Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.06.2019

Əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun kitablarının təqdimatı keçirilib

12 iyunda AMEA-nın “Kitab evi”ndə Nəsimi adına Dilçilik İnstitutununun Azərbaycan dilinin tarixi şöbəsinin baş elmi işçisi, əməkdar elm xadimi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)”, “Azərbaycan dilinin tarixi sintaksisi” və “Azərbaycan dilinin qrammatikası” kitablarının təqdimatı keçirilib.
İclası giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Q.Kazımovun tədqiqatlarında ədəbi dil tarixi məsələləri mühüm yer tutur. Onun yaradıcılığı ilə dilçilikdə bir məktəb formalaşır. Görkəmli alim dilimizin tədrisindən tutmuş qrammatika və ədəbi dil tarixi, poeziya və folklor, tarix və etnoqrafiya kimi çoxşaxəli, əhatəli və rəngarəng məsələlər üzərində də dəyərli tədqiqatlar aparıb və xalqımızın tarixi, etnogenezi, kökü, dilimizin tarixi ilə bağlı bir sıra qaranlıq məsələləri incəliyinə qədər araşdırıb, bir-birindən dəyərli monoqrafiya və sanballı kitabları ərsəyə gətirib. İstedadlı alim kimi böyük nüfuz qazanan Q.Kazımov, eyni zamanda, pedaqoq kimi fəaliyyət göstərib. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali təhsil ocaqlarında çalışıb. Q.Kazımov həm də orta məktəb Azərbaycan dili dərsliklərinin müəllifi olub.


Akademik onu da əlavə edib ki, Q.Kazımov həm də ədəbiyyatşünasdır. Əsərlərində müxtəlif yazıçılardan istifadə edərək 500-dən çox nümunələr işlədib.
Sonra professorlar İlhami Cəfərsoy “Türk dillərinin ümumxalq dili şəklində təmərgüzləşməsi tarixinin tədqiqi”, İsmayıl Kazımov “Ümumxalq ədəbi dili sintaktik quruluşunun inkişaf yolunun tədqiqi”, Tofiq Müzəffəroğlu “ Milli ədəbi dilimizin qrammatik quruluşunun tədqiqi” mövzusunda məruzələrlə çıxış etmişlər.
Bildiriblər ki, bu dərsliklər sırf elmi qrammatikalardır. “Azərbaycan dilinin qrammatika”sı dərsliyində görkəmli alimlərimizin tədqiq və araşdırmaları ilə yanaşı, söz birləşmələri, cümlə və mətn problemlərinin öyrənilməsinə yeni baxış əsas götürülmüş, mövzuların şərhinə mətnin aktuallaşdırılması imkanlarının tədqiqi mövqeyindən diqqət yetirilmişdir.


Akademik Nizami Cəfərov isə çıxışında bildirib ki, altı fəsildən ibarət olan “Azərbaycan dilinin tarixi” kitabı ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailələrini yaranması, şumer-türk varisliyi, Azərbaycanda etnik tərkib və dil məsələləri, “Dədə-Qorqud”un dilinin sintaktik quruluşu geniş tədqiq edilmişdir.
Sonra tədbirdə akademik Möhsün Nağısoylu, professorlar Nizami Xudiyev, Sayalı Sadıqova, Şirindil Alışanov, Mahirə Hüseynova, Mirvari İsmayılova, İsmayıl Məmmədli, yazıçılar Əlirza Xələfli, Yasin Nəsirli və şair Oktay Zəngilanlı çıxış  edərək alimin Azərbaycan dilçilik elminin inkişafındaki xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıblar. Bildirilib ki, alim Azərbaycan dilçiliyi və ədəbiyyatşünaslığı sahələrində səmərəli və məhsuldar fəaliyyəti və araşdırmaları ilə filologiya elmimizə dəyərli töhfələr verib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.