Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.09.2019

AZƏRBAYCAN DİLÇİLİK ELMİNİN CƏFAKEŞİ

Nizami Cəfərov. Bu ad-soyadı eşidən sadə insan da, elm, incəsənət, mədəniyyət adamları da, siyasətçilər, ictimaiyyət nümayəndələri də fikirləşmədən düşünürlər: gözəl dilçi alimdir, ədəbiyyatşünasdır, digəri isə onu həm də bişmiş siyasətçi, milli mədəniyyətimizin, incəsənətimizin, dilimizin inkişafının, qorunub saxlanmasının, zənginləşməsinin mübarizi, cəfakeşi adlandırırlar.
Həqiqətdə isə, bir çox xalq yazıçı və şairlərimizin, tanınmış alimlərin, möhtərəm söz və qələm sahiblərinin Nizami Cəfərov barəsində, onun yaradıcılığı haqqında söylədikləri fikirlərə əsaslanaraq və özümüzün qənaətinə görə hörmətli akademikimizi ana dilimizin korifeyi adlandırsaq heç də yanılmarıq.

Filologiya elmləri doktoru, akademik Nizami Cəfərov fenomen insandır, fitri istedada malik alimdir, işıqlı ziyalıdır, mənəviyyat sahibidir. Allah bu bəndəsindən insanlığa aid heç bir şeyi əsirgəməyib. Müsbət aura, səmimiyyət, sadəlik təcəssümüdür.
Nizami müəllimin yaradıcılığı ilə hələ tələbəlik illərindən - Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxuyarkən tanış idim. Onun türkologiyaya, ümumiyyətlə, dilçiliyə aid məqalələrini maraqla oxuyur, faydalanırdım. Həmin dövrdən Nizami Cəfərovun elmi yaradıcılığını izləyir, çoxsaylı kitab və monoqrafiyalarını, məqalələrini daim nəzərdən keçirir, onlardan elmi mənbə kimi istifadə edirəm.
Akademik Nizami Cəfərovla əyani tanışlığım isə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda aspiranturada oxuyarkən olmuşdur. İnstitutun keçirdiyi tədbirdə iştirak edən Nizami müəllim o vaxt gənclərlə söhbəti zamanı vurğuladı ki, o da universiteti bitirdikdən sonra bir müddət Dilçilik İnstitutunda işləmişdir. Sonra üç il “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında şöbə müdiri vəzifəsində çalışmışdır. 1991-ci ildən isə fəaliyyətini Bakı Dövlət Universitetinə bağlamışdır.
Akademik Nizami Cəfərov görkəmli türkoloq, dilşünas, ədəbiyyatşünas, tənqidçidir, eyni zamanda ideoloq və siyasət adamıdır. Bəli, işıqlı təfəkkürə malik professor Nizami Cəfərov gənc yaşlarından bəri bütün fəaliyyətini elmi yaradıcılığa, ictimai işlərə, milli mədəniyyətimizə həsr edib.
Nizami Cəfərovun ömürnaməsinə nəzər saldıqda onun elmin zirvələrinə pillə-pillə ucaldığının, dilçiliyin müxtəlif sahələrinə nüfuz etməsinin və hər bir mövzunun ətraflı, dərindən təhlil edilməsində, araşdırılmasında yeniliklərin şahidi oluruq.
Akademik Nizami Cəfərov qızıl payız adlanan fəslin başladığı ilk gündə - sentyabr ayının 21-də anadan olmuşdur. Ağstafa rayonunun Zəlimxan kəndində dünyaya göz açan, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirən Nizami Cəfərovun hər bir əsəri də elmimiz, xalqımız üçün qızıldan qiymətli mənbədir. Alimin yaradıcılığı, tədqiqatları təkcə Azərbaycan dili və Azərbaycan ədəbiyyatı tarixinə, Azərbaycan türkcəsinin milliləşməsi və azərbaycanşünaslığın inkişaf tarixinə, ümumi türkologiyaya, türk xalqları ədəbiyyatı tarixinə həsr edilməmişdir. O, eyni zamanda ana dilimizə, mədəniyyətimizə böyük qayğı göstərmiş ümummilli liderimiz Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin fəaliyyətlərinin bu istiqamətinə, müasir ədəbi proseslə bağlı problemlərə, ayrı-ayrı yazıçı və şairlərin, dilçilərimizin yaradıcılıqlarına nüfuz etmiş, əsərlər ərsəyə gətirmişdir. Burada alimin “Türkiyə Atatürkün, Azərbaycan Heydər Əliyevin əsəridir”, Dəyanət Osmanlı ilə birlikdə yazdığı “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “İlham Əliyev (portret cizgiləri)”, “Füzulidən Vaqifə qədər”, “Bəxtiyar Vahabzadə”, “Anar”, “Möhsün Nağısoylu”, “Afaq Məsud”, “Elçin: yazıçının yaradıcılıq yolu”, “Mir Cəlalın milli ideyaları” kitablarını qeyd etmək yerinə düşər.
Akademik Nizami Cəfərov ümumiyyətlə, 500-dən çox elmi əsərin, monoqrafiya və kitabın müəllifidir. Onun kitab və kiçik həcmli məqalələrində belə dərin təhlil, ümumiləşdirmələr, yeniliklər var. Təkcə müəllifin kitablarının adları ilə tanışlıq zamanı alimin yaradıcılığının nə qədər çoxşaxəli olduğunu görürsən.
Akademikin bir neçə monoqrafiya və kitablarını diqqətə çatdırmağı vacib saydıq: “Türk dünyası: xaos və kosmos”, “Genezisdən tipologiyaya”, “Azərbaycanşünaslıq məsələləri”, “Azərbaycanşünaslığa giriş”, “Klassiklərdən müasirlərə”, “Qədim türk ədəbiyyatı”, “Seçilmiş əsərləri (5 cilddə)”, “Tarixin müasirliyi və müasirliyin tarixi”, “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, “Türk xalqları ədəbiyyatı (4 cilddə)”, “Azərbaycançılıq ideologiyasının etnoqrafik əsasları”, “Türkologiyaya giriş” və s.
Bunlar Nizami Cəfərovun qələm məhsulunun, təfəkkürünün cüzi bir hissəsidir. Onun yaradıcılığı, məlum olduğu kimi zəngindir. Bu zənginlik, bu çoxşaxəlilik yalnız dilçi alimləri, ədəbiyyatşünasları deyil, həm də müxtəlif sahələrin mütəxəssislərini cəlb edir. Buna görə də akademik Nizami Cəfərovun həmkarları, çoxsaylı ictimaiyyət nümayəndələri, ziyalılar onun yaradıcılığına həmişə nüfuz etməyə səy göstərirlər. Bunu görkəmli alimin haqqında kütləvi informasiya vasitələrində - qəzet və jurnallarda dərc edilən ciddi yazılardan da açıq-aydın görmək olur. Müəlliflər (onların içərisində xalq yazıçıları da, akademiklər də, adi ziyalı da var) onun yaradıcılığının bütün istiqamətlərini geniş təhlil edir, xalqımıza yüksək səviyyədə çatdırmağa səy göstərirlər. Nizami Cəfərovun özünü isə olduğu kimi - bütöv şəxsiyyət kimi təqdim edirlər.
Burada Nizami Cəfərovun barəsində görkəmli alim və söz sahiblərinin fikirlərini də xatırlatmaq yerinə düşər. Akademik Tofiq Hacıyev hələ dörd il bundan əvvəl “Türkologiya” jurnalının 2015-ci il tarixli 3-cü nömrəsində çap etdirdiyi “Müxbir üzv Cəfərov Nizami Qulu oğlu” sərlövhəli məqaləsində yazır: “Onun universitet müəllimi olmuşam. Dissertasiyasının da elmi rəhbəri idim. Müəllimin diqqətini isə auditoriyada öncə ən yaxşı, ən istedadlı tələbə cəlb edir. Hələ tələbə ikən mənimlə qurduğu dialoqlarda, aspiranturada oxuduğu illərdə yazdığı yazılarda, düşünüb dediyi fikirlərdə sanki qaynayırdı, filoloji problemləri çəkinmədən qaldırırdı. Gənc yaşlarından Azərbaycan filologiyasının, mədəniyyətinin, türkologiyasının öncülü olmağa cəhd edən filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, sözün geniş mənasında, hətta səriştəli, təcrübəli dilçiləri, ədəbiyyatşünasları da geridə qoydu: intellektual səviyyəsi ilə, öz fərdi maraq dairəsi ilə...
Mən bu gün Nizamini çağdaş filoloji fikrin mötəbər şəxslərindən və söz sahiblərindən biri sayıram. Nizami Cəfərov elmə dilçi kimi gəlsə də, sonralar dil tarixçisi kimi ixtisaslaşmış, daha sonralar isə parlaq istedadı nəinki dilçiliyin, ümumən filologiyanın hüdudlarını keçmiş və görkəmli alim, azərbaycanşünas alim, tanınmış türkoloq və siyasi xadim kimi formalaşmışdır.
Nizami Cəfərovun çoxcəhətli elmi, ictimai fəaliyyətinin prioritet məzmunu azərbaycanşünaslıq, aparıcı ideya istiqaməti isə azərbaycançılıqdır. Bu isə, heç şübhəsiz, Azərbaycan xalqının, ümumən türk xalqlarının siyasi müstəqillik qazandıqları çağdaş dövrdə araşdırıcının mənsub olduğu xalqın tarixini, intellektual-ideoloji maraqlarını bilavasitə ifadə etmək ehtiyacından irəli gəlir. O, azərbaycanşünaslıqdan bəhs edərkən burada ən mühüm problemin Azərbaycan xalqının mənşəyi (etnogenez) problemi olduğunu göstərir”.
“Nizami Cəfərovun sanballı araşdırmalarında üç cəhəti vurğulamaq istəyirəm. Elmi fəaliyyətinə dilçi kimi başlayıb və sırf ədəbiyyatşünaslıq tədqiqatlarında, ədəbi tənqidi yaradıcılığında dilçilikdən gələn təcrübəni - sözə, dilə önəm verilməsini qoruyub saxlayır. Əsərlərinin digər müsbət özəlliyi Azərbaycan, Türkiyə, rus və dünya filologiyasının çağdaş səviyyəsinə və tələblərinə yaxından bələd olması və onlardan üzvi şəkildə bəhrələnməsidir.
Nəhayət, üçüncü - bəlkə də ən vacib cəhəti - Azərbaycan ədəbiyyatına ümumtürk kontekstindən yanaşmasıdır.
Bu işdə ədəbiyyatımıza, ədəbiyyat tariximizə ən böyük xidmətlər göstərənlərdən biri, bu meyilləri dəqiq elmi mülahizələrlə əsaslandıranlardan Nizami Cəfərovdur. O da önəmlidir ki, ədəbiyyatımıza ümumtürk kontekstindən yanaşan Nizami, eyni zamanda, bu ümumiliyin içində azərbaycanlılığın özəlliyini əritmir, azərbaycançılıq konsepsiyasını möhkəm elmi təməllər üzərində yüksəldən əsərlər nəşr etdirir. Onun azərbaycançılığa həsr etdiyi kitab məhz bu cəhətdən çox əhəmiyyətlidir. Türkçülük və azərbaycançılıq heç vəchlə bir-birini inkar etmir, əksinə, bir-birini tamamlayır. Nizami “Türk xalqları ədəbiyyatı” adlı 4 cildliyini meydana çıxararkən həm sırf Azərbaycan ədəbiyyatına, həm də bütün türk xalqlarının ədəbiyyatlarına böyük töhfə vermiş oldu. Alimin Azərbaycanda, Türkiyədə müxtəlif elmi toplantılarda, simpoziumlarda, konfranslarda böyük maraqla qarşılanan çıxışları, nəhayət, Bakıda Atatürk Mərkəzinin sədri kimi fəaliyyəti də bu məqsədlərə yönəlib”.
Dilçi alim Nizami Cəfərov haqqında bu fikirləri isə Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar söyləmişdir.
Akademik, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı Yaqub Mahmudov isə “525-ci qəzet”də dərc etdirdiyi “Ziyalılarımızın Nizami Cəfərov ünvanı” sərlövhəli məqaləsində Nizami Cəfərov haqqında aşağıdakı fikirləri səsləndirmişdir:
Nizami xeyirxah ziyalıdır, daha doğrusu, əsl insandır. Ona müraciət edən gənc ədəbi qüvvələrə ancaq və ancaq yaxşılıq edir, köməyini əsirgəmir, kimisinə yol açır, kimisinə dəyərli məsləhətlər verir, kimisinin də əsərinə ön söz və rəy yazır. Bir sözlə, durmadan yaxşılıq edir. Kiməsə əngəl törətmək, kiminsə yolunu bağlamaq, bir sözlə, pislik və bədxahlıq Nizami düşüncəsinə yaddır. Budur əsl ziyalılıq! Nizami vaxtilə ona edilən yaxşılıqları, ona yol açan müəllimləri, əsl kişiləri unutmur. Bununla bağlı Nizaminin böyüklüyünü təsdiqləyən iki anı heç zaman unutmuram.
Akademiyaya müxbir üzvlük və həqiqi üzvlük seçkiləri zamanı böyük dilçimiz və ləyaqətli insan olan Ağamusa Axundova “rəqiblər” meydana gəlməyə başlamışdı. Nizami Cəfərova da nə isə demişdilər. Necə oldusa “parta yoldaşım” Nizamidən bu məsələylə bağlı fikrini soruşdum. Çox qətiyyətlə: “Qağa, mən heç öz müəllimimin qabağına keçərəmmi. Onunla fəxr edirəm” - deyə, cavab verdi.
Nizami Cəfərov eyni məsələdə böyük türkçümüz Tofiq Hacıyevlə bağlı da həmin qətiyyətlə öz mövqeyini ortaya qoydu: “Tofiq Hacıyev mənim sevimli müəllimimdir. Onun adı olan yerdə mən yoxam!”
Həyatın bu iki anı mənim Nizami Cəfərova olan ehtiramımı daha da artırdı. Nizami Cəfərov çox çətin anlarda dara düşənlərin arxasından nəinki qaçan deyil, əksinə, belə anlarda daha böyük mərdlik, qətiyyət nümayiş etdirən ziyalımızdır.
Bəli, Nizami Cəfərovun sadəliyi, səmimiliyi, elmiliyi, natiqliyi, xeyirxahlığı onun bütövlüyündə vəhdət təşkil edir. Onu dinləyən hər kəs bu elm xadiminin natiqliyinə məftun olur. Həm onun verilişlərinin məzmunlu olması, həm aydın diksiyası adamı valeh edir. Tanrı bu istedadı, bu vergini, bu xoşbəxtliyi hər kəsə qismət etmir.
Böyük türkoloq alim, ana dilimizin incəliklərinə, milli mədəniyyətimizin, tariximizin dərin köklərinə varan, onları lay-lay araşdıran, yeni-yeni qatlar üzə çıxaran Nizami Cəfərov Allahın ona bəxş etdiyi bu qisməti-istedadı öz xeyirxahlığı ilə xalqımıza sərf edir.
Akademik Nizami Cəfərov yüksək enerjili, yorulmaq bilməyən, fədakar tədqiqatçı alimdir. Öz yaradıcılıq işləri, siyasi-ictimai, pedaqoji fəaliyyəti, müəyyən kollektivə rəhbərlik etməsi, müxtəlif elmi qurumlarda (Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şura, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Dilçilik üzrə ixtisaslaşdırılmış Doktorluq Şurası, Azərbaycan Respublikası Milli Məclisinin deputatı) üzv və sədr kimi fəal iştirak etməsi ilə yanaşı, həmkarlarının yaradıcılığını da daim izləyir, öz münasibətini bildirir, mətbuat səhifələrində geniş fikir söyləyir. Bir sözlə, o ziyalılarımızın (istər ədəbi mühitin, istərsə də elm sahəsinin nümayəndəsi olsun) yaradıcılığından yan keçmir. Vəzifəsindən, titulundan asılı olmayaraq yaradıcılığında müsbət qayə, işıqlı məqam olan insanların fəaliyyətlərinə nüfuz edir, barələrində geniş məqalələr yazır, öz dəyərli fikirlərini bildirir. Biz bunu onun dövri mətbuatda, demək olar ki, hər həftə dərc etdirdiyi yazılarından da aydın görürük.
Böyük alim Nizami Cəfərov mənim də monoqrafiyalarım haqqında rəy söyləmiş, “Ədəbiyyat” qəzetində (13 yanvar 2018-ci il) “Aynelin türkoloji axtarışları” adlı geniş məqalə dərc etdirmişdir. Mənim yaradıcılığıma qiymət verdiyinə görə də hörmətli akademikə dərin təşəkkürümü bildirirəm.
Akademik Nizami Cəfərov haqqında çox məqalələr, kitablar yazılıb. Möhtərəm söz sahibləri - Xalq yazıçıları Anar, Elçin, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik İsa Həbibbəyli, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, akademiyanın müxbir üzvü, professor Misir Mərdanov, yazıçı Vidadi Babanlı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair və publisist Dəyanət Osmanlı, filologiya elmləri doktoru Vaqif Yusifli və bir çox başqalarının bu mütəfəkkir alim, ictimai xadim, ideoloq barədə dövri mətbuatda dərc elətdirdikləri məqalələrində, yaratdıqları əsərlərində Nizami Cəfərovun yaradıcılığına, keçdiyi yola işıq salmış, Misir Mərdanovun təbirincə desək, alimin qazandığı təcrübənin onun bəsirət gözünün daha da genişləndirdiyini vurğulamışlar.
Bəli, Nizami Cəfərov elmiliyi qədər də, hadisələri daha dəqiq görməyi, gələcək barədə dürüst nəticələr çıxarmağı bacaran insandır.
Akademik Nizami Cəfərov 2001-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Atatürk Mərkəzinə fəaliyyətə başlandığı gündən indiyədək müvəffəqiyyətlə rəhbərlik edir. Bu müddət ərzində Mərkəz bir çox faydalı işlər görmüşdür. Burada həyata keçirilən mühüm tədbirlərdən biri Türk dünyasının ayrı-ayrı ictimai-siyasi, mədəni qurumları ilə əlaqələrin daha da möhkəmləndirilməsidir.
Nizami Cəfərov təhsil sahəsində də böyük təcrübəyə malikdir, uğurlar qazanmışdır. O, otuz ildir ki, doğma təhsil ocağında - Bakı Dövlət Universitetində təhsil quruculuğu ilə məşğuldur, pedaqoji fəaliyyət göstərir. Bu təşkilatçı alim tədris müəssisəsində də pillə-pillə irəliləmişdir. Müəllimdən dekan, kafedra müdirliyinədək yüksəlmişdir. “Əməkdar elm xadimi” adına məhz elmi nəticələrinə və təhsil quruculuğuna görə layiq görülmüşdür.
Dilçilik elminə böyük töhfələr verən görkəmli və zəhmətkeş alim, bacarıqlı ictimai-siyasi xadim, gənclikdən ağsaqqal xarakterlərini özündə birləşdirərək cavanlara örnək olan akademik Nizami Cəfərovun sentyabrın 21-də 60 yaşı tamam olur. Onu yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Dilçilik elminin mayaklarından olan Nizami Cəfərova möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

"Respublika" qəzeti, 21 sentyabr 2019-cu il.



Aynel MƏŞƏDİYEVA,
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun Elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.