Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.10.2021

İsmayıl Məmmədli,
professor,
AMEA-nın Nəsimi adına Dilçilik institutunun
Tətbiqi dilçilik şöbəsinin müdiri

DÜNYADAN NƏ GÖZƏL BİR İNSAN GETDİ

Ömür, yaşamaq haqqı hər bir bəşər övladına verilən paydır,qismətdir. Hər bir insan həyatda özündən sonra müəyyən izlər,nişanələr qoyub gedir. Alimə, elm adamına da belə bir pay düşür. O ömür yazıla-yazıla tükənir, qurtarır, əriyir.Elm, himətlər dünyası isə yaşarıdır, əbədidir. Amansız, vaxtsız, erkən ölüm uzun sürən çarəsiz xəstəlik .. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya elmləri doktoru, professor Buludxan Əziz oğlu Xəlilovu sıralarımızdan apardı.
Buludxan Əziz oğlu Xəlilov 1966-cı ildə indi düşmən tapdağında olan Qərbi Azərbaycanın Ağbaba mahalında doğulub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərində «C.Cabbarlı adına təqaüd»lə oxuyub. Bu gənc filoloqun elmə, təhsilə olan marağı, xüsusi istedad və qabiliyyəti nəzərə alınaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi Şurasının tövsiyəsinə əsasən Təhsil Nazirliyi tərəfindən Müasir Azərbaycan dili kafedrasında gənc mütəxəssis kimi saxlanılıb.1992-cı ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyası müdafiə edibdir. Buludxan Xəlilov dilçiliyimizdə ən gənc yaşlarında qazandığı təkrarsız uğurlara, nail olduğu yeniliklərə görə akademik Ağamusa Axundov, akademik Zərifə Budaqova, akademik Tofiq Hacıyev, akademik Nizami Cəfərovdan sonra, onların rekordunu təzələyən, təkrarlayan dilçi alimlərdəndir. O, 26 yaşında fəlsəfə doktoru, 33 yaşında isə filologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 2001-ci ildə müsabiqə yolu ilə Müasir Azərbaycan dili kafedrasında boş olan professor vəzifəsinə seçilibdir. 2000-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetində yeni yaranmış «Dədə Qorqud» elmi tədqiqat laboratoriyasına-mərkəzinə rəhbər təyin olunub. 2001-ci ildə «İlin alimi» nominasiyasının, 2003-cü ildə «Vektor» Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. 2006-cı ildən filologiya fakültəsinin dekanı olmuşdur. 2004-cü ildən Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan, dili, ədəbiyyatı və türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl Qələm» fəxri mükafatı laureatıdır. 2006-cı ildə «XXI əsrin ziyalı»sı adına layiq görülmüşdür. 2006-cı ildə dekabrın 26-da Azərbaycanda təhsil sisteminin inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təltif edilmişdir. 2008-ci ildə «Qızıl qələm» fəxri media mükafatı laureatı olmuşdur. Bir məsələ üzərində dayanmaq istərdik. Professor Buludxan Xəlilovun elmimizdə saldığı izlər dərindir, gətirdiyi yeniliklər hörmətə, diqqətəlayiqdir. Alimin bütün uğurları onun həm klassik Azərbaycan dilçiliyinin nümayəndələrinin qoyub getdiyi irslə, həm də XIX və XX əsr dilçilərinin, korifeylərinin elmi əsərləri ilə dərindən dərinə tanışlığı sayəsində mümkün olmuşdur. Görkəmli Azərbaycan dilçisi professor Buludxan Xəlilov özünəqədərki sələflərinin elmi mülahizə və fikirlərinə, təlimlərinə həssaslıqla, ehtiramla yanaşmış, onlardan öyrənmiş və özünün dilçilik görüşlərini formalaşdırmışdır. Buludxan Xəlilov Azərbaycan dilçiliyinin fonetika, morfologiya, sosioloji dilçilik, ədəbi dil tarixi, leksikologiya, üslubiyyat (əslində bütün sahələrin adını çəkmək doğru olardı) sahələrinin, türkoloji dilçiliyin, habelə ümumi dilçiliyimizin, bədii dilimizin, ayrı-ayrı sənətkarların (B.Vahabzadə, İ.Şıxlı, Səməd Vurğun və.b) dilinin mahir araşdırıcısıdır. O bu sahələrin ən mürəkkəb problemlərinə aid bir çox ölkələrdə məruzə və çıxışlar etmiş, simpozium və konfranslarda dilçiliyimizi şərəflə təmsil etmişdir. Onun qələmindən 20-dək monoqrafiya, dərslik, dərs vəsaitləri, 7 tədris proqramı, 200-dən artıq elmi, elmi-publisistik məqalələr çıxmışdır. Elmi əsərləri Türkiyə, İran, Qırğızıstan, Yakutiya, Bolqarıstan və Türkmənistanda çap olunmuşdur. B.Xəlilov həmçinin, elmi kadrların hazırlanmasına da rəhbərlik edir. Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın filologiya üzrə ekspert Şurasının ən mötəbər üzvlərindəndir. Professor Buludxan Xəlilovun elmi əsərlərinə, monoqrafiya və kitablarına yazılmış resenziya və rəylərdə onun elmi yaradıcılığı layiqli qiymətini almışdır. O həmçinin, Azərbaycan dilinin ən aktual problemləri haqqında televiziya kanallarında müntəzəm çıxışlar etmiş, yeni-yeni mütərəqqi layihələr təqdim etmiş, ölkəmizin sosial-siyasi həyatında ən fəal ziyalılardan biri kimi iştirak etmişdir.
Professor Buludxan Xəlilov təzə-təzə ömrünün 55-ci baharını yaşamağa başlayırdı. Lakin bu xoşbəxtlik onun üzünə gülmədi. Onun ömür karvanını amansız xəstəlik, vaxtsız ölüm qəflətən dayandırdı. Bir körpü ki, ondan övladı bəşər keçəcəkdir. Cəfər Cabbarlı Buludxan Xəlilov - həmişə cavan alim dostlumu öz əsərləri ilə Azərbaycan dilçiliyinə başucalığı gətirən, elmi həyatında onu pillə-pillə zənginləşdirən daim gənc bir araşdırıcı kimi baxışlarım axtarsa da, min-min təəssüf ki, o aramızda, sıralarımızda yoxdur. Real və amansız həqiqətlə onun yoxluğu ilə razılaşmaqdan başqa çarəmiz qalmır. Ümid yerimiz, təsəllimiz onun dilçiliyimizə gətirdiyi dilçilər nəslinin göz qabağında olmasıdır. Necə ki, ana dilimiz yaşayır, dilçiliyimiz inkişafdadır,professor Buludxan Əziz oğlu Xəlilov da yaşayacaq. Allah onun ruhunu şad eləsin, dilçi həmkarlarımızın başı sağ olsun, qohumlarının, dostlarının başı sağ olsun.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.