Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.11.2018

Baba Məhərrəmli

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent

M.Müşfiq 110

Mikayıl Müşfiqin poetik dili

Mükayıl Müşfiq (Mıkayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə) XX əsr Azərbaycan poeziyasına öz dəstixətti, üslubu ilə novatorluq gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 17 may 2018-ci il tarixli sərəncamı ilə Mükayıl Müşfiqin anadan olmasının 110 illiyi ilə bağlı tədbirlər planının hazırlanması haqqında verdiyi sərəncam ölkə rəhbərliyi səviyyəsində Mikayıl Müşfiq yaradıcılığına verilən yüksək qiymətdir.

Milli ədəbiyyatımızı lirik şeirlər, poemalar, mənzum oçerklər, mənzum nağıllar, uşaq şeirləri ilə zənginləşdirən Mikayıl Müşfiq misilsiz sənət inciləri yaratmışdır. O, Azərbaycan poeziyasında lirik şeirin ustadı kimi özünə əbədi heykəl qoymuşdur. Müşfiq şeirlərinin ruhunda ana dilimizin zənginliyi, ahəngi, harmoniyası bütünlüklə ehtiva olunmuşdur. Onun poeziyasında xalq ruhunun bədii ifadəsi, milli düşüncənin inikası var. Drammatik poemalar, nəzm və nəsr hissələrindən ibarət olan poemalar, özünəməxsus sonetlər Müşfiq yaradıcılığının orijinal cəhətlərindən olsa da, Müşfiqin adı daha çox lirik şeirin qüdrətli ustası kimi ədəbiyyat tariximizə həkk olunmuşdur.

Təkcə “Yenə o bağ olaydı” şeiri bəs edir ki, Müşfiq şeirlərinin poetik incəlikləri, poetik sintaksisi haqqında fikir söyləyək. Çünki bu şeir Azərbaycan poeziyasının yüksək zirvəsinin, milli şeirimizin poetik texnikasının üstün səviyyəsinin örnəyidir. Qısaca ömür sürməsinə baxmayaraq, Mikayıl Müşfiq doğma dilimizin bütün imkanlarını, bədii sözün dərinliklərini oxucularına çatdırmış, Azərbaycan milli poeziyasının ən gözəl nümunələrini yaratmışdır. Təsadüfi deyil ki, lirik şeirin böyük ustadı olan Mükayıl Müşfiqi yaşadığı dönəmlərdə “zəmanəsinin Füzulisi” adlandırırdılar.

Şair Gülhüseyn Hüseynoğlu yazır: “Əgər Mikayıl Müşfiq olmasaydı, yeni dövr Azərbaycan ədəbiyyatı da olmayacaqdı. Müşfiqi bütün nəsillərə sеvdirən və adını əbədiyaşar еdən onun ürəкdən gələn səmimiyyət dolu poеziyasının хalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyüк məhəbbətlə tərənnüm еtməsi, qəlbləri еhtizaza gətirməsidir. Şairin gözəl hiss, aхıcılıq və məna zərifliyi ilə zəngin, dilədodağa yatan, tеz də yadda qalan şеirlərinin çoхu nəğmədən sеçilmir. Müşfiq ədəbiyyat tariхimizdə də, хalqımızın yaddaşında da, hamımızın qəlbində də otuz yaşlı çılğın, romantiк, хəyallar dünyasında qanadlanan bir gənc кimi qalacaq. Ömrümüzün hər çağında alovlu şairin büllur кimi saf, aхıcı misralarını хatırlayacaq, nəğmələrini dinləyəcəyiк, amma içəri dünyamızda daima onun tüкürpədici harayını da еşidəcəyik”. Gülhüseyn Hüseynoğlu Müşfiq poeziyasını “qəlblərə yol tapan lirika” adlandırırdı.

Təsadüfi deyildi ki, M.Müşfiq şeirsiz dəqiqələrini ən mənasız vaxt hesab edirdi:

Ey şeir yazmaqla keçən günlərim

Siz ki ən vəfalı günlərimsiniz.

Mikayıl Müşfiq XX əsrin 30cu illərində sovet imperiyasında klassik irsimizə kəskin hücumlar olanda, repressiyanın ən kəskin vaxtlarında “Oxu tar” şeirini yazmışdı:

Oхu, tar, oхu, tar!..

Səsindən ən lətif, şеirlər dinləyim.

Oхu, tar, bir qadar!..

Nəğməni su кimi alışan ruhuma çiləyim.

Halbuki Süleyman Rüstəm onun əksinə gedərək həmin zamanlar “Oxuma tar, səndən böyük gitara var” deyərək Müşfiqin əleyhinə çıxmışdı.

C.Xəndan onun haqqında yazırdı: “M.Müşfiqin şeirlərində tərənnüm etdiyi həyatın pafosundan doğan qanadlı bir xəyal qüvvətli bir romantika vardır. Lakin o, möhkəm tellərlə həyata bağlı olan bir sənətkardır”. Akademik A.Axundov Müşfiqə həsr etdiyi “Oxu tar” məqaləsində qeyd edir ki, onun şeirləri də çargah kimi divardandivara sarparaq yolçunu yolundan edər, dərələr, təpələr çalxalanar, onun səsinə ləpələr səs verərdi...Doğma torpaq və onun övladları şairin əsərlərində yüksək səmimiyyət və dərin bir məhəbbətlə tərənnüm edilmişdir. Görkəmli şairin əsərlərində bir vüsət, tarın xoş avazındakı kimi bir musiqi vardı. Vətən dağları, dərələri, bulaqları Müşfiqin təbiət lövhələrində həmişə layiqli yer tutur və ləyaqətlə vəsf edilir.

1927-ci ildə yazdığı “Ana” şeiri bəşəri mövzu olan ana mövzusuna Müşfiqin özünəməxsus yanaşması idi:

Ana dеdim, ürəyimə yanar odlar saçıldı,

Ana dеdim, bir ürpəriş hasil oldu canımda,

Ana dеdim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dеdim, fəqət onu görməz oldum yanımda.

Buradakı ana dedim poetik təkrarları onun şeirinə bir estetik gözəllik verir, bədii təsir gücünü artırır. Müşfiq şeirində istifadə olunan təkrarlar onun poetik dilinin ahəngini çoxaldır, intonasiyasını gücləndirir:

Sеvgi vardır кi, dodaqlarda açar güllərini,

Sеvgi vardır кi, bir az qar кimi, ruzgar кimidir.

Sеvgi vardır oхudur qəlbi də bülbüllərini,

Böylə bir sеvgi mənim ruhumu oхşar кimidir.

Müşfiq şeirinin özəlliklərindən biri onun yeni poetik formalar yaratmasıdır. Məsələn, M.Müşfiq ədəbiyyatımızda çox az istifadə olunan 3 misralı şeirlər yazmışdır. “Xalı”, “Sevgilər” şeirləri bu formada, bu biçimdədir. Hətta elə şeir formaları var ki, ədəbiyyatımızda onlar ancaq Müşfiq poeziyasına xasdır. Məsələn, şairin

“Düşüncə” şeiri 3 və 4 misralardan ibarət bəndlər şəklində yazılmışdır. Onun heca vəzni ilə sərbəst vəznin sintezindən yaratdığı şeir şəkilləri özünəməxsus olmaqla yanaşı, bədii kompozisiya cəhətdən də maraqlı və mükəmməldir.

Müşfiq poeziyasında işlədilən bədii təsvir vasitələri, sintaktik fiqurlar çox rəngarəng və çoxşaxəlidir. Müşfiqin şeirlərindəki məcazlar sistemi ənənəvi deyil, orijinal bədii üslub nümunələridir

Müşfiq şeiriyyətində istifadə olunan epitetlər ancaq ona məxsusdur. Onun “Yadıma düşdü” şeirində işlətdiyi göyərçin əllər epiteti çox orijinaldır:

Кеçən günlərimi vərəqləyirкən

Sеvdalı dillərin yadıma düşdü.

Хəyalın qarşımda canlandı, birdən

Göyərçin əllərin yadıma düşdü.

Məhz Müşfiqdən sonra ədəbiyyatımızda göyərçin ləpələr və digər bu kimi epitetlər işlənməyə başlandı.

İstedadlı şair “Tozanaq” şeirində vərəmli kitab epitetini işlədir:

Tozlanmış bir vərəmli kitab oxutdurmasın,

Hər tozanaq sinəndə yaşayan bu gənc elə,

İstəməm, o küləklər pəncərəmi vurmasın,

Sapsarı bir kölgənin qubarlı əllərilə.

“Həsrətli qarı” şeirində şair zümrüd ətək epitetini işlədir:

Kürdüstan dağları döşündə bir yol,

Bir yol ki upuzun, bir yol ki, qıvrıq,

Zümrüd ətəklərlə qapalı sağsol.

“Düşüncə” şeirində işlənən dilbər sular epiteti şairin dərin poetik təxəyyülünün məhsuludur:

Dilbər sular dalğasına, dənizlərdə, göllərdə,

Oxuyaram yeni həyat sevdasilə çırpınan,

Əskiliyə üsyan edən köünlləri hər zaman.

M.Müşfiq şeirlərində işlənən metaforalar da bədii cəhətdən çox mükəmməldir:

Neçin soqaqlarından yolçular ötən zaman,

Saçlarını oxşamaz lətif əsən küləklər

Neçin, yanıq çöllərin bitirməmiş bir fidan,

Neçin sinəni öpməz gözü yaşlı çiçəklər.

(“Tozanaq”)

Nə qollar yada salsın ənginlərin quşunu,

Nə əllər, nə ayaqlar həyatın yoхuşunu

(“Çarxlarım”)

Bu dağlar, göylərdə oynayan bu dağlar,

Bağrında filizlər qaynayan bu dağlar...

Buludlar rəqs еdər bunların başında,

Döşündə guruldar çayların nərəsi;

(“Qafqaz”)

Onun C.Cabbarlının ölümünə həsr etdiyi şeirdə də güclü metaforik ifadələr işlənmişdir.

Altındaydı sözün səmənd atları,

Çapanda titrərdi göyün qatları.

O ki, söz atından tərpəndi düşdü,

Sanki şeirimizin bir bəndi düşdü.

Şairin poetik nitqində işlənən özünəməxsus məcazlar qüvvətli bədii vasitələr kimi milli Azərbaycan şeirinə bir rövnəq gətirmişdir. Nəticədə, Müşfiqin şeirləri bədii üslubun ən kamil nümunələrinə çevrilmişdir. Çünki Müşfiq şeirlərinin dili canlı xalq dilinin bütün elementlərini özündə əks etdirir. Bu şeirlərdə Azərbaycan dilininin axıcılığı, Azərbaycan dilinin ahəngi, ruhu duyulur.

Mikayıl Müşfiqin əbədiyaşar xatirəsi qədirbilən xalqımızın qəlbində daima qalacaq, adı hər zaman hörmətlə anılacaqdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.