Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
AZ
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.3.2015

“Dilimizə qarşı müəyyən təhlükələr var”

“XXI əsrin əvvəllərində dünyada 6700 “canlı” dil qeydə alınıb. Onlardan 500-ə yaxını itmək təhlükəsi qarşısındadır”.

Bu barədə “a24.az”a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qazıyeva deyib.

N.Qazıyeva bildirib ki, digər dillər kimi Azərbaycan dilinə qarşı da müəyyən təhlükələr var: “Çünki informasiya texnologiyaları inkişaf edir, yeni-yeni xəbər portalları yaranır və istər-istəməz dilə beynəlxalq terminlər daxil olur. Bu isə dilə mənfi təsir göstərə bilər”.

“İnanırıq ki, küçə reklamlarındakı problemələrin aradan qaldırılmasına nail olacağıq”

Azərbaycan dilinin qorunması və inkişafı üçün müəyyən tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran alim deyib ki, dilin qorunmasının bir yolu da küçə adları, reklamlara diqqətlə yanaşmaqdan keçir: “Bunu nəzərə alan Dilçilik İnstitutu reklamlarda dilimizin normalarına əməl edilməsilə bağlı əməli işlərə başlayıb. Məlumdur ki, reklamların dilində dilimizə, mentalitetimizə uyğun olmayan ifadələrə, şablonlara rast gəlinir. Ona görə də Dilçilik İnstitutu Bakı Şəhər İcra Hakimiyyəti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, reklam mətnləri Dilçilik İnstitutuna təqdim edilir və bizim rəyimizdən sonra istehsal edilir. İnanırıq ki, küçə reklamlarındakı problemələrin aradan qaldırılmasına nail olacağıq”.

Telekanalların dilinin monitorinqi başlayıb

N.Qazıyeva hesab edir ki, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda dilimizin normalarına əməl edilməsi məsələsinə diqqət artırılmalıdır: “Hesab edirik ki, telekanallar ədəbi dilin normalarının qorunmasına daha çox fikir verməlidir. Çünki insanlar məlumatı daha çox telekanalardan alır. Ona görə də telekanalarda dilimizin normalarının pozulması ana dilimizin inkişafına daha çox mənfi təsir göstərir. Yeri gəlmişkən, aprelin 9-u “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunmasının 2-ci ilidir. Dövlət Proqramının qəbul edilməsinin ildönümü ərəfəsində telekanalların dilinin monitorinqini aparırıq. Çox güman ki, aprelin 7-8-i monitorinqin nəticələrini elan edəcəyik və bununla bağlı böyük tədbirimiz olacaq”.

1023 küçə adı təqdim edilib

“Küçə adlarının yenilənməsi, bu sahədəki problemlərin aradan qaldırılması ilə bağlı işlər nə yerdədir”-sualına gəlincə, N.Qazıyeva deyib ki, Dilçilik İnstitutu Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə 2014-cü ilin iyinunda 1 illik müqavilə imzalayıb: “Artıq institutumuza Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 1023 küçə adı təqdim edilib. Biz küçə adlarının yazılışında həm orfoqrafiyaya, həm də prinsip pozulmalarına diqqət yetiririk. Məsələn, küçələrin birində həm ad, həm də soy ad verilir. Amma başqa bir küçədə yalnız bunlardan biri verilir. Deyək ki, bir küçədə Nizami Gəncəvi, digərində isə Natəvan yazılır. Biz isə təklif edirik ki, Xurşudbanu Natəvan kimi yazılsın. Beləliklə, küçə adlarında həm prinsip, həm də ədəbi dilin normaları pozulmasın”.

Alim qeyd edib ki, bundan sonra respublika üzrə bütün adlar Dilçilik İnstitutuna təqdim ediləcək: “Hətta kənd üzrə bölgü vahidi varsa, onlar üçün də küçə adları instituta daxil olacaq və buna nəzarət edəcəyik. Bütün küçələrdə ad və soy ad yazılacaq. Onu da əlavə edim ki, müqaviləmizin vaxtı bu ilin iyun ayında bitəcək. Əgər o vaxta qədər küçə adlarının yenilənməsi işi yekunlaşmasa, çox güman ki, müqavilənin müddəti uzadılacaq”.

Təhlükə daha çox KİV ilə daxil olur

N.Qazıyeva onu da əlavə edib ki, qloballaşmadan doğan və milli dil üçün təhlükə yaradan təsirlər dilə daha çox KİV ilə daxil olur: “Bu proses qloballaşmanın mənfi təsirinin qarşısının alınması üçün tədbir görülməsini zəruri edir”.

Onun sözlərinə görə, hazırda informasiya texnologiyalarının inkişafı ilə şərtlənən qloballaşma prosesi həyatın bütün sahələrini-iqtisadi, siyasi, mədəni, o cümlədən dil situasiyasını da əhatə edir. Qloballaşma bir tərəfdən ümumibəşəri dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən sıx qarşılıqlı əlaqələr inteqrasiya prosesinin güclənməsinə, milli mədəniyyətlərin, eləcədə də dillərin sıxışdırılmasına gətirib çıxarır: “Bu baxımdan qloballaşma dilə və dil siyasətinə təsir göstərən iki əks faktoru aktuallaşdırır: ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil müstəqilliyi, milliliyi qorumaq meyli. Hər bir dilin kökündə xalqın böyük mədəniyyəti dayanır. Bizim qarşımızda dayanan vəzifə qloballaşmanın mənfi təsirindən bu mədəniyyəti qorumaqdır”.

N.Qazıyeva statistik məlumatlara əsaslanaraq qeyd deyib ki, dünyada gedən proseslər qlobal ünsiyyət vasitəsi kimi məhz ingilis dilinin çıxış edəcəyini əks etdirir. Onun sözlərinə görə, dünyada ingilis mədəniyyətinin yayılması missiyasını həyata keçirənlərdən biri- dilçi Devid Qreddol Britaniya şurasına məruzəsində hazırda dünyada ingilis dilində doğmavə ya ikinci dil olaraq danışanların sayının milyarda çatdığını, bunun ibtidai sinifdən öyrədilməsinə nail olunacağı təqdirdə “Ümumdünya ingilis dili layihəsi” çərçivəsində yaxın 10 il ərzində dünyada 2 milyard ingilisdilli insanın olacağını proqnozlaşdırır: “Lakin etiraf edir ki, bu dil normal, düzgün ingilis dili deyil və yeni yaranan variant əsl dili sıxışdıra bilər. Jan-Pol Nerrer 1500 sözə əsaslanan bu dili “Qlobiş” adlandırıb (qlobal ingilis dili) və deyib ki, qlobiş dil deyil, süni ünsiyyət vasitəsidir, bu dildə bədii ədəbiyyat olmayacaq, sadəcə gündəlik ünsiyyət vasitəsi kimi işlənəcək”.

“Azərbaycan dilini qorumaq bizim borcumuzdur!”

N.Qazıyeva bildirib ki, dilin gələcək inkişafı ilə bağlı proqnoz və planlaşdırma dövlət siyasətinin bir hissəsidir. Onun sözlərinə görə, İsveç tədqiqatçısı F.Qrin müşahidələrinə əsasən çoxmaraqlı bir faktı qeyd edir-dil problemləri müasir iqtisadçıları daha çox narahat edir, nəinki iqtisadi problemlər dilçiləri! Dil siyasətinin düzgün qurulması təhsil də daxil olmaqla bir çox sahələrdə mövqeyin düzgün seçiminə, dilin tətbiqi və inkişafı ilə bağlı düzgün qərarların qəbuluna şərait yaradır: “Artıq bir çox ölkələrdə dil situasiyasının öyrənilməsi ilə bağlı xüsusi institutlar yaradılıb. Qazaxıstanda 2008-ci ildən dil situasiyasının avtomatik monitorinq sistemi fəaliyyət göstərir. Müxtəlif ölkələrdə KİV-də müşahidə olunan proseslərin, eləcə də dil məsələlərinin izlənilməsi üçün xüsusi proqram təminatı olan “medialogiya” adlı layihələr həyata keçirilir. Bu tipli proseslərin getdiyi vaxtda, hətta dünyada ən geniş yayılmış dillərdən olan ingilis dili üçün təhlükənin mövcudluğu real olduğu zamanda Azərbaycan dilini qorumaq və inkişaf etdirməklə bağlı məsələlər vətəndaş olaraq bizim borcumuzdur!”

Atif Sarıxanlı
www.a24.az

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.