Məhəbbət Mirzəliyevanın “Seçilmiş əsərləri. I cild. Türk dillərində feilin məna növ kateqoriyası” nəşr olunmuşdur

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının qərarı ilə Məhəbbət Mirzəliyevanın “Seçilmiş əsərləri. I cild. Türk dillərində feilin məna növ kateqoriyası” nəşr olunmuşdur.
Bu kitab Azərbaycan elminə sədaqətlə xidmət etmiş, bütün fəaliyyəti boyu obyektivliyi, prinsipiallığı ilə seçilən yüksək mənəviyyatlı, işlədiyi kollektivlərdə önəmli yer tutan görkəmli türkoloq – filologiya elmləri doktoru, professor Məhəbbət Mirzəliyevanın 1976-cı ildə müdafiə etdiyi “Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar” mövzusunda namizədlik dissertasiyası əsasında tərtib edilmiş və onun ruhuna sonsuz sevginin nümunəsidir. Mərhum alim hələ sağlığında əsərin nəşrinə çalışsa da, vaxtsız əcəl onun arzusuna mane olmuşdur.
Bu sınaq dünyasında heç nə itmir, hər şey pislik, yaxşılıq insana qayıdır. Bu mənada fil.e.d., prof Kamilə Vəliyeva, fil.ü.f.d, dosent Elnarə Əliyeva, fil.ü.f.d, dosent Qətibə Mahmudova və fil.ü.f.d. Günel Mirzəyevanın təşəbbüsü və səyi nəticəsində mərhumu əbədi yaşadan, ruhunu şad edən əsəri çapa hazırlandı.
Əsərdə alimin qrammatika, söz yaradıcılığı, aqlütinasiya və fuziya haqqındakı orijinal mülahizələri də yer almışdır. Tədqiqat filologiya, türkologiya, ümumən dilçiliklə məşğul olanlar üçün böyük əhəmiyyət kəsb edir. Bu kitabdan gənc dilçi tədqiqatçılar – doktorant və magistrlər də faydalana bilər.