Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
24.3.2015

“Medianın dilindən şikayətim çoxdur”

Professor Oruc Musayev: “Onlar dilimizin sintaksisini, lüğət fondunu korlayır”

Azərbaycan dilinin normalarına riayət edilməsi məsələsi son illərin aktual problemlərindəndir. Odur ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, bununla bağlı Tədbirlər Planı qəbul edilib və icra olunur. Eyni zamanda bir sıra qurumlar tərəfindən kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarına nə dərəcədə əməl edilməsini araşdırmaq üçün monitorinq keçirilir. Bir sözlə, dilimizin qaydalarına, saflığına əməl olunmasına nəzarət diqqət mərkəzindədir.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri, folologiya elmləri doktoru, pörofessor, ömrünün ən azı 60 ilindən çoxunu müəllimliyə, dilçilik elminə həsr edən, dediyinə görə 40 il orta məktəb üçün dərslik yazan 86 yaşlı Oruc Musayev ilə söhbətimiz də kütləvi informasiya vasitələrinin dili, bu sahədəki çatışmazlıqlar, nöqsanlar və digər aktual problemlərlə bağlıdır.

Alim “a24.az”a müsahibəsində sözügedən mövzularla bağlı problemləri açıqlayıb, onların aradan qaldırılması yollarını göstərib və bir sıra maraqlı təklif səsləndirib.

-Ürəyim doludur, ona görə də medianın dilində yer alan və məni narahat edən problemləri açıqlamağa çalışacam. Əvvəla, kütləvi informasiya vasitələrinin, xüsusən də televiziyaların dilindən şikayətim çoxdur. Çünki onlar dilimizin sintaksisini, lüğət fondunu korlayır. Məsələn, televiziyalarda aparıcılar deyir ki, beş kitablar, on uşaqlar və sair. Bu, düzgün deyil. Çünki “bir neçə” artıq kitabın çox olduğunu ifadə edir. Yadda saxlamaq lazımdır ki, saydan sonra gələn ismi cəm formada işlətmək dilimizin əsrlər boyu formalaşmış qaydasına ziddir. Hara gedirəm belə ifadələr qulağımı deşir. Başqa bir misal söyləyim. Metroda elan edirlər. Deyirlər ki, “Ötüb keçmək lazım gələrsə soldan keçin”. A kişi ötəndən sonra necə keçirlər… Əvvəl keçir, sonra ötürlər də…

Bəs cümləni düzgün şəkildə necə qurmaq olar?

-Əslində , belə deyilməlidir: “Keçib ötmək lazım gələrsə soldan keçin (bu arada qocaman alimimiz ürəkdən gülür-A.S)… Yəni keçib, sonra ötürlər. Bax belə hallara görə dilimiz korlanır. Bundan başqa, dilimizdə “kərə yağı” sözünü tez-tez işlədirlər. “Kərə” qulağı xırda olan qoyuna deyirlər. Kərə sözü ilə yağ ərzağı arasında heç bir əlaqə tapmaq mümkün deyil. Bu halda kərə yox, tərə sözü işlədiməlidir. Çünki inək, camış və s. heyvan tərə (ot) yeyir ondan da süd, süddən də yağ alınır. Bu səbəbdən də bu ərzağa kərə yağı yox, “tərə yağı” demək lazımdır. Necə ki, zeytun, qarğıdalı, günəbaxan yağı, qoz yağı və sair kimi… “Kərə yağı” xalq etimologiyasıdır. İnsanlar tərə sözünu başa düşməmiş, onu kərə sözü ilə əvəz etmiş və bunun da nəticəsində tərə yağı dönüb kərə yağı olub. Bunu bilmək və bu qüsuru da düzəltmək lazımdır.

Daha bir problem, məsələn, KİV deyir və ya yazır ki, tufan filan yeri cənginə alıb. Bu, “cəng” yox, “çəng”dir. “Çəng”, farsca əl deməkdir. Yəni tufan filan yeri çənginə (əlinə) alıb. “Cəng” isə dava-dalaşa aid olan sözdür. Şamaxıda cəngi dərəsi var. Orda savaş olub və ona görə də həmin yerin adı “cəngi” kimi qalıb. “Cəngavər” sözü də “cəng”dən yaranıb. ANS TV-də Xanım Yadigarlı adlı diktorluğa təzəcə başlamış bir nəfər var. O da “çəng” yox, “cəng” deyir. Neyləsin, öz sələflərindən belə eşidib o da belə deyir də…

Yeri gəlmişkən, ANS TV-də elan edirlər: İndi hər yerdə şopinq edə bilərsiz. Şopinq ingilis sözüdür və bizim dilimizdə bazarlıq deməkdir. Bəs niyə bazarlıq demirlər… Nəzərə almaq lazımdır ki, qloballaşma dövrüdür və bu şəraitdə dilimizin saflığına ciddi fikir verməliyik.

-Yeri gəlmişkən, qloballaşma dilimizə nə kimi təsir edir?

-Qloballaşmanın mənfi, mürtəce cəhətləri də yox deyil. Mən hətta fikirləşmişəm ki, inkivizisiya dövründə, orta əsrlərdə edə bilmədiklərini qloballaşma ilə həyata keçirmək istəyirlər. Stalin demişdi ki, gələcəkdə yer kürəsində iki dil-ya alman, ya da rus dili olacaq. Məncə, belə bir şey ola bilməz! Çünki o zaman bir dil olar ki, planetdə bir millət olsun. Amma zaman göstərir ki, hər kəs öz dilindən möhkəm yapışıb. Dil millətin mənliyidir. Tayfaları, xalqları və millətləri fərqləndirən, bir-birindən ayıran bəzi özəlliklər sırasında dil aparıcı yer tutur. Dil hər bir millətin kimlik sənədi hesab edilir. Dil o zaman məhv olur ki, millət məhv olur. Heç də təsadüfi deyil ki, tədqiqatçılar bizim eradan çox-çox əvvəl yaşamış etrusk adlanan tayfanın mənşəyini müəyyənləşdirmək, bu xalqın hansı millətə mənsub olmasını dəqiqləşdirmək üçün onların hansı dildə danışmalarının müəyyənləşdirilməsini başlıca açar hesab edirdilər. Tədqiqatlar nəticəsində əldə edilən bir çox sözlərin hesabına müəyyən edildi ki, etrusklar türk mənşəli tayfa olmuşlar. Hesab edirəm ki, ədəbi dildə işlədilən sözlərə ciddi fikir vermək lazımdır.

-Dilimizə yad olan, amma buna baxmayaraq tez-tez işlədilən daha hansı sözlər var?

-Cəmiyyətdə, mediada “həftəbecar” sözü işlədilir. Bu, “həftbecar”dır. “Becar” fars sözüdür və qarışıq deməkdir. “Həft” isə yeddi deməkdir. Yəni yeddi şeyin qarışığından əmələ gələn məhsul. Nizami Gəncəvinin “Həft peykər” əsəri var. Bu əsər “Yeddi gözəl” adlanır. Ona görə də “həftəbecar” yox, “həftbecar” kimi işlədilməlidir.

Dilimizdə məni daha çox narahat edən məsələlərdən biri də “hansı ki” sözüdür. Bu söz nəinki Azərbaycan, ümumiyyətlə, türk sintaksisinə yaddır. Bu söz Hind-Avropa dillərinə mənsubdur. Məsələn, televiziyalarda deyirlər: Zavod, hansı ki, biz tikdirmişik hələ də işləyir. Ola bilməz ki, bu cümlə “Bizim tikdirdiyimiz zavod hələ də işləyir” kimi deyilsin, yazılsın? Dilimizin əsrlər boyu formalaşmş sintaksisi məsələni bu cür tələb edir.

Dərd orasındadır ki, dilimizə yad olan belə cümlələr hələ də televiziylar və qəzetlərdə işlədilir. İnanın, belə cümlələri eşidəndə az qalıram gedib deyəm ki, bu cümləni niyə belə işlədirsiniz… Hesab edirəm ki, bu problemin kökü orta məktəblərdə tədrisin zəifliyindən irəli gəlir. Yeri gəlmişkən, bəzi müəlliflər “Azərbaycan dilinin izahlı lüğətində” yazırlar: “qulun” (bax: qulan). Qulanın da qarşısına “köhnə at balası” yazılıb. Qulun atın bətnində olan balaya deyirlər. Qulan isə 2 yaşa kimi dişi ata deyirlər. Bunlar isə qulunu da, qulanı da, köhnə at balası kimi qeyd edirlər. Bu, biabırçılıqdır. Bunlar unudurlar ki, dilçi olmaq üçün ən azı üç dil bilmək vacibdir. Bəziləri bir dil bilir və ağzına gələnləri yazır.

Rəhmətlik Sabirin belə bir şeiri var:

Mən bu əsrarı qana bilmirəm,

Qanmaz olub da dolana bilmirəm!..

Axtaxana, sağda dana böyüdü,

Mən böyük ollam, haçana bilmirəm!..

Bənddəki “əsrar” sözünün iki adı var: biri Hindistanda narkotik maddə adıdır. Digəri isə ərəb mənşəli “sirr” sözüdür. Sabirin sözü olmasın, qanmayıb yaşamaq olar, amma qanıb yaşamaq çətindir. Onu da əlavə edim ki, hazırda “Azərbaycan dilinin funksional izahlı lüğəti”ni yazıram. Allah ömür versə onu başa çatdıracam. Ondan sonra görəcəklər ki, lüğət necə yazılır.

-Hazırda yazdığınız kitabda nəyi sübut etməyə çalışacaqsınız?

-Əvvala onu sübut etməyə çalışacam ki, qulana “köhnə at balası demək olmaz”… (gülür-A.S). İkincisi, bəzi müəlliflər sözün hansı funksiyada işləndiyini unudur. Ona görə də yeni kitabımın adında “funksional” işlətmişəm. Bilinməlidir ki, hansı söz hansı funksiada işlənir. Sözün mənası onun funksiyasından asılıdr. Ümumiyyətlə, belə bəlaları aradan qaldırmaq üçün işi bilənə tapşırmaq lazımdır.

Məhəmməd Hüseyn Şəhriyarın gözəl sözü var:

Bizdən öndədir avropalılar,

Çün işi iş bilənə tapşırır onlar.

Gör nə ağıllı sözdür.

Rəhmətlik Qabil isə deyir ki, “Yaman olur səhv düşəndə yerimiz”.

Bəli, kimin yeri səhv düşürsə oranı söküb-dağıdır. Yəni problemlər çoxdur və bununla yekunlaşmır.

-Deyəsən, ürəyiniz doludur…

-Bəli, doğrudan da bizi narahat edən çox problem var. Onu əlavə edim ki, ana dilimizin əsirlərlə formalaşmış qayda-qanunlarını pozan, onları anlaşılmaz hala salan bir də bizim idman icmalçılarımızdır, daha dəqiq desək futbol yarışlarını şərh edən bəzi jurnalistlərdir. Onların əksəriyyəti, sanki dilimizin cümlələrində sözlərin necə düzülməsini bilmirlər, ya da ona laqeyd yanaşırlar. Nəticədə qəribə səslənən cümlələr işlədirlər. Məsələn, futbol oynunun şərhçisi Rəşad Rafiqoğlu belə deyir: Filankəs gözəl topu yoldaşına ötürdü . Bu cümlə qüsurludur, səhvdir. Belə ki, bu cümlədə işlənmiş gözəl sözü tərzi-hərəkət zərfliyidir və dilimizin sintaktik qanununa əsasən ötürmək fel qarşısında durmalıdır. Bu cümlədə isə bu söz, göründüyü kimi, ismin qarşısında, yəni top sözünün qarşısında işlədilmişdir. Bunun nəticəsində də həmin cümlənin mənası təhrif olunub. Belə çıxır ki, filankəs yoldaşına pis yox, gözəl topu ötürdü. Əslində isə burada söhbət topun necəliyindən, onun gözəlliyindən, yaxşı və ya pis olmasından deyil, hərəkətin necəliyindən gedir. Yəni oyunda istifadə edilən adi, normal bir topdan, onun gözəl ötürülməsindən gedir. Demək, bu cümlə əslində belə deyilməlidir. Filankəs topu yoldaşına gözəl ötürdü. Bu adamlar dərk eləmirlər ki, cümlədə söz sırası var və ona fikir vermək lazımdır. Problem yenə də ondadır ki, məktəb onları öyrətməyib.

Ana dilmizin nəqli cümlələrində sözlərin sıralanması məsələsini ya bilməməkdən, ya da bu məsələyə etinasızlıq göstərməkdən irəli gələn daha bir məsələ üzərində də dayanmaq istərdim. Bir də eşidirsən ki, həmin şərhçi və ya başqası uca səslə deyir: Daha bir küncdən zərbə. Yaxud deyir: On beşinci küncdən zərbə və s. Çox qəribədir, məgər bu futbol oyununun şərhçisi bilmirmi ki, görmürmü ki, futbol meydanının cəmi dörd küncü var?! Belə olan halda on beşinci küncdən necə zərbə vurmaq olar?! Bu halda da səbəb şərhçinin işlətdiyi cümlədə sözləri yanlış olaraq sıralamasıdır. Çünki şərhçi künc sözü ilə sıra sayını cümlədə düz yerləşdirmir. Bunun da nəticəsində belə əcaib, gülüş doğuran cümlələr alınır. Bu halda sadəcə olaraq əvvəlcə künc sözü, ondan sonra isə lazım olan sıra say işlədilməlidir. Belə olduğu halda hər şey qaydasına düşər, şərhçinin işlətdiyi cümlə quruluşca dilimizin qayda-qanuna cavab verər: küncdən birinci zərbə, küncdən on beşinci zərbə və s. Futbol oyunlarını seyr etməyi xoşlayıram və ondan zövq alıram. Amma bizim bəzi şərhçilərimizin futbol yarışları zamanı belə yanlış cümlələr işlətmələri, dilimizin qayda-qanunlarına riayət etməmələri mənim ovqatımı yamanca təlx edir, kefimi pozur, futbol oynundan almaq istədiyim ləzzətə sözün əsl mənasında haram qatır.

Müşahidələrimiz onu da göstərir ki, bəzi natiqlər nitqlərində bir sayından sonra gələn ismi cəmdə işlədirlər. Məsələn, belə deyirlər. Bizim belə bir problemlərimiz var. Onlar belə bir məsələləri həll etməlidirlər. Birləşmiş Ştatlardan Rusiyaya qarşı hər hansı bir ciddi addımlar gözlənilmir və s. Bu, yəni bir sayından sonra ismin cəmdə işlənməsi, dilimiz üçün məqbul hesab edilə bilməz. Çünki dilimizdə nəinki, bir sayından, hətta cəmlik bildirən digər saylardan sonra da isim cəmdə işlənmir. Belə hallarda sadəcə olaraq bir sayını işlətmək lazım deyil. Belə olduqda işlədilən cümlə rəvan və səlis olar-ana dilimizin qayda-qanununa uyğun gələr. Bax efirlərdə belə problemlər var və həll etməlidirlər.

Ana dilimizə xas olan özəlliklərdən biri də onun lüğət fondudur, lüğət tərkibidir.

Dilimizin keşiyində dayanaq dedikdə, bu o deməkdir ki, biz həm də ona, yəni ana dilimizə xas olan lüğət fondunun, lüğət tərkibinin qeydinə qalmalıyıq, onun keşiyində durmalı və onun saflığını, özəlliyini qorumalıyıq. Zərurət olmadan ona yad ünsürlərin yol tapmasına imkan verməməliyik.

Atif Sarıxanlı

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.