“Şühədanamə” çap olunub

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylunun nəşrə hazırladığı 16-cı əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” “Elm” nəşriyyatında çap olunub. Kitabın elmi redaktorları mərhum akademik Vasim Məmmədəliyev və Hacı Mustafa Mailoğludur.
“Şühədanamə” (Şəhidlər kitabı) orta əsrlər Azərbaycan tərcümə ədəbiyyatının və ədəbi dil tarixinin ən dəyərli nümunələrindən biridir. Hüseyn Vaiz Kaşifinin Kərbəla müsibəti mövzusunda fars dilində yazdığı “Rövzətüş-şühəda” kitabını Məhəmməd bin Hüseyn Katib Nişati 945/1539-cu ildə Azərbaycan türkcəsinə çevirərək tərcüməni “Şühədanamə” adlandırmışdır. Tərcümənin dilində dövrün səciyyəvi dil xüsusiyyətləri ilə yanaşı, bir sıra dialekt özəllikləri də özünü göstərir. Məhz buna görə də dini məzmun daşımasına baxmayaraq “Şühədanamə” hələ Sovet dövründə: 1965-ci ildə Saməd Əlizadə, 1979-cu ildə isə Möhsün Nağıyev tərəfindən dilçilik baxımından araşdırılmışdır. “Şühədanamə” əlyazması isə dövrün ideologiyasının tələblərinə görə Sovet dövründə nəşr edilməmişdir.
10 babdan (fəsildən) ibarət olan “Şühədanamə”nin ilk bölümlərində məşhur peyğəmbərlərdən Adəm, Nuh, İbrahim, Yaqub, Yusifin (və b.) həyatının ağrılı-acılı anlarından, sonuncu peyğəmbərin (s) cəfaları və dünyasını dəyişməsindən bəhs olunur. Kitabın sonrakı bölümləri həzrət Fatimə, İmam Əli və İmam Həsənin həyatı və vəfatı haqqındadır. “Şühədanamə”nin əsas hissəsində isə İmam Hüseynin həyatı ilə bağlı müəyyən hadisələrdən və Kərbəla faciəsindən danışılır.
“Şühədanamə”nin dünyada yeganə əlyazması 945/1539-cu ildə mütərcim Məhəmməd bin Hüseyn Katib Nişatinin öz xətti ilə Şiraz şəhərində hazırlanmışdır və AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Tərcümənin mətni ilk dəfə olaraq həmin əlyazma əsasında nəşrə hazırlanmışdır.
Kitabda ərəb-fars sözləri lüğəti, arxaik səciyyəli türk mənşəli sözlər lüğəti, həmçinin şəxs adları, qəbilə, yer adları indeksi öz əksini tapıb.
Ön söz və mətnin, izah və lüğət hissələrinin həcmi 680 səhifə, əlyazmanın faksemilesinin həcmi isə 339 səhifədir.