmışdır. Dil haqqında elmin yarandığı ilk günlərdən onun özünəməxsus terminoloji sistemi də təşəkkül tapmış, müəyyən təkamül dövrü keçirərək formalaşmış və sabitləşmişdir. Ayrı-ayrı elm sahələrində olduğu kimi dilçilikdə də ter-minlərin toplanması, təkmilləşdirilməsi, unifikasiyası məsələlərinin həlli ən zəruri məsələlərdəndir. Bu məqsədlə dilçiliklə bağlı bir sıra terminoloji lüğətlər nəşr olunmuşdur. Belə ki, 1939-cu ildə D.Quliyevin tərtib etdiyi “Rusca-azərbaycanca dil və qrammatika terminləri lüğəti” SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutu tərəfindən nəşr edilmişdir. Həmin lüğət orta məktəb proqramını əhatə edir. 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı tərəfindən layihə şəklində çap olunmuş dilçilik terminləri yenidən işlənmiş və təkmilləşdirilmişdir. Dilçilik terminləri həmin dövrdə Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Termino-logiya Komitəsində müzakirə və təsdiq olunmuşdur. 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lüğəti R.Ə.Rüstəmov, M.Ş.Şirəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr etmişdir. Göstərilən “Dilçilik terminləri lüğəti”ni ilk rəsmi, müzakirə və təsdiq olunmuş lüğət hesab etmək olar.
1960-cı ildə Azərbaycan Tədris Pedaqoji Nəşriyyatı tərəfindən nəşr edilmiş “Müxtəsər dilçilik lüğəti” də bu sahədə atılmış uğurlu addımlardan hesab oluna bilər. Lakin bütün bu lüğətlər dilçiliyin inkişaf dövrlərini əks etdirmir və məhdud terminləri əhatə edir.
1969-cu ildə Ə.Fərəcov tərəfindən çap edilmiş dilçilik lüğətində orta məktəblərdə işlənən dilçilik terminləri, onların əsas əlamət və xüsusiyyətləri göstərilməklə izah edilir. Həmin lüğət orta məktəb şagirdləri, dil-ədəbiyyat müəllimləri, habelə filologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, Ə.Fərəcovun “İzahlı dilçilik lüğəti”ndə dilçiliyə aid son illərdə yaranmış terminlər əhatə edilməmişdir.
1989-cu ildə “İzahlı dilçilik terminləri” lüğəti çapdan çıxmışdır (müəlliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). İndiyə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lüğətlərinin ən mükəmməli olan bu lüğətdə ali və orta məktəb dərsliklərində, dərs vəsaitlərində işlənən sabitləşmiş terminlər əhatə olunmuşdur. Arxaikləşmiş, dublet terminlər lüğətin sonuna əlavə edilmişdir.
Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanan “Dilçilik ensiklopediyası”nda hər bir termin rus dilində əlifba sırası ilə düzülmüş, onun alman, ingilis, fransız dillərində qarşılığı verilmiş, ingilis dilində sözün tələffüzü ilə yazılış forması arasındakı böyük fərq nəzərə alınaraq terminlərin bu dildə transkripsiyası, sonra isə terminlərin Azərbaycan dilində izahı yer almışdır. Sözlərin semantik mənalarının açılması və şərhi zamanı imkan daxilində Azərbaycan dilçiliyindəki mənbələrdən istifadə edilmiş, bəzən də şərh olunan məsələ ilə bağlı başqa dillərdən də misallar verilmişdir. İstisnasız olaraq bütün baş sözlərin açılışından sonra konkret elmi-nəzəri mənbə göstərilir. Əksər hallarda mənbələrin dəqiq biblioqrafik göstəriciləri verilir.
Lakin müasir dövrdə elmlərin inteqrasiyası prosesinin güclənməsi müxtəlif elm sahələrində, o cümlədən də dilçilikdə yeni elmi istiqamətlərin sürətlə inkişaf etməsi üçün əsaslı zəmin yaratmışdır. Dilçilikdə yeni istiqamət və sahələrə münasibət, şübhəsiz ki, aparılan tədqiqat işlərindən asılı olaraq formalaşır. Son dövrlərdə mətn dil-çiliyi, nəzəri dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqvistika və paralinq-vistikaya dair araşdırmalar gedir. Qeyd edək ki, dilçilikdə bu istiqamətlərdə yeni sahələr yaranmışdır. Diqqəti cəlb edən başqa bir cəhət xarici dilçiliyin fundamental tədqiqat işlərinin Azərbaycan dilinə tərcüməsi ilə bağlıdır. Belə tərcümələr də Azər-baycan dilində dilçilik terminlərinin yaranmasına təsir göstərir. Dilçiliyin bir elm kimi müxtəlif istiqamətlərdə inkişafı, başqa elm sahələri ilə inteqrasiyası mövcud terminoloji sistemdə əsaslı dəyişmələrə səbəb olmuşdur. Azərbaycanda nəşr olunmuş dilçilik terminləri lüğətlərində bu terminlər əhatə olunmamışdır. Ona görə də müxtəlif tədqiqat işlərində, yeni yazılan dərsliklərdə terminlərin işlənməsi bəzən elmi mübahisə obyek-tinə çevrilir. Çox vaxt tədqiqatlarda termin anlaşılmazlığının olması ilə bağlı iradlar səslənir. Dilçilik elminin müasir inkişaf səviyyəsi, yeni-yeni istiqamətlərin təşəkkülü, elmlərin inteqrasiyası və diferensiyasının nəticəsi olaraq dilçiliyin həmhüdud sahələrinin inkişafı yeni terminlərin yaranmasına səbəb olur. Hazırda bu proses davam etməkdədir. Bu terminlərin ifadə olunmasında dilin daxili imkanları əsasında termin yaradıcılığı ilə paralel terminalma da sürətli forma almışdır. Müasir dövrdə termino-logiyada gedən prosesləri səciyyələndirən əsas cəhətlərdən biri beynəlmiləl terminlərin sayının sürətlə artmasıdır. Dilçilik elminin sürətli inkişafı, yeni dilçilik sahələrinin ya-ranması bu sahədə yaranan terminlərin toplanmasını, onların sistemləşdirilməsini və izahlı dilçilik terminləri lüğətinin tərtibini zəruri edir. Hazırda dilçiliyin müxtəlif sahə-ləri ilə bağlı aparılan tədqiqatlar da lüğətin tərtibi üçün zəmin hazırlamışdır. Azərbaycan dilinin dilçilik terminologiyasının nizama salınmasına kəskin ehtiyac du-yulur. Bu nəzərə alınaraq tərtib olunan lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilmişdir. “İzahlı dilçilik terminləri lüğəti”ndə əksər terminlərin Azərbaycan dilində izahını vermək (məsələn, heca vurğusu – sözdəki hecalardan birinin digərinə nisbətən qüvvətli tələffüz edilməsinə heca vurğusu deyilir. Sözün tərkibindəki hecalardan birinin qüvvətli şəkildə və ya səs tonunu dəyişməklə tələffüz edilərək başqalarından fərqləndirilməsi. Heca vurğusunun düz, qalxan, enən, enən-qalxan, qalxan-enən növləri vardır. Sözdə vurğu-nun yeri çox müxtəlifdir. Belə ki, vurğu bütün dillərdə həmişə sözün bir hecası üzərinə düşmür, həm sözün əvvəlində, həm ortasında, həm də sonunda ola bilir. Bu cəhətinə görə heca vurğusu iki yerə bölünür: 1. sərbəst vurğu; 2. sabit vurğu) və dilçiliyimizdə müəyyən tarixə malik, qəbul edilmiş və işləklik qazanan terminlərin saxlanılması (mə-sələn, sait, samit, feil, isim və s.) prinsipi əsas götürülmüşdür. Bundan başqa bir çox dünya dillərində işlənən və Azərbaycan dilində qarşılığını tam şəkildə yaratmaq müm-kün olmayan (adstrat, adverbial, semantika) terminlər olduğu kimi saxlanılmışdır. “İzahlı dilçilik terminləri” lüğətinin tərtibi prosesində aşağıdakı istiqamətlər aparıcıdır: - dilin öz daxili imkanları hesabına yaranan terminlər; - rus dilindən, rus dili vasitəsi ilə başqa dillərdən birbaşa alınmış terminlər; - ingilis dilindən birbaşa alınan terminlər; - qohum türk dillərindən alınan terminlər.
Lüğətin sözlüyünün hazırlanması zamanı aşağıdakı meyar və prinsiplər gözlənilmişdir:
• Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilir.
• Lüğətin sözlüyünə daxil edilən dilçilik terminlərinin geniş, daha dolğun izahı verilir.
• Sözlükdə əsas lüğət məqaləsindən sonra söz birləşməsi və baş sözlər də öz əksini tapmışdır. Ehtiyac olduqca “bax” məqalələri də verilmişdir.
• Əsas maddədə mövzu ilə əlaqədar terminlər yenə də daxili əlifba sırası ilə qruplaşdırılmışdır.
• Lüğətdə terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun verilmişdir.
Göstərilən prinsiplər əsasında tərtib edilmiş lüğətdə elmi-tədqiqat və tədris prosesində tez-tez rast gəlinən terminlərin şərhinə geniş yer verilmişdir. Bəzi tədqiqatçılar öz əsərlərində əsaslandırılmamış terminlərdən istifadə edirlər. Belə fərdi terminlər lüğətə daxil edilməmişdir. Lüğətə dilçilikdə vahid formada qəbul edilmiş və eyni mənada işlənən terminlər daxil olmuşdur. Lakin bu terminlərin izahında bir-birindən fərqli fikirlər də mövcuddur. Belə terminlərin izahında, bir sıra mübahisəli məsələlərin həllində son tədqiqatlar əsas götürülmüşdür.
Lüğət 912 səhifədən ibarətdir.

04.05.2018