Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.11.2018

Dilçilik İnstitutunun direktor müavini: "Monitorinq Mərkəzinə cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir"

Bakı. 26 noyabr. REPORT.AZ/ "Yeni yaradılacaq “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxsə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir".

"Report"un xəbərinə görə, bunu Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli deyib.

O bildirib ki, Azərbaycanda dövlət səviyyəsində ana dilinə qayğı hər zaman hiss olunur: "Son dövrlərdə dil haqqında verilən sərəncam və fərmanlar bunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 17 iyul tarixində “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi haqqında” cərəncamı dövlət dilinin əcnəbi vətəndaşlara öyrədilməsi və təbliği işini daha da sürətləndirəcək. Bu qərara uyğun olaraq tezliklə “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi həyata keçiriləcək".

Direktor müavini qeyd edib ki, Prezidentin 1 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” verdiyi fərman tarixi əhəmiyyətli qərardır: "Yaşadığımız dövrdə müstəqilliyimizin simvollarından olan ana dilinə biganə münasibət yolverilməzdir. Təəssüf ki, istər mətbuatda, istərsə də reklam və afişaların dilində, filmlərin dublyajı zamanı ədəbi dil normaları pozulur. Küçələrdə elanlar, reklamlar necə gəldi yazılır, iaşə obyektlərinin adları, restoran və kafelərdə menyular bir çox halda yalnız əcnəbi dillərdə tərtib olunur. Televiziyalarda yüz illər boyu cilalanmış ədəbi dilimiz bəzən məişət dili səviyyəsində tamaşaçıya çatdırılır. Müxtəlif saytların dilində bəzən ədəbi dil normaları gözlənilmir".

B.Məhərrəmlinin sözlərinə görə, televiziyalarda ləhcə ilə danışmaq meyilləri çoxalıb: "Aktyorlar gülüş yaratmaq üçün dialekt faktlarından geniş istifadə edirlər. Halbuki bədii üslubda dialektizmlər o zaman istifadə olunur ki, obrazın dilində fərdilik çalarları görsənsin. Ədəbi dil sanki unudulub. Fikrimizcə, artıq bu sahədə radikal addımlar atılmalı, yeni yaradılacaq Monitorinq Mərkəzinə inzibati cərimələr tətbiq etmək səlahiyyəti verilməlidir. Ana dilini etinasızlıq millətin özünə etinasızlıq, biganəlik deməkdir. Bu gün respublikamızın ərazisində fəaliyyət göstərən şadlıq saraylarını əksəriyyətinin adında palas sözü işlədilir. Nəyə görə “şadlıq sarayı” yox, məhz “palas” işlədilməlidir? Artıq rayonlarda da şadlıq saraylarının adlarını ingilis dilindən gələn “palas” sözü bəzəyir. Belə adlar yüzlərlədir. Nəyə görə “Uşaq dükanı” yox “Baby shop”, “Gözəllik salonu” yox “Beauty saloon”, “Uşaq oyuncaqları” yox “Baby toys”, “Uşaq aləmi” yerinə “Kids world” yazılmalıdır? Dil saf su kimi çirki götürmür, ana dilini yad dillərin məngənəsində sıxmaq olmaz, ana dilinə etinasız münasibət yolverilməzdir. Ana dilində ifadə və sözlərin yerinə ya türk, ya ingilis ya da rus dilinə məxsus sözlərin işlədilməsi heç də müasirlik deyil. Bü gün Bakı şəhərinin istənilən küçəsində Azərbaycan dilinin normalarının pozulmasını çox asanlıqla müşahidə etmək olar. Dövlət Reklam Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti bu məsələlərə diqqətli yanaşmalıdır".

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, Azərbaycan Respublikasının Konstitusiyasında, Nazirlər Kabinetinin qərar və sərəncamlarında ana dili ilə bağlı müvafiq müddəalar hər zaman öz əksini tapıb. Təhsil haqqında qanunda da dövlət dilinin hüquqi statusu təsbit olunub: "Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 2002-ci il, 30 sentyabr tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu”n 19-cu maddəsində yazılır ki, bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 18.2. maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər. Bu qanunun 13.1. maddəsində qeyd olunur ki, Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli şəxslər həmin normalara əməl etməlidirlər. Həmin qanunun 7.1. maddəsində bildirilir ki, Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı, digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən kiçik olmalı və reklamın yerləşdiyi ümumi sahənin üçdə birindən çox olmamalıdır. 2015-ci il 15 iyulda qəbul olunmuş “Reklam haqqında qanun”un 4.7. maddəsində də həmin müddəa öz əksini tapmışdır. Ancaq küçələrdə bu qanunların pozulmasını hər addımda görürük. Bu isə ürəkaçan hal deyil. Bir çox reklam lövhələrinin dili ancaq əcnəbi dillərdədir".

Mütəxəssisin sözlərinə görə, televiziyalarda veriliş adlarından tutmuş gözəllik salonlarının, dükanların, müxtəlif xidmət sahələrinin adlarının ingilis dilində verilməsi müşahidə olunur: "XX əsrin əvvəllərində M.Cəlilin, F.Köçərilinin, Y.V.Çəmənzəminlinin, Ü.Hacıbəylinin fəryadına səs vermək lazımdır. Bu ziyalıllar 100 il öncə öz yazılarında süni olaraq başqa dildə danışmağı və yazmağı tənqid edirdilər. Sahibkar hər hansı bir müəssisə açırsa, həmin müəssisəyə ingiliscə ad qoymağa can atır. Dildə dəbə qaçmaq olmaz, hər hansı bir müəssisənin, xidmət sahəsinin, dükanın, şadlıq sarayının adının ingiliscə yazılması onun brendə çevrilməsi deyil. Ana dilində gözəl danışmaq yalnız siyasi xadimlərin, şair və yazıçıların və ya ədəbiyyat müəllimlərinin işi deyil. Ana dilində öz fikrini rəvan ifadə etməyi hər bir ziyalı, hər bir vətəndaş bacarmalıdır. Bu, ziyalılarımızın mənəvi borcudur. Azərbaycan ədəbi dilinin yüz illər ərzində cilalanması, yüksək inkişaf xətti keçməsi buna imkan verir. Vaxtilə böyük alman dilçisi V.Humbolt deyirdi ki, dil xalqın ruhudur. Dil nəinki xalqın ruhudur, dil xalqın genetik qan yaddaşıdır. 2013-cü ildə dil haqqında qəbul olunmuş dövlət proqramının əsas müddəalarından biri ali təhsil müəssisələrində nitq mədəniyyəti dərslərinin aparılmasıdır. Hal-hazırda ali təhsil müəssisələrində ixtisasdan asılı olmayaraq nitq mədəniyyəti dərsləri keçirilir. Ancaq bunlar hələ işin başlanğıcıdır. Gözəl nitq vərdişlərinə yiyələnmək üçün dərin bədii mütaliə olmalıdır, zəngin söz ehtiyatına yiyələnmək lazımdır. Son dövrlərdə Bakı şəhərində yeni-yeni kitabxanaların, kitab dükanlarının açılmasını alqışlamaq lazımdır.

İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci ildə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” verdiyi fərman əsasında Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi Azərbaycan Respublikasında “Dövlət dili haqqında Azərbaycan Respublikasının qanunu”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və digər qanunvericilik aktlarının ana dili ilə bağlı müddəalarına uyğun olaraq dövlət dilinin müxtəlif xidmət sahələrində tətbiqinə kompleks nəzarətin həyata keçirilməsini təmin edəcək. Ümid edirik ki, Monitorinq Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikası Təhsil və Ədliyyə Nazirlikləri, Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agentliyi, Mətbuat Şurası, Radio və Televiziya Şurası, Bilik Fondu, Tərcümə Mərkəzi və digər müvafiq ali icra orqanları ilə sıx əməkdaşlıq şəraitində quracaq".

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.