AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Qəzənfər Kazımovun “Ədəbiyyatda komizm” adlı kitabı təkrar nəşr edilib.
Monoqrafiya Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında çap olunub.
Monoqrafiyanın elmi redaktorları mərhum akademik Tofiq Hacıyev və mərhum professor Yusif Seyidov, rəyçi filologiya üzrə fəlsəfə doktoru A. Şəfiyevdir.
Müəllifin bu kitabında T.Şahbazi, B.Talıblı, Mir Cəlal və S.Rəhmanın 20-30-cu illər nəşr dili materialları əsasında Azərbaycan dilinin gülüş yaratma imkanları nəzərdən keçirilmiş , sözün komik potensialı öyrənilmişdir. Əsərdə xüsusi adlar və ləqəblərin, şivə leksikasının, vulqar söz və ifadələrin, alınma və arxaik sözlərin, neologizmlərin , trop növlərinin, atalar sözləri və məsələlərin, aforizm və şablonların komik təbiəti, komizm yaratma imkanları şərh edilmişdir.
Kitabda qeyd edilən dövrün satirik nəşr materialları əsasında filologiyamızda ilk dəfə kominizmin ezopçuluq, əksinə söyləmə (kinayə), deformasiya, gözlənilməzlik, anlaşılmazlıq, uyğunsuzluq və anaxronizmlərlə ifşa üsulları sistemli şəkildə araşdırılmış, əvvəlki nəşr dili materiallarına da diqqət yetirilmişdir. Çapa hazırlanarkən əsər üzərində yenidən işlənmiş və bir sıra əlavələr edilmişdir.
“Ədəbiyyatda komizm” adlı kitabda komizm üsulları, komizm nəzəriyyəsi problemləri, komik uyğunsuzluqlar, komik anlaşılmazlıq üsulları araşdırılmışdır.
Şrifti böyüt:
Çap et