Elçin İbrahimovun məqaləsi beynəlxalq jurnalda dərc edilib

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İbrahimovun “Azerbaycan'da Dil Politikalarının Toplumdilbilimsel Paradigmaları (Sociolinguistic Paradigms of Azerbaijan’s Language Policy”) adlı məqaləsi Web of Science, Clarivate Analytics – “Emerging Sources Citation Index (ESCI)”, Ulakbim bazalarında indekslənən Selçuk Üniversitesi “Türkiyat Araştırmaları” dərgisində nəşr olunub.

İnstitutdan bildirilib ki, məqalədə 1918-2018-ci illər arasında − bir əsrə sığan üç dövrdə (Azərbaycan Cümhuriyyəti, Sovet Azərbaycanı və Azərbaycan Respublikası) aparılan dil siyasətindən və əlifba dəyişikliklərindən bəhs edilmiş, dil siyasəti nəticəsində milli dil və milli kimliklə bağlı ortaya çıxan problemlər araşdırılmışdır. Məqalədə ümumən M.F.Axundzadənin XIX əsrin sonrlarında əlifba islahatı uğrunda mübarizəsi, XX əsrdə Azərbaycanda əlifbanın bir neçə dəfə dəyişdirilməsi fonunda istər müstəqillik dönəmlərində, istərsə Sovet dövründə aparılan dil-əlifba siyasətinin milli dil və milli kimliyin formalaşmasında, eyni zamanda mədəni inkişafda oynadığı rol tədqiqata cəlb edilmişdir.

Gənc alim dil siyasəti və dil planlaması sahəsində araşdırmalarını davam etdirir. Bu il türkoloq alimin həmçinin 3 məqaləsi Türkiyənin nüfuzlu elmi jurnallarına qəbul edilmişdir.Belə ki, gənc alimin “Rusiya Federasiyasının azsaylı türk xalqlarına qarşı dil siyasəti” adlı məqaləsi “Uluslararası Türk Lehçe Araştırmaları Dergisi”ndə, “Bağımsız Türk Cumhuriyetlerinde Dil Politikası (Azerbaycan Örneği)” məqaləsi “Türk Dünyası Dil ve Edebiyat Dergisi”ndə, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə həyata keçirilən dil siyasəti” məqaləsi isə “Uluslararası Türkçe Edebiyat Kültür Eğitim dergisi TEKE” jurnalında hakimlərin rəyi ilə dərc edilmişdir.