Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
03.06.2019

“Azərbaycan Respublikasının Dövlət Quruculuğu Siyasətində Dil amili” mövzusunda elmi-praktİk konfrans

31 may-01 iyun 2019-cu il tarixlərində Mingeçevir Dövlət Universitetində “Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində dil amili” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Universitetin rektoru Akif Hacıyev açaraq rəhbərlik etdiyi müəssisədə mütəmadi olaraq elmi-praktik konfransların, müxtəlif istiqamətlər üzrə elmi sessiyaların, yubileylərin qeyd olunduğunu, bu cür tədbirlərin yeni layihələr, gələcək fəaliyyətlər üçün münbit zəmin hazırladığını, yeni ideyalar üzə çıxardığını söyləyib. A.Hacıyev nitqində müasir dövrün tələbləri qarşısında ölkəmizdə elm və təhsil sahəsində də innovativ metodlarların tətbiqinin, təhsil imkanlarının və elmi tədqiqatların üzvi surətdə vəhdətinin vacib olduğunu, bu vəhdətin ölkənin inkişafına təkan verici qüvvə olduğunu qeyd edib. Konfransda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Tətbiqi dilçilik şöbəsinin müdiri, professor ismayıl Məmmədli, Monitorinq şöbəsinin müdiri, filologiya elmləri doktoru Sevinc Əliyeva və Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva iştirak etmişlər. Giriş sözündən sonra akademik Möhsün Nağısoylu Azərbaycan Respublikasında dövlət dili siyasəti, dil situasiyası, müxtəlif sahələrdə olduğu kimi dilçilik sahəsində də elmi yeniliklərin tətbiqi haqqında məruzə ilə çıxış etmiş, regionlarda fəaliyyət göstərən təhsil ocaqları ilə bu cür görüşlərin gələcək əməkdaşlıqlar üçün zəmin yaratdığını söyləmişdir. Daha sonra akademik Möhsün Nağısoylu Azərbaycan dilçilik elminin inkişafı, Dilçilik İnstitutunun tarixi barədə də qısa məlumat verərək, dilçilik elminin müasir vəziyyəti, dövlətin dilə olan qayğısından, hər bir vətəndaşın dilinə göstərməli olduğu diqqət və sevgidən bəhs etmiş, ümummili liderimiz Heydər Əliyevin “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” fikrini diqqətə çatdıraraq, ana dilində ən lətif, ən gözəl şeirlərini qələmə alan, 650 illik yubileyi qeyd olunacaq Nəsimi, dilimizi dövlət dili elan edən Şah İsmayıl Xətai, dilimizi incəliklərini şeirdə əks etdirən Füzulidən beytlər deyərək ana dilinin xalqın varlığı, milli kimliyi, ən zəngin sərvəti olduğunu qeyd etmişdir.


Tətbiqi dilçilik şöbəsinin müdiri, prof. İsmayıl Məmmədli dilçiliyin yeni sahələrindən, lüğətçiliyin müasir vəziyyətindən, yeni lüğətlərin tərtibi prinsiplərindən bəhs etmişdir. Məruzəçi müasir dövrdə dilin lüğət terminoloji sistemində baş verən dəyişmələrin səbəblərini şərh edərək, yeni sözlərin lüğətə salınma qaydalarından, lüğətlərin yaradılmasında müəyyənləşmiş standartlar, bu sahədə dövlət siyasəti barədə geniş məlumat vermişdir. Monitorinq şöbəsinin müdiri, fil.ü.e.d. Sevinc Əliyeva məruzədə Azərbaycan dilinin düzgün tətbiqi, istifadəsi və dilçiliyin inkişaf etdirilməsi ilə bağlı qəbul edilmiş “Dövlət Proqramı”nın (9 aprel 2013) müddəalarının yerinə yetirilməsi və bu sahədə aparılan monitorinqlərdən danışdı. “Dövlət Proqramı”nda nəzərdə tutulmuş bir sıra vəzifələrin KİV-də və elektron mediada dil normalarının pozulmasının qarşısının alınması, ədəbi dilin düzgün tətbiq edilməsi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi və s. ilə əlaqədar olaraq İnstitutda təşkil olunan dəyirmi masalar, konfrans və tədbirlərin əhəmiyyətini vurğulayan S.Əliyeva maarifləndirmə tədbirlərinin və treninqlərin təşkili məsələsinə də toxundu və bir sıra televiziyalarda, o cümlədən region televiziyalarında aparıcılar üçün keçirilən treninqlərin uğurlu nəticələrini xüsusi olaraq vurğuladı. Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dos. Qətibə Vaqifqızı təhsil imkanlarının və elmi-tədqiqat işlərinin dünya standartları səviyyəsinə çatdırmaq üçün yerli və beynəlxalq əməkdaşlığın, əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib. Elm və təhsilin vəhdəti, yeni təhsil strategiyasında klassik elmlərin tədrisinin əhəmiyyəti, müasir elmi biliklərin əldə olunmasında dünyanın qabaqcıl təcrübələrindən yararlanmağın yolları, yeni təhsil modelləri, elm və təhsilin vəhdət şəklində inkişafında modern yanaşmalardan bəhs etmiş, AMEA-da magistr təhsilinin artıq 2015-ci ildən fəaliyyət göstərdiyini qeyd edərək, universitet tələbələrini Akademiyanın müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən institutlarında magistr və doktorantura pilləsi üzrə təhsil almağa dəvət edib.


Müzakirə və diskussiya şəraitində keçən panel-seminarlarda Universitetin Humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova, Humanitar fənlər kafedrasının dosenti Namaz Manafov, Mingəçevir Şəhər Təhsil şöbəsinin müdiri Sahib Məmmədov, universitetin təcrübəli müəllimləri Maarifə Namazova, Səbinə Novruzova, Pərvin Hüseynova, eləcə də magistrantlar məruzələrlə çıxış etmiş, elm və təhsilin inteqrasiyası, Azərbaycan dilinin ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında yeni metodlarla, innovativ üsullarla tədrisi, dilçilik elminin actual problemləri və s. məsələlərlə bağlı müzakirələr aparılmışdır.


“Azərbaycan Respublikasının dövlət quruculuğu siyasətində dil amili” mövzusunda elmi-praktik konfransın bağlanış mərasimində rektor Akif Hacıyev məruzəçilərə təşəkkür etmiş, bu cür tədbirlərin, panel və seminarların həm təhsillə elmin inteqrasiyası işində əhəmiyyətini vurğulamış, həm də tələbələrin elmə olan həvəsini artıracağına təsir edəcəyini qeyd etmişdir. İnstitut və universitet arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi yolunda planlardan danışılmış, təkliflər verilmiş, müxtəlif istiqamətlər üzrə gələcəkdə birgə fəaliyyətlərlə bağlı fikir mübadiləsi aparılaraq, ümumi razılıq və gələcək birgə fəaliyyətin təmini üçün AMEA Nəsimi adına Dilçilik İnstitutu və Mingəçevir Dövlət Universiteti ikitərəfli əməkdaşlıq haqqında Protokol imzalanmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.