Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.04.2019

Azərbaycan dilçiliyində AMEA-nın müxbir üzvü prof. ZƏRİFƏ BUDAQOVA mərhələsi

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Zərifə İsmayıl qızı Budaqova sovet dövrü Azərbaycan dilçiliyində öz mövqeyi, dəst-xətti, öz elmi məktəbi olan görkəmli dilçi-alim, elm təşkilatçısı, əvəzsiz, səriştəli pedaqoq, qayğıkeş ana, hər şeydən əvvəl isə gözəl şəxsiyyət olmuşdur. O, XX əsr Azərbaycan dilçilərinin 3-cü nəslinin nümayəndələrindən biridir. I nəsil dilçilərimizi xatırlayarkən bu dövrün dilçilik elminin sütun daşlarını qoymuş prof. Bəkir Çobanzadə, Vəli Xuluflu, Ələkbər Babazadə, Xalid Səid Xocayev və b. şəxsiyyətlər fikrimizdən keçirsə, II nəsil alimlər içərisində prof. Muxtar Hüseynzadə, akad. Məmmədağa Şirəliyev, AMEA-nın müxbir üzvü, prof. Əbdüləzəl Dəmirçizadə, AMEA-nın müxbir üzvü Əliheydər Orucov, Davud Quliyev, İdris Həsənov şərəfli yer tuturlarsa, prof. Zərifə Budaqova isə prof. Əlövsət Abdullayev, akad. Ağamusa Axundov, AMEA-nın müxbir üzvü Afad Qurbanov, prof. Vaqif Aslanov, prof. Musa İslamov, prof. Rəhilə Məhərrəmova, prof. Cahangir Qəhrəmanov, prof. Əbdürrəhman Cavadov və b. dilçi alimlər (bu sıralanmanı davam etdirmək də olardı) cərgəsində şərəfli yer tutur.
Professor Zərifə Budaqova Azərbaycan dilçiliyində müasir Azərbaycan dili sahəsinin yaradıcılarından, qrammatika sahəsinin aparıcı mütəxəssislərindən biri olmuşdur. Onun elmi tədqiqatları, əsasən, Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik məsələləri, xüsusən punktuasiya məsələlərini əhatə edir. Zərifə Budaqovanın Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair beynəlxalq, ümumittifaq və respublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, dilçiliyin nəzəri və əməli məsələlərinə aid (habelə xaricdə) 150-yə yaxın elmi əsəri çap olunmuşdur.
Azərbaycan dilinin qrammatikasının bir çox nəzəri-elmi problemləri birinci olaraq professor Zərifə Budaqova tərəfindən tədqiq olunmuş və əsaslı həllini tapmışdır. Zərifə Budaqovanın sintaksis sahəsində də ən dəyərli əsərləri vardır. Onun “Müasir Azərbaycan dilində sadə cümlə” monoqrafiyasını haqlı olaraq türk dillərinin sintaksisi sahəsində yazılmış araşdırmalar sırasında ən sanballı tədqiqatlardan sayırlar (1, 103).
Onun rəhbərliyi altında onlarla namizədlik və doktorluq dissertasiyaları müdafiə olunmuşdur. Z.Budaqova Bakıda, Moskvada, Daşkənddə, Almaatada, Aşqabadda bir çox dissertasiya işinin müdafiəsində rəsmi opponent kimi iştirak etmişdir.
Zərifə İsmayıl qızı Budaqova (qızlıq soyadı Əliyeva) 1929-cu il aprel ayının 28-də Yerevan (İrəvan) şəhərində kəndli ailəsində doğulmuşdur. 1942-ci ildə İrəvan şəhərində S.M.Kirov adına orta məktəbin 6-cı sinfini başa vurub pedaqoji texnikuma daxil olmuş, 1946-cı ildə həmin texnikumu bitirmişdir. 1946-1948-ci illərdə İrəvan Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində oxumuşdur. 1948-ci ildə Azərbaycan türklərinin doğma yurdlarından – Qədim tarixi Azərbaycan torpağı olan İrəvan şəhərindən və Ermənistan adlanan respublikanın 23-dən artıq rayonundan və yüzlərlə kəndindən deportasiya edilməsi zamanı Zərifə xanımın da ailəsi bu faciəni yaşamış, doğma yurdundan Bakı şəhərinə köçürülür və 1948-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirib, oranı fərqlənmə diplomu ilə bitirir.
Z.Budaqova 1949-1953-cü illərdə, Moskva şəhərində SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dilləri sektorunun aspiranturasında təhsil almış, 1953-cü ildə “Müasir Azərbaycan dilində tərz kateqoriyası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonralar 1953-1955-ci illərdə Azərbaycan SSR EA-nın Nizami adına Dil və Ədəbiyyat İnstitutunun müasir Azərbaycan dili şöbəsində böyük elmi işçi vəzifəsində çalışmış, 1955-ci ildən Ədəbiyyat və Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinə müdir təyin edilmişdir. Professor Zərifə Budaqovaya qədər həmin şöbəyə prof. Muxtar Hüseynzadə rəhbərlik etmiş və Bakı Dövlət Universitetində işə başlayarkən, öz yerinə Zərifə xanımı məsləhət bilmişdir. Zərifə Budaqova 1963-cü ildə “Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini almışdır. Ona 1968-ci ildə “Türk dilləri” ixtisası üzrə professor elmi adı verilmişdir. 34 yaşlı qadın professor çox qısa müddətdə Dilçilik İnstitutunun ən gərəkli, dərin savadlı, elmi potensiallı, geniş erudisiyalı alimlərindən biri olduğunu sübut etdi. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilməsi onun dilçilik sahəsindəki misilsiz xidmətlərinə verilən yüksək qiymət kimi təqdirəlayiqdir.
Buludxan Xəlilov ölkəmizdə və onun sərhədlərindən də uzaqlarda da tanınan prof. Z.Budaqova haqqında geniş bir məqalə yazmışdır. Məqalə belə adlanır: Görkəmli dilçi alim Zərifə Budaqova.
Məqalədə oxuyuruq:
“Zərifə Budaqova bütün ömrünü Azərbaycan dilinin qrammatik quruluşunun öyrənilməsinə, tədqiqinə həsr edibdir. Bütün həyatını Azərbaycan dilinin tədqiq olunması yolunda xərcləyib, belə demək olarsa, Azərbaycan dili – doğma ana dili naminə elmlə məşğul olubdur. Bütün həyatını sözün həqiqi mənasında bütünlüklə bu yolda itiribdir. Ərəb xalqlarında belə bir nağıl var: “Alim və dənizçi”. Bu nağılın məzmunu belədir ki, alim gəmi ilə səyahətə çıxır. O, səyahət zamanı dənizçilərin birindən soruşur.
– Sən qrammatikanı bilirsənmi?
– Yox, bilmirəm, – deyə dənizçi ona cavab verir.
Alim deyir:
– Sən ömrünün yarısını itirmisən.
Çox keçmir ki, fırtına qopur, gəmi batmağa başlayır. Bu zaman dənizçi alimdən soruşur:
– Sən üzə bilirsənmi?
– Yox, üzə bilmirəm, - deyə alim cavab verir.
Dənizçi deyir:
– Sən həyatını bütünlüklə itirdin.
Elm adamı əsl elm fədaisi olmaqla bütün həyatını elm yolunda qurban verir, o, heç zaman özü üçün yaşamır. Məhz belə alimlərimizdən biri də Zərifə Budaqova olmuşdur” (2, 92). B.Xəlilov elm adamı olan Zərifə xanımın xidmətlərini çox sistemli və ardıcıl şəkildə çatdırmış və onun Azərbaycan dilçiliyinin bu gün üçün zəruri sayılan problemlərini elmi baxımdan nəzərdən keçirmiş, onların həlli yollarını öz təcrübəsində açıqlamışdır.
Z.Budaqova Azərbaycan dilçiliyinin ayrı-ayrı problemlərinin hərtərəfli tədqiqi ilə bağlı bir sıra məsələlərinin araşdırılmasında birincilərdən olmuşdur. Yeri gəlmişkən deyək ki, dilimizin bugünkü səviyyəyə yüksəlməsi, təsəvvür olunmaz bir pilləyə çatması, onun təkcə sözdə deyil, gündəlik həyatda da işlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə çıxması, dünyanın mötəbər kürsülərindən: elmi forumlarda, simpozium və konfranslarda ana dilimizə aid, onun ayrı-ayrı problemlərinə dair məruzələr kimi dinlənilməsi Azərbaycanının bir çox ünlü alimlərinin xidmətləri sayıla bilər. Əlbəttə, Azərbaycanın dünyada tanınmış bir çox alimləri kimi, bu sahədə AMEA-nın müxbir üzvü, professor Zərifə Budaqovanın bu gün də öz dəyərini saxlayan xidmətləri etiraf olunmaqdadır. Azərbaycan dilçiliyinin elə bir sahəsi tapılmaz ki, Zərifə Budaqova o mövzuda öz nüfuzlu, obyektiv sözünü deməmiş olsun: Müasir Azərbaycan dilinin morfologiyası və sintaksisi, leksikologiyası, məcazlar sistemi, üslubiyyat, ana dilinin tədrisi, nitq mədəniyyəti, tətbiqi dilçilik (punktuasiya məsələləri), Azərbaycan əlifbası və orfoqrafiya məsələləri, dillərin qarşılıqlı əlaqələri və s. Dilçiliyimizin tarixi yazılarkən görkəmli alimin məşğul olduğu, öyrəndiyi həmin sahələr dəqiqliklə və ətraflı şəkildə işıqlandırılmalıdır. Prof. Z.Budaqova nədən yazırsa yazsın, istər sırf nəzəri məsələ olsun, istərsə də dilin funksional və ya sosioloji, əməl baxımdan vəzifələrindən, perspektivlərdən danışsın, o öz yeni elmi baxışlarını, mövqeyini elmi ictimaiyyətə aydın şəkildə çatdıra bilmişdir. Alimin irihəcmli əsərlərində söylədiyi nəzəri fikirlər eyni səviyyədə onun elmi məqalələrində də bəhs etdiyi mövzunu bütünlüklə şərh etmək qüdrətindədir. Nümunə üçün Z.Budaqovanın “Metafora və müqayisə bədii təsvir vasitəsi kimi” adlı məqaləsindən bir parçaya diqqət edək: “Müqayisə əsasında əmələ gələn metaforalar, həmçinin də ixtisar edilmiş və gizli saxlanılmış müqayisələr üslubi mətləbləri yerindəcə həll edir. Yazıçının fərdi üslubi metaforaları daha çox poetik gücə malikdir. Bu zaman insana aid əlamətlər təbiət predmetləri üzərinə köçürülür. Bu zaman təbiət hadisələri insan kimi canlandırılır, yəni şəxsləndirilir”.
Bu sətirlərlə diqqətlə tanış olduqda metafora kimi bədii təsvir vasitəsinin yaranması üsullarını asanlıqla təsəvvür etmək olar. Alim bu leksik vahidlərin təbiətini öz təhlilində yığcam şəkildə təqdim etmişdir.
Z.Budaqovanın dəyərli tədqiqatları heç də təsadüfi deyil ki, Azərbaycan və türkoloji dilçiliyin tanınmış nümayəndələri tərəfindən öz yüksək qiymətini almışdır. Belə ki, məşhur türkoloqlardan professor Əthəm Rəhimoviç Tenişev, Məhərrəm Ergin, Sadəttin Buluc və Zeynəb Qorxmazın onun haqqında söylədikləri dəyərli fikirlərin ümumi məzmunu belədir ki, professor Zərifə Budaqova həmişə dilçilikdə öyrənilməsinə zərurət duyulan aktual tədqiqatlar aparmış, öz obyektiv və qəbul olunan sözlərini demişdir. Azərbaycan alimlərindən akademik, dilçiliyimizin ağsaqqalı, professor Məmmədağa Şirəliyev, akademik Ağamusa Axundov (“Vacib nitq mədəniyyəti məsələsi”), AMEA-nın müxbir üzvü Afad Qurbanov (“Zamanın tələblərindən doğan kitab”), professor Məmməd Qasımov (“Yazımızın nöqtəsinə də, vergülünə də fikir verək”), prof. Mirəli Seyidov, professor İsmayıl Məmmədli (“Ölməzlik”), professor Buludxan Xəlilov (“Görkəmli dilçi alim Zərifə Budaqova”) və b. onun elmi yaradıcılığı haqqında obyektiv və ürəkaçan sözlər, fikirlər söyləmişlər. Professor Zərifə Budaqovanın elmi irsi haqqında bir neçə alimin qənaətlərini burada vermək yerinə düşərdi. Professor İsmayıl Məmmədli onun barəsində belə fikirdədir: “Onun (Zərifə Budaqovanın – M.İ.) elmi əsərlərinin Azərbaycan dilçiliyinin inkişafına önəmli təsiri olmuşdur. Dilçi alimin monoqrafiya və elmi əsərlərindəki məsələlərin qoyuluşu öz genişliyi ilə, elmi mühakimələrinin dərinliyi və yüksək peşəkarlıq səviyyəsi ilə diqqəti çəkir. Zərifə Budaqovanın monoqrafiya, kitab, dərslik və başqa elmi əsərləri, onların haqqında yazılmış bir çox resenziya və rəylərdə özünün yüksək və layiqli qiymətini almış, Azərbaycan dilçiliyinin müvafiq sahələrində yeni-yeni araşdırmalara elmi stimul olmuş və gələcəkdə də olacaqdır”. Bu fikirlər professor Zərifə Budaqovanın dilçiliyimizin inkişafı üçün xidmətlərini nəzərimizdə əyani şəkildə canlandırır.
Professor Buludxan Xəlilovun da böyük elm adamı haqqında söylədiyi fikirlər razılıq doğurur. O yazır: “Zərifə Budaqova dilçilərin qarşısında bir sıra vəzifələrin durduğunu da xüsusilə qeyd edirdi. Həmin vəzifələr bütün zamanlarda və indi də aktuallığını itirməmişdir. Məsələn, qəzet, jurnal və bədii əsərlərdə ikili və mübahisəli orfoqrafik nöqsanların olması, orfoepik normalara riayət edilməməsi, bədii dilin özünəməxsus xüsusiyyətlərinin süni şəkildə ədəbi dil normalarına tabe edilməsi, dilin bütün üslublarının hələlik eyni səviyyədə öyrənilməməsi, dilimizin izahlı, omonim, sinonim, antonim sözlər lüğətinin tərtib olunması və sair və ilaxır”. Professor Buludxan Xəlilovun çox doğru olaraq söylədiyi kimi, Zərifə Budaqovanın sadaladığı dilçilik məsələləri, görüləcək işlər bu gün də öz aktuallığını saxlayır, gələcək araşdırıcılar bunları hökmən dilçiliyimizin bir nömrəli vəzifəsi kimi nəzərdə tutmalıdırlar.
Professor Zərifə Budaqova böyük bir alim olmaqla yanaşı, o həm də misilsiz bir pedaqoq idi, tələblərinin ən hörmətli, sevimli, bilikli, qayğıkeş müəllimi idi. Onda professional müəllimə xas olan bütün keyfiyyətlər: özündə olan elmi bilikləri, xəzinəni tələbələrinə, aspirantlarına öyrətmək, mənimsətmək bacarığı, qabiliyyəti, böyük və zəngin həyat təcrübəsi, əhatəli dünyagörüşü, nəzakətli davranışı, aydın və səlis nitqi var idi. Zərifə Budaqova Azərbaycan Pedaqoji Universitetində, Azərbaycan Pedaqoji Dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti) dolğun və məzmunlu, maraqlı mülahizələri ilə tələbələrinin sevimli müəllimi olmuşdur.
Professor Zərifə Budaqova AMEA Nəsimi adına Dilçilik İnstitutunda şöbə müdiri, direktor müavini və direktor kimi fəaliyyət göstərmişdir. O, həm də bacarıqlı elm təşkilatçısı və müdrik rəhbər olmuşdur. O, ömrünün sonuna qədər otuz üç il (1955-ci ildən) Müasir Azərbaycan dili şöbəsinə rəhbərlik etmiş, özünün müəllifliyi və redaktorluğu ilə 3 cildlik “Müasir Azərbaycan dili” adlı kollektiv monoqrafiya nəşr etdirmişdir.
Professor Zərifə Budaqova yalnız Azərbaycanda deyil, keçmiş Sovetlər Birliyi məkanında, habelə dünya miqyasında da tanınan, elmi xidmətləri yüksək qiymətləndirilən dilçi alim olmuşdur. Azərbaycan elmi ictimaiyyətində görkəmli alim barəsində formalaşmış qənaət və fikirlər kütləvi informasiya vasitələrində, mətbuat səhifələrində, televiziya və radio vasitəsilə oxuculara və dinləyicilərə çatdırılmışdır. Zərifə xanımın alimləri konkret bir problemin həlli ətrafında toplamaqda da güclü və təsəvvürə gəlməz istedadı var idi. Əgər belə olmasaydı, Azərbaycan Elmlər Akademiyasına başucalığı gətirmiş Azərbaycan dilinin qrammatikasının üçcildliyi işıq üzü görə bilməzdi”.
Azərbaycan EA-nın müxbir üzvü, professor Zərifə Budaqovanın Azərbaycan elmi və mədəniyyəti sahəsində xidmətləri yalnız onun monoqrafiya və kitabları ilə, elmi irsi ilə ölçülmür. Onun ən böyük xidmətlərindən biri də alimin yüksək keyfiyyətli, dərin bilikli elmi kadrlar yetişdirməsidir. Zərifə Budaqovanın rəhbərliyi ilə 25 nəfəri filologiya üzrə fəlsəfə doktoru, 10 nəfər isə doktorluq dissertasiyaları müdafiə etmişdir. Bu gün bu kadrlar yalnız AMEA-da deyil, BDU-da, ADPU-da, Gəncə Dövlət Universitetində, Tibb Universitetində və b. təhsil ocaqlarında çalışırlar.
Professor Zərifə Budaqova ömrü boyu beynəlxalq, ümumittifaq forum və simpoziumlarda, ümumittifaq və respublika səviyyəli konfrans, müşavirə və elmi sessiyalarda iştirak etmişdir.
1983-1985-ci illərdə İstanbulda Beynəlxalq türkoloji konqresdə, Berlin şəhərində Beynəlxalq altayşünaslar konfransda (1984), Daşkənddə türkologiyanın nəzəri məsələlərinə aid Ümumdünya konqresində (1985) məruzələrlə çıxış etmişdir.
Professor Zərifə Budaqovanın elmi, pedaqoji və təşkilatçılıq fəaliyyəti haqqında qısa və yığcam şəkildə bəhs etdiklərimizdən bir daha aydın olur ki, o, Azərbaycan elmini, təhsilini və mədəniyyətini öz dəyərli əsərləri ilə zənginləşdirmişdir.
Çox-çox təəssüflər olsun ki, böyük alim bu gün cismən bizimlə deyil. Əgər yaşasaydı bu gün onun 90 illik yubileyini təntənə ilə qeyd edərdik. Təsəllimiz odur ki, onun ölməz elmi irsi bu gün də sağlığında olduğu kimi öyrənilir, təhlil edilir. Professor Zərifə Budaqova öz elmi əsərləri ilə dilçiliyimizi bəzəyir. Ruhun şad olsun! Qəbrin nurla dolsun!

Prof. İSMAYIL MƏMMƏDLİ

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.