Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
29.04.2019

AMEA Nəsimi adına Dilçilik İnstitutunda əməkdar elm xadimi Yusif Seyidovun 90 illik yubileyi keçirilib

Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda görkəmli alim, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Yusif Seyidovun anadan olmasının 90 illiyi münasibətilə “Yusif Seyidov və Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika konfransı keçirilib.
Konfransda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan dilçilik elminin böyük simalarından olan görkəmli alim Yusif Seyidovun elmi fəaliyyətindən söz açıb. Bildirib ki, professor Yusif Seyidov Azərbaycan dilinin qrammatikasına, dil probleminə, tədqiqinə dair qiymətli əsərlər, eyni zamanda, bir sıra orta məktəb dərslikləri yazıb. O, Bakı Dövlət Universitetinin filologiya fakültəsində Azərbaycan dili və onun tədris metodikası kafedrasının əsasını qoyub, 1965-ci ildən ömrünün sonunadək həmin kafedranın rəhbəri olub.


Diqqətə çatdırılıb ki, tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elmi tarixində bir sıra sanballı əsərlərə imza atıb. Yusif Seyidov elmi məzmununa, metodiki mükəmməlliyinə görə qiymətli olan “Müasir Azərbaycan dili” dərsliyinin əsas müəlliflərindən biri, bir neçə dəfə nəşr edilmiş “Azərbaycan dili” və “Azərbaycan dilinin qrammatikası. Morfologiya” kimi ali məktəb dərsliklərinin müəllifidir. O, Azərbaycan dilinin tarixinə dair də səmərəli tədqiqatlar aparıb. “Nəsiminin əsərləri Azərbaycan ədəbi dilinin tarixi abidəsi kimi”, “Dastani-Əhməd Hərami” haqqında bəzi qeydlər”, “Kitabi-Dədə Qorqud”un dilində sadə cümlə (inkişaf səviyyəsi)”, “Kitabi-Dədə Qorqud” dastanlarının dilində tərkib və budaq cümlə paralelizmi”, “Dövrün (XII- XIX əsrlər) şeir dilinə ümumi bir nəzər”, “Ədəbi şəxsiyyət və dil” və s. məqalələri, habelə “Nəsiminin dili” monoqrafiyası böyük alimin ciddi müşahidə və axtarışlarının məhsuludur.


Konfransda çıxış edən akademik Nizami Cəfərov qeyd edib ki, Azərbaycan dilçiliyində söz birləşmələrini kompleks şəkildə ilk dəfə araşdıran məhz Yusif Seyidov olmuşdur. Alim “Müasir Azərbaycan dilində söz birləşmələri” mövzusunda mükəmməl bir doktorluq dissertasiyası müdafiə etmişdir. Məşhur türkoloq A.N.Kononov Yusif Seyidovun bu əsərinə çox yüksək qiymət vermişdi. Ümumiyyətlə, Yusif Seyidovun “Azərbaycan dilində söz birləşmələri” adlı monoqrafiyası Azərbaycan dilçiliyində ən fundamental tədqiqat işlərindən biri sayılır.

Konfransda Dilçilik İnstitutunun direktoru,akademik Möhsün Nağısoylu “Yusif Seyidovun elmi-pedaqoji fəaliyyəti”, AMEA-nın müxbir üzvü Kamran Əliyev “Yusif Seyidovun dil sevgisi”, professor Sevil Mehdiyeva “Professor Yusif Seyidov və Nəsimi”, BDU-nun Filologiya fakültəsinin dekanı dosent Elçin Məmmədov “Yusif Seyidovun Bakı Dövlət Universitetində fəaliyyəti”, Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlünün “Yusif Seyidov unudulmaz müəllim kimi” və digər mövzularda məruzələri dinlənilib.
Bildirilib ki, alimin monoqrafiyaları, dərslikləri gənc nəslin maariflənməsində hər zaman böyük rol oynamış və indi də öz aktuallığını itirməmişdir.

Yusif Seyidovun Ağamalı Həsənov və Əlövsət Abdullayevlə birlikdə yazdıqları “Müasir Azərbaycan dili. Sintaksis” kitabı Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür. Yusif Seyidovun əziz xatirəsi hər zaman xalqımız tərəfindən yad ediləcəkdir.
Sonra AMEA Naxçıvan İncəsənət, Dil və Ədəbiyyat İnstitutu ilə onlayn bağlantı yaradılıb. Bağlantı zamanı institutun direktoru, professor Əbülfəz Quliyev “Naxçıvan elmi-ədəbi mühiti professor Yusif Seyidovun araşdırmalarında” və dosent Zülfiyyə İsmayıl “Yusif seyidovun tədqiqatlarında sözyaradıcılığı məsələləri” mövzusunda məruzələri dinlənilib.
Sonda alimin qızı Vəfa Seyidova çıxış edərək konfrans iştirakçılarına öz təşəkkürünü bildirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.