Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.12.2018

İsmayıl KAZIMOV,
filologiya elmləri doktoru, professor

Bir təməl, bir yön yaxud çapını çoxdan gözlədiyimiz kitab

Akademik Tofiq Hacıyev: «Dialekt və şivələri öz eksponatlarını əsrlərlə təzə saxlayan etibarlı bir muzeyə bənzətmək olar»

Hələ həyatda ikən, sağlığında hərdən-birdən sual verərdim, «bəs, «Cəbrayıl keçid şivəsi?» nə vaxt kitab kimi çap olunacaq. «Görək də, sağlıq olsun!» deyərdi.
Nəhayət, özü görməsə də, oğlu, hörmətli Azər müəllim sağ olsun, kömək əli uzadanlar (akademik Nizami Cəfərov, prof. Məhərrəm Məmmədli, Qızılgül Abdullayeva və b.) var olsun, böyük alimin, Akademik, çağdaş türk dünyasının ən məşhur türkoloqlarından biri olan Tofiq Hacıyevin ilk əsərini_ «Cəbrayıl şivəsi»ni (1962) elmi ictimaiyyətə və Cəbrayıl əhlinə ərmağan etdilər. İlk yaradıcı təfəkkürün məhsulu. Hələ təcrübəsinin kamil həddə çatmadığı gənclik illərində bu əsəri yazmağa girişdi, çox uğur və şöhrət qazandı. 60-cı illərdən sonra respublikamızın ayrı-ayrı bölgələrinin dialekt və şivələri üzrə tədqiqat aparan dialektoloqlar bu əsərdən lazım olan qaydada faydalandılar.
Bu əsər biz - cəbrayıllılar üçün, böyük düşüncələr adamı olan Tofiq müəllimin özü qədər əzizdir, doğmadır. Biz bu şivələrlə doğulub, boya-başa çatmışıq, bir-birimizlə ünsiyyət qurmuşuq. Düşüncələrimiz belə sözlərlə axara salınmış, üslubi davaranışımız bir qədər də çevikləşmiş və həssaslaşmışdır. Bu zaman ünsiyyət təbii görünür (Biz danışanda deyirdik ki, «şonu götür, şonu qoy» (şu, şo qədim əvəzlik), dədəm deyərdi ki, ay gözümün ilk avı», «ə, hara təzisən (qaçırsan)», xeyli tülədim (yəni yüngülləşdim), Məhəddin kimi nə yemisiyirsən (yəni şaytıyırsan), sulu, oğlu sulu (şulum, tamahkar); nənəmi tavladım (ələ gətirmək), bu tutuşla (bu minvala), qılıqlamaq (dilə tutmaq), hana uzatmax (hana qurmaq), damazdığı kəsilir, qağam yaman alındı (yəni pərt oldu), tünnüxdü, səsməkünnükdü, cıppılı və s.)
Biz bu şivələrlə o torpaqları, o ərazinin dağını, çayını, təpəsini, ucsuz-bucaqsız bağlarını sevmişik. Biz şirin dilimizi, əziz şivəmizi Tofiq müəllimin bu kitabından, bu kitabında olan faktlardan öyrənmişik. Bu şivədə qanadlanaraq göylərə uçmuşuq…
İstəsək də, istəməsək də bu şivədə yazdığımız bədii nümunələr dada, tama, duza, ləzzətə gəlib, ruhumuzu bu şivələr oxşayıb.
Cəbrayıllılar xalq dilinin dərinliyinə gedən, dili dərindən duyan, onunla yaşayan və nəfəs alan bir toplumdur. Elə, rəhmətlik Tofiq müəllimin də mövcud olan yaradıcı təfəkkürünün bütöv mərhələsi dil yaradıcılığına, dil quruculuğuna sərf olunmuşdur. Hər şeydən ötəsi, o bir dil yaradıcısıdır, üslub yaradıcısıdır, modern amanların əsil kişisidir. Türk alimlərinin dediyi kimi, tarix səhnəsindən ən diqqət çəkici bir adam keçdi…Tofiq müəllim. O, bir təməldir, bir yöndür…Fəzilət və ciddiyyəti ilə, yaradıcı ruhu ilə , tzə düşüncələri ilə üslubu dəyişdirdi…
Bu kimi söz və ifadələr yalnız cəbrayıllıların yaratdığı dil-dialekt variantlarıdır. Kitabda cəbrayıllıların qəlbi Tofiq müəllim həmin tip söz və ifadələrin izahlı lüğətini yaratmışdır.
Bu şivə Azərbaycan dilinin tarixini öyrənmək üçün çox zəngin material verir. Tofiq müəllim müasir ədəbi dilimizdə olmayan səslər (z (karlaşmış forma. Yalnız şirak tayfasının izlərini qoruyub saxlayan Sirik kəndində yaşamış insanların nitqində müşahidə olunmuşdur.), ts affrikatı), n (velyar n), n (sağır nun), nq (qovuşuq) Cəbrayılın Qazanzəmi, Dağ Tumas, Qaracallı şivələrində işləndiyini müəyyən etmişdir.
Kitabda aşağıdakılar xülasə edilir:Səslilərin ahənginin pozulması, qapalılaşma hadisəsi, müxtəlif fonetik hadisələrin qədim yazılı abidələrimizdə də müşahidə olunması,Cəbrayıl şivəsində müşahidə edilmiş fonetik hadisələrin kəmiyyəti, işlənmə tərzi fərqli olan səslər və s.
Bir çoxlarından fərqli olaraq Tofiq müəllim Cəbrayıl şivəsi əsərini 20 yaşından sonra yazıb. Lap cavan olanda. Fundamental bir iş görüb. Cəbrayılın, demk olar ki, bütün kəndlərini gəzib, dolaşıb, şivə faktlarını toplayıb, sistemə salıb, dilin fonetik, leksik, qrammatik səviyyələrində təhillər aparıb. O, Cəbrayıl şivəsinin Azərbaycan dili dialekt və şivələri arasındakı mövqeyini ortaya qoyub və belə bir nəticəyə gəlib ki, Cəbrayıl rayonu ərazi cəhətdən Azərbaycanın cənub və qərb zonası arasında yerləşir. Bu ortaqlıq, keçidlik coğrafi mövqedə olduğu kimi dil hadisələrində də özünü göstərir. Xüsusi cəhətləri sərf-nəzər edərək, bütövlükdə götürüb, qabarıq surətdə özünü göstərən ümumi cəhətləri nəzərə alsaq, dil hadisələri Cəbrayıl şivəsinin Azərbaycan dilinin cənub və qərb qrupu dialekt və şivələri arasında keçid mövqeyi tutduğunu göstərir. Coğrafi, ərazi cəhəti ilə dil faktlarının bu uyğunluğu «yerli dialekt», «yerli şivə» terminlərinin linqvistik məzmununa tamamilə müvafiq gəlir.
Cəbrayıl şivəsinə məxsus fonetik hadisələri Füzulinin, Vaqifin əsərlərinin dilində izləyir, oxşar cəhətləri müəyyənləşdirir. Həmin faktları türk dillərinin dialektləri ilə müqayisəyə cəlb edir.
Cəbrayıl şivəsini ədəbi dildən, habelə Azərbaycan dilinin başqa dialekt və şivələrindən fərqləndirən bir sıra maraqlı morfoloji xüsusiyyətlər də T.Hacıyevin nəzərini cəlb etmiş, bu əlamət həm sözdüzəldici (leksik) şəkilçilərdə, həm də ayrı-ayrı nitq hissələrinə mənsub kateqoriya şəkilçilərində (sözdəyişdirici şəkilçilərdə) özünü göstərmişdir. Müəllif hələ o vaxtlar müəyyənləşdirmişdir ki, Cəbrayıl şivəsində müşahidə edilən bir çox şəkilçilər ədəbi dildə ya yoxdur və ya ədəbi dildən fərqli işlənmə tərzinə malikdir (toz+nax, qaz+nax və s.)
Cəbrayıl şivəsində sintaktik özəlliklərin az olduğunu T.Hacıyev haqlı olaraq qrammatikanın abstarktlaşdırma fəaliyyətinin nəticəsi hesab edir. Amma bununla belə, istər ismi birləşmələrdə, istər sintaktik əlaqələrdə (uzlaşma, yanaşma, idarə), istər cümlə üzvlərində və istərsə də mürəkkəb cümlələrdə Cəbrayıl şivəsinin müəyyən özünəməxsus əlamətləri nəzərə çarpır. Kitabın «Sintaksis» hissəsində ədəbi dillə oxşarlıq və fərqlilik yaradan xüsusiyyətlər də dəqiqləşdirilmişdir.
T.Hacıyev dialekt və şivələri öz eksponatlarını yüzillərlə təzə saxlayan etibarlı bir muzeyə bəzədir. Bu muzeydəki söz və qrammatik forma eksponatları dil tarixi materialının araşqdırılmasına yardım etmiş olur. Həmin dildə danışan xalqın adət-ənənələrinin öyrənilməsində qiymətli vasitələrdən biri olur, o xalqın qohum xalqlarla tarixən olmuş münasibətlərinin və ümumiyyətlə, özünün keçirdiyi inkişaf yolunun tədqiqində tutarlı, inanılacaq mənbələrdən biri sayıla bilir.
Tofiq müəllim Cəbrayıl rayonu şivəsində işlənən leksikanı uyğun sahələr üzrə qruplaşdırır, təsərrüfat həyatı ilə, məişlətlə, qohumluq münasibətləri ilə, müxtəlif adət-ənənələrlə və s. ilə əlaqədar sözlərin məna və işlənmə məqamlarını müəyyənləşdirir. Mənaların izahında o, Mahmud Kaşğarinin lüğətinə, qədim türk yazılarına, qədim türk lüğətinə və s. aid qaynaqlardan istifadə edir. Müşahidələrini klassik ədəbiyyatdan, aşıq ədəbiyyatından gətirdiyi və müqayisə etdiyi örnəklərlə əsaslandırır.
Kitabın «Terminlər» hissəsində cəbrayılıların istifadə etmiş olduğu maldarlığa, qoyunçuluğa, dəvəçiliyə, atçılığa, təsərrüfatın ayrı-ayrı növlərinə dair (pambıqçılıq, ipəkçilik, taxılçılıq, quş, bitki adlaı, toxuculuğa, çörək və xörək adları, ev hissələri, qab-qacaq və digər ev əşyaları, köhnə təqvim adları, ölçü adları, el köçü ilə bağlı, toy, oyun, toponim adlar, məhəllə, tayfa, tirə və s. adlar da toplanmış, sistemə salınmışdır.
Folklor nümunələri sırasında mətnlər verilmişdir ki, bu mətnlər Cəbrayıl şivəsini əks etdirmək baxımından maraqlıdır.
Təhlil səriştəsi güclü olan bu əsərin yazılmasını Tofiq müəllimin əvəzsiz xidmətlərindən biri saymaq olar. Bu baxımdan həmin əsərin dəyəri heç nə ilə ölçülmür. Bu iş bütün cəbrayılları sevindirir.
Tofiq müəllimə «xoş gördük…» deyirik. Deyirik ki:

Salam yaxşılığın dəhnə kişisi,
Saflığın bərəkət-təhnə kişisi.
Tanrım amanında saxlasın səni,
Xoş gördük, ay elin köhnə kişisi.

Sağ ol, yaxşılığın dəhnə kişisi,
Sözün bərəkəti, təhnə kişisi.
Xoş gördük, ay Tofiq İsmayıloğlu,
Xoş gördük, ay elin köhnə kişisi (tanınmış şair İsmayıl İmanzadə)

Biz Cəbrayılı qoruya bilmədik, amma şivəmizi, ünsiyyətimizi, şirin ləhcəmizi Tofiq müəllimin bu kitabı vasitəsilə qoruduq. İndi şivəmizdə danışan azdır. Yəqin ki, yeni gələnlər daha bu şirin, duzlu şivəni unudacaqlar. Amma zaman gələcək, bu kitab şivəmizi yenidən yada salmağa yardım edəcək, onu daha da dərindən araşdırmağa yol göstərəcək…

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.