Qazaxıstan alimləri AMEA Nəsimi adına Dilçilik İnstitutunda görüşdə olub

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qazaxıstan “Dil-Kazına” Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Erbol Tleşov Erdenbekoviç, mərkəzin Elmi katibi Anar Fazilxanova Muratovna , aparıcı elmi işçisi Almagül Xabieva Qazax Elmlər Akademiyası Dilçilik İnstitutunun baş elmi işçisi professor Alimxan Jenisbek iştirak edib. Görüş çərçivəsində alimlər latın qrafikası əsasında tərtib olunmuş qazax əlifbasının yeni versiyasını təqdim ediblər.
Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu iclası açaraq öncə institut, sonra şöbələrin struktur və vəzifələri barədə məlumat verib.
Erbol Tleşov bildirib ki, latın qrafikalı qazax əlifbasının yeni versiyası türkdilli ölkələrin yaxınlaşmasına imkan verəcək.
Erbol Tleşov onu da vurğulayıb ki, artıq Qazaxıstan 2025-ci ilədək latın qrafikalı yeni əlifbaya keçməklə bağlı hazırlıqlar həyata keçirir. Azərbaycan dilinin latın qrafikalı əlifbasından fərqli olaraq Qazaxların əlifba layihəsində n, (sağırnun) hərfi də öz əksini tapacaq.
Qeyd edək ki, Qazaxıstanda 1920-ci ilədək ərəb qrafikasından, 1940-cı ilədək latın qrafikasından, o vaxtdan bu günə qədər isə kiril qrafikasından istifadə olunub. Kiril qrafikası əsasında yaradılmış qazax əlifbası hazırda 42 hərfdən ibarətdir.




İctimaiyyətlə əlaqələr şöbəsi