Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.03.2018

Milli Terminoloji veb-portalın təqdimat mərasimi keçirilib

Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda müvafiq qurumlar qarşısında mühüm vəzifələr qoyulub. Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı müddəalarla əlaqədar olaraq digər təşkilatlarla yanaşı, AMEAİnformasiya Texnologiyaları İnstitutunda da məqsədyönlü işlər aparılıb, institutun alim və mütəxəssisləri tərəfindən Milli Terminoloji veb-portal hazırlanıb.
Bu məqsədlə martın 6-da AMEA Rəyasət Heyətində www.terminologiya.az ünvanlı Milli Terminoloji veb-portalın təqdimat mərasimi keçirilib. Tədbirdə AMEA-nın elmi-tədqiqat institutlarının alim və mütəxəssisləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli hər bir dövlətin ən vacib atributlarından olan dilin xalqın və ölkənin identikliyi, mədəniyyəti və psixoloji xüsusiyyətlərini özündə əks etdirən bir fenomen olduğunu bildirib.
Akademik Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu nəzərə çatdırıb. İnkişafın yeni mərhələsində AR Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam etdirərək onu təmin edən çoxşaxəli amillərə xüsusi diqqət yetirdiyini söyləyib.
AMEA-nın vitse-prezidenti Milli Terminoloji veb-portalın məhz Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi, informasiya cəmiyyətinin bərqərar olunmasına dair dövlət siyasətinin həyata keçirilməsi, eləcə də elmi fəaliyyətin informasiya təminatının gücləndirilməsi məqsədlərinə xidmət etdiyini söyləyib.
Sonra çıxış edən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ümummilli lider Heydər Əliyevin dilimizin qorunması və inkişafına hər zaman böyük önəm verdiyini diqqətə çatdırıb. AR Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışında dilimizin saflığının qorunub saxlanılması və inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verdiyini bildirib.
R.Əliquliyevin sözlərinə görə, İnternet texnologiyalarının sürətli inkişafı nəticəsində insanların virtual məkanda mövcud olan informasiya resurslarına çıxış imkanları qeyri-məhdud olduğundan termin yaradıcılığı işlərinin təkcə alim və mütəxəssislər tərəfindən həyata keçirilməsi böyük çətinliklər yaradır. Bu problemin həllində, eyni zamanda terminlərin ictimai müzakirəsi və ekspertizası işlərində marağı olan hər kəs iştirak edə bilər ki, bununla da ölkəmizdə vətəndaş terminologiyası formalaşdırıla bilər.
Milli Terminoloji veb-portal dinamiki inkişaf edən, İnternet mühitində istismar olunan açıq milli informasiya resursu olduğunu qeyd edən R.Əliquliyev bildirib ki, elektron terminologiya ölkədə formalaşmaqda olan “Elektron Azərbaycan”ın seqmentlərindən biri olan elektron elmin tərkib hissəsidir.
AMEA-nın akademik-katibinin sözlərinə görə, Milli Terminoloji veb-portal terminoloji lüğətləri hazırlamış alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması üçün şəffaflıq və əlyetərliliyin təmin olunması nəticəsində geniş imkanlar yaradacaq.
Alim sistemin vətəndaşlara elektron terminoloji xidmətlər göstərməklə yanaşı, ölkədə terminologiya fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi Yusif Sadıyev milli terminoloji veb-portalı təqdim edərək onun strukturu və dizaynı haqqında ətraflı məlumat verib. Bildirib ki, www.terminologiya.az (www.azterm.az) adı altında yaradılan veb-portal AR Nazirlər Kabinetinin 4 sentyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılması və idarə edilməsinə dair Tələblər”ə, o cümlədən AR Xüsusi Dövlət Mühafizə Xidmətinin tələblərinə uyğunlaşdırılıb və təhlükəsizlik təmin olunub.
Məruzəçi qeyd edib ki, www.terminologiya.az portalı AR Nazirlər Kabineti yanında Terminologiya Komissiyası və onun elmi bölmələrinin fəaliyyətini, terminoloji lüğətlər və Azərbaycan dilinin digər lügətlərini əks etdirən informasiya bazasına və geniş axtarış imkanlarına malik informasiya resursudur.
Y.Sadıyev bildirib ki, portalın ən mühüm xüsusiyyətlərindən biri də “İctimai tribuna” bölməsi vasitəsilə Terminologiya Komissiyası və vətəndaşlar arasında onlayn əlaqələrin qurulması imkanının olmasıdır. Bölmədə yeni terminlər və müzakirə üçün mövzu təklif etmək, eləcə də mövcud terminlərə münasibət bildirmək mümkündür.
Sonda müzakirələrdə iştirak edənlər Milli Terminoloji veb-portalın Azərbaycanda terminologiya sahəsində elmi nailiyyətlərin əldə edilməsində mühüm rol oynayacağını bildiriblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.