Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
 
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
 
Dissertasiya Şurası
Elmi seminar
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
“Türk dilləri araşdırmaları” jurnalı
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
 
   
 
SAYĞAC
 
free counters
06.08.2021

Son on ildə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib

Ana dili hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktorlardan biridir. Dil sosial hadisə olduğuna görə hər bir millətin keçdiyi yolun, onun formalaşmasının ən mühüm göstəricisi kimi də qəbul olunur. Ölkəmizdə ana dilinin qorunması və zənginləşdirilməsi dövlət siyasəti səviyyəsində reallaşdırılır. Son on ildə ana dilimizin qorunması və inkişafı üçün qanunvericilik bazası əsaslı şəkildə təkmilləşdirilib. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı mühüm sənədlər onun mənsub olduğu xalqın mənəvi sərvətinə, dilimizə münasibətindən qaynaqlanır.

AZƏRTAC ana dilimizə dövlət qayğısı ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun fikirlərini təqdim edir.

Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.

Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından xüsusilə böyük əhəmiyyət daşıyır. Proqramın əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir ki, bu da Azərbaycan dilçiliyinin dünya elminə inteqrasiyası və ölkənin tanınmış dilçi alimlərinin beynəlxalq miqyasda nüfuz qazanmasına münbit şərait yaradır.

Ölkəmizdə dilçilik sahəsində fundamental araşdırmaların mərkəzi və aparıcı təşkilatçısı kimi tanınan Dilçilik İnstitutunda Prezidentin Azərbaycan dili haqqında 2013-cü il 9 aprel tarixli Sərəncamından irəli gələn vəzifələri həyata keçirmək istiqamətində bir sıra işlər görülüb. İlk növbədə, Dilçilik İnstitutunda bir neçə yeni şöbə (Qədim dillər və mədəniyyətlər, Sosiolinqvistika və dil siyasəti, Kompüter dilçiliyi, Monitorinq) yaradılıb. İnstitutda aparılmış struktur dəyişiklikləri Azərbaycan dilçiliyinin Avropa və dünya elminə inteqrasiyasına, ölkənin görkəmli dilçi alimlərinin beynəlxalq səviyyədə tanınmasına və nüfuz qazanmasına, eləcə də ədəbi dil tarixinin, qədim dillər və mədəniyyətlərin araşdırılmasına, ölkə ərazisində yaşayan azsaylı xalqların dillərinin öyrənilməsinə yol açır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ildə də Azərbaycan dili ilə bağlı iki mühüm dövlət sənədinə imza atıb. Onlardan birincisi “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamdır. Digər sənəd isə Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planı haqqında” 2018-ci 1 noyabr tarixli Fərmanıdır. Fərmana əsasən, reklam daşıyıcılarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yol verilən dil pozuntularının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb.

Beləliklə, bütün bu deyilənlər müstəqil Azərbaycan Respublikasında ana dilinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini açıq-aşkar şəkildə sübut edir.

Məlum olduğu kimi, hər hansı bir dilin qoruyucusu və daşıyıcısı onu təmsil edən xalqdır. Məhz bu mühüm amili nəzərə alaraq, hər bir Azərbaycan vətəndaşı millətimizin varlığı və qürur mənbəyi olan dövlət dilini ürəkdən sevməli, sevdirməli və bu dildə danışmağı ilə fəxr etməlidir.

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yenidən işlənmiş 7-ci nəşri çap olunub. Lüğətə 90 minə yaxın söz daxil edilib. Transliterasiya standartları cədvəlləri hazırlanıb. İlk dəfə olaraq Azərbaycan əlifbasından yeddi əlifbaya (rus, ingilis, alman, fars, ispan, italyan, fransız) transliterasiya işi həyata keçirilib. “Əcnəbilər üçün Azərbaycan dili” dərs vəsaitləri dəsti hazırlanıb. Vəsait rus və ingilis dillərində nəşr edilib.

Bu il ölkəmizdə ilk dəfə olaraq “Azərbaycan dilinin orfoepiya normaları“ hazırlanıb. Normalarda sait və samitlərin, şəkilçilərin, ixtisar və qısaltmaların tələffüz qaydaları öz əksini tapıb. Normalarda ilk dəfə olaraq vurğu ilə bağlı maddələr də yer alıb. “Azərbaycan dilinin orfoepiya normaları” Nazirlər Kabinetinin 2021-ci il 18 iyun tarixli qərarına əsasən təsdiq edilib. İnstitutda bu normalar əsasında “Azərbaycan dilinin orfoepiya lüğəti”nin hazırlanması işinə başlanılıb.

Qeyd olunan bu sənədlər doğma dilimizə göstərilən yüksək səviyyəli dövlət qayğısı barədə danışmağa əsas verir. Söz yox ki, ana dilimiz haqqında Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar ölkəmizdə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini etibarlı şəkildə təmin edir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012.