Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.03.2018

Orfoqrafiya həssas münasibət və qayğı tələb edir

Azərbaycan dilinin orfoqrafiya lüğətləri haqqında qısa xülasə

Hazırda ziyalı olmayan və azmütaliəli hər bir kəs orfoqrafiya ilə orfoepiyanın nə olduğunu bilmir. “Orfoqrafiya” dedikdə, ilk növbədə dildə işlənən söz və terminlərin düzgün yazılışı başa düşülür. “Orfoepiya” isə dildə mövcud olan müxtəlif tələffüz variantlarını öyrənir. Müəyyən çətinliklər də elə buradan yaranır.
Orfoqrafiyanın da etimoloji, ənənəvi, morfoloji, fonetik və heroqlif kimi öz prinsipləri var. Etimoloji prinsip yazılışda sözün (formanın) keçmiş söz quruluşunu saxlamağı tələb edir. Bu cür prinsipə daha çox klassik ədəbiyyatda rast gəlmək olur. Məsələn: həqq (haqq), ləlu (ləl), adəm (adam), fələ (fəhlə), gər (əgər), ayinə (ayna), gahi (gah) və s.
Ənənəvi prinsip sözün tarixən necə yazıldığına əsaslanır. Məsələn, hazırda yeni orfoqrafiya qaydalarının 37-ci bəndində müzakirəyə çıxarılmış sonu -iyyət, -iyyat və -iyyə morfemləri ilə bitən sözün iki “yy” ilə yazılması ənənəvi prinsipdən irəli gəlir. Həmin şəkilçili sözlərdə bir “y” yazılması məqsədəuyğun təklifdir.
İngilis və fransız dillərinin orfoqrafiyası, demək olar ki, ənənəvi prinsipə əsaslanır. Morfoloji prinsipdə qohum morfenlərin tələffüzü fərqlənir, amma bir tərzdə yazılır. Rus dilinin orfoqrafiyası, əsasən, bu prinsipə əsaslanır. Fonetik prinsip isə tələffüzdə olduğu kimi yazılır.
Heroqlif prinsipdə omonimlər fərqləndirilir. Fransız dili orfoqrafiyasında heroqlif prinsipə geniş yer verilir.
Mənbələr göstərir ki, keçən əsrin əvvəllərində, yəni latın sistemli yeni əlifbanın qəbuluna qədər dilimizin orfoqrafiyasında, əsasən, tarixi və az hissəsi isə morfoloji prinsip əsas götürülürdü. Orfoqrafiyamızın tarixi prinsipə əsaslanmasına səbəb dilimizə ərəb və fars dillərindən alınma sözlər idi. Çünki həmin sözlər əslində olduğu kimi qəbul edilmişdi. Azərbaycan sözləri də həmin qaydaya əsaslanmışdı.
M.F.Axundov yeni əlifba uğrunda mübarizə aparan zaman fonetik prinsipi irəli sürmüşdü. Bu dövrdə orfoqrafiyanın hansı prinsip üzrə tərtibi öz həllini tapmamışdır. Buna görə də müxtəlif fikirlər mövcud idi. Məsələn, orfoqrafiya lüğətinin tərtibində fonetik, morfoloji, ənənəvi prinsiplə yanaşı Ə.Dəmirçizadə fərqləndirici və etimoloji prinsipi də buraya daxil edirdi. M.Mahmudbəyov morfoloji prinsipin daha əsas olduğunu irəli sürmüşdü. O, həmçinin ilk dəfə olaraq ərəb əlifbası ilə Azərbaycan dilinin orfoqrafik lüğəti olan “İmlamız” kitabını nəşr etdirir. Həmin lüğətdə müəllif tələffüzü deyil, morfoloji prinsipi əsas götürmüşdür.
A.Tağızadə fonetik və morfoloji prinsipi əlverişli hesab edirdi. M.Hüseynzadə orfoqrafiya qaydalarından bəhs edərkən o da üç əsas prinsipdən - fonetik, morfoloji və tarixi-ənənəvi prinsiplərdən istifadə etməyi vurğulayırdı. Bütün bunlarla yanaşı, dəqiq orfoqrafiya lüğəti yaratmaq mütəxəssisləri çox düşündürürdü. Odur ki, bu məsələ XX əsrin əvvəllərindən latın qrafikası əsasında yaradılmış yeni əlifba dövründə Azərbaycan dilinin orfoqrafiya prinsipinin həlli yenidən gündəmə gətirildi. Nəhayət, 1926-cı ildə Bakıda çağırılmış Birinci Ümumittifaq Türkoloji qurultayda əlifba ilə yanaşı, orfoqrafiya məsələsinə də baxılmışdı. Orfoqrafiya məsələsi qurultayın 6-cı və 7-ci iclasında müzakirə olunmuşdur. Bu məsələ ətrafında L.Şerbanın “Orfoqrafiyanın əsas prinsipləri və onların ictimai mahiyyəti”, L.Jirkovun, A.Bayturunun, Ş.Rəhiminin, Q.İbrahimovun, F.Ağazadənin orfoqrafiya haqqında məruzələri dinlənilmişdi. Növbəti gün isə məruzələr ətrafında çıxışlar olmuşdu.
L.Şerbanın məruzəsində orfoqrafiya və onun qaydalarının təyin edilməsi, bəzilərinin yazılış qaydaları və s. əks olunmuşdur. Digər məruzələrdə isə türk xalqlarının orfoqrafiyasının xüsusiyyətlərindən və s.-dən danışılmışdı. Əsas məsələ isə vahid orfoqrafiya qaydalarının yaradılması idi. Bunun üçün qurultay ərəfəsində İmla komissiyası yaradıldı.
Qurultay məruzə və çıxışlardan sonra 6 qətnamə qəbul etdi. Qətnamədə türk xalqlarının orfoqrafiya qaydalarında fonetik prinsipin yararlı olduğu göstərildi. Burada, həmçinin göstərilir ki, ədəbi dilin vahid milli orfoqrafiya qaydaları qorunmalıdır. Qətnamədə, həmçinin mükəmməl orfoqrafiyanın yaranması üçün daha əlverişli şərait latın əlifbasının qəbul edilməsi göstərilir.
Qurultaydan iki il sonra Azərbaycan dilinin orfoqrafiyasının müzakirə edilməsi üçün 1928-ci ildə Birinci Orfoqrafiya Konfransı çağırılmışdır. Konfransda B.Çobanzadə “İmlada ümumi prinsiplər”, V.Xuluflu “Yeni əlifbada imla əsasları” və H.İmanov “Avropa istilahları yazılışı” mövzusunda məruzələr etmişlər.
V.Xuluflunun 1929-cu ildə nəşr etdirdiyi “İmla lüğəti” də həmin məruzələrin tezisi əsasında meydana gəlmişdi. Qaydalar üç prinsipə əsaslanır - fonetik, morfoloji və ənənəvi. Lüğət birinci Azərbaycan imla konfransının qərarları ilə uyğunlaşdırılmış və dövlət səviyyəli elmi şura tərəfindən təsdiq edilmişdir.
Lüğət V.Xuluflunun “Bir neçə söz” müqəddiməsi ilə başlayır. Sonra isə imla konfransında qəbul edilmiş qərarlar verilmişdir. 1-ci qərar 41 maddədən ibarətdir. 2-ci isə I İmla konfransında H.İmanovun “Avropa istilahları yazılışı” mövzusunda məruzəsinə dair çıxarılan qərardır ki, bu da 21 maddədən ibarətdir.
Bu lüğət hazırkı ədəbi dilimizin orfoqrafiya lüğətindən çox fərqlidir. Təxminən 20 min sözü əhatə edən lüğət olduqca qüsurludur. Burada lüzumsuz ərəb, fars, türk sözlərinə, qəliz tərkiblərə, dialektizmlərə və onların yazılış formasına geniş yer verilmişdir.
Lüğətin bu cür nöqsanlarla yüklənməsi ciddi müzakirələrə səbəb oldu və II İmla Konfransının çağırılması vacib məsələ kimi qarşıda durdu. Nəhayət, 1931-ci ildə İmla Konfransı çağırılır və burada yeni orfoqrafiya qaydalarının layihəsi müzakirə olunur. Müzakirələr bir neçə il davam etdikdən sonra 1936-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi tərəfindən təsdiq edilərək çap olunur. Burada da ciddi nöqsanlar olduğuna görə 1937-ci ildə təzədən müzakirə olunur və 1938-ci ildə yenidən çap olunur. Qayda 31 maddədən ibarət idi. Qaydaya görə əvvəlki lüğətdə əksini tapmış qəliz ərəb, fars və türk sözlərinin atılması üstünlük təşkil edirdi, fonetik prinsip əsas götürülürdü. Həmin vaxt artıq sovetləşmə dövrü olduğundan dilimizə keçən rus və Avropa mənşəli sözlərin yazılışına diqqət artırılmışdır.
Artıq 1940-cı ildə rus qrafikasına uyğun Azərbaycan əlifbası yaranmışdı. Buna görə də orfoqrafiya qaydaları yenidən nəzərdən keçirildi, bəzi dəyişikliklər və əlavələr edildi. Bundan sonra Azərbaycan Xalq Komissarları Sovetinin təsdiqi ilə yeni qaydalarla yeni “Orfoqrafiya lüğəti” çap olundu. 20 mindən artıq sözü təşkil edən lüğətdə ədəbi dildə daha geniş yayılmış, danışıq dilində ən çox işlənən ərəb və fars sözləri, dilimizə keçmiş alınma sözlər verilmişdir. Lüğət ən çox fonetik və morfoloji prinsipə görə hazırlanmışdır.
Dilçiliyə dair yazılmış əsərlər onu göstərir ki, 1940-cı il “Orfoqrafiya lüğəti”ndən sonra qaydalara yenidən baxılması və təkmilləşdirilməsi yenə diqqəti cəlb etmişdir. Odur ki, lüğətin 1940-cı il çapından sonra müxtəlif illər daxil olmaqla 1958-ci ilə qədər orfoqrafiya qaydaları müzakirə olunaraq çap edilmişdir. Məsələn, yeni qaydalar 1955-ci ildə Səməd Vurğunun sədrliyi ilə keçirilmiş orfoqrafiya müşavirəsində müzakirə olunmuşdur. Müzakirədə M.İbrahimov, M.A.Dadaşzadə, M.Ş.Şirəliyev, Ə.M.Dəmirçizadə və başqaları (ümumilikdə 14 nəfər) iştirak etmişlər. Müşavirədə “Qaydalara” edilən əlavələrə və dəyişikliklərə yenidən baxılmışdır. 1957-ci ildə isə M.İbrahimovun sədrliyi ilə keçirilən müşavirədə yenidən müzakirə edilmişdir. Müzakirədən sonra layihə respublikanın rəsmi qəzetlərində dərc olunmuşdur. Mətbuatda məqalə müəlliflərinin fikirləri, təklifləri nəzərə alınaraq 1958-ci ildə AKP Mərkəzi Komitəsinin müşavirəsində müzakirə edilir və Azərbaycan Nazirlər Sovetinin qərarı ilə həmin ildə təsdiq olunur. 1959-cu ildə 8-ci paraqraf dəqiqləşdirilərək “Azərbaycan dilinin orfoqrafiya qaydaları” əsasında tərtib olunmuş yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1960-cı ildə nəşr olunur. Lüğətin qaydaları fonetik, morfoloji və ənənəvi prinsiplər əsasında tərtib edilmişdir. Lüğət 40 mindən artıq sözü əhatə edirdi.
1940-cı ildə nəşr olunmuş orfoqrafiya lüğətindəki ə, ö, e, ü, h hərfləri 1958-ci ildə əlifbadan çıxarıldığına görə yeni orfoqrafiya üçün məqbul sayılmadı. Həmin hərflər Azərbaycan dilinin fonetik tərkibinə uyğun ifadə olunmuşdur. h c(s) ilə, ümumi isimlərdə isə t (ts) ilə, ö - ıy(yu) ilə, ə -y(y) ilə h -ş(ş) ilə, g-e (y-e) ilə əvəzlənmişdir.
1960-cı ildə nəşr olunmuş orfoqrafiya lüğətində 117 paraqrafdan ibarət qayda da verilmişdir. Lüğətdə əlavə olaraq Azərbaycan şəxs adları və coğrafi adlar da əksini tapır. Lüğət 1940-cı ildəki lüğət əsasında təkmilləşdirilmiş, sözlərin sayı artırılmışdır. Əvvəlki lüğətdə olan bəzi nöqsanlar aradan qaldırılmışdır.
1975-ci ildə nəşr olunmuş “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə verilmiş qaydalar əvvəlki lüğətin eynidir və burada yalnız 112-ci paraqraf çıxarılmışdır. Həmin çıxarılmış paraqrafda deyilirdi: “Mürəkkəb sözlərin tərkibindəki birinci sözün son səssizinin ikinci sözün bircə səslidən ibarət olan ilk hecasına qoşub, yeni sətrə keçirmək olmaz. Eləcə də ikinci sözün bircə səslidən ibarət olan ilk hecasını birinci sözün son səssizinə qoşub, sətrin sonunda qoymaq olmaz”.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqil respublikamızın ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi elan olundu, onun funksiyasında bir çox yeniliklər meydana gəldi. Kiril əlifbası isə artıq latın qrafikalı əlifba ilə əvəz edildi. Ələlxüsus ümummilli lider Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərmanından sonra bu proses öz həllini tapdı. Bunun əsasında 2004-cü ildə latın qrafikalı Azərbaycan əlifbası ilə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu. Artıq 1975-ci ildə nəşr olunan “Orfoqrafiya lüğəti” ilə indiki lüğət arasından 29 il vaxt keçmişdir...
Yeni orfoqrafiya lüğəti 26 may 2004-cü il tarixli fərmana uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi orfoqrafiya qaydaları əsasında tərtib edilmişdir.
Lüğət hələ çıxmamışdan əvvəl —1990-cı illərin ortalarından başlayaraq orfoqrafiya qaydaları AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən hazırlanmış və dil komissiyasının iclaslarında müzakirə olunmuşdur. 1999-cu ildə isə komissiya qaydaların ölkə miqyasında müzakirəyə çıxarılması haqqında qərar qəbul etmiş, respublikanın rəsmi qəzetlərində dərc edilmişdir. İki ay davam edən müzakirədən sonra 1999-cu ildə “Respublika” qəzetinin 17, 18 və 20 iyun tarixli saylarında Ağamusa Axundovun “Müzakirələrin yekunu: təkliflər və mülahizələr” adlı geniş məqaləsi dərc olunmuşdur. Məqalədə göstərilir ki, iki ay müddət ərzində mətbuatda irili-xırdalı 14 yazı dərc olunmuşdur. İstər qəzetdə, istər məktublarda, istərsə də qeyd olunan müşavirələrdə cəmi 35 maddədən ibarət olan layihə barəsində 200-ə yaxın müxtəlif təkliflər irəli sürülmüş, mülahizələr söylənilmişdir. Müzakirəyə çıxarılmış bəzi məsələlər barəsində müəllif geniş məlumat vermişdir. Maraqlananlar həmin yazı ilə göstərilmiş mənbələri tapıb oxuya bilər.
Yeni “Orfoqrafiya lüğəti” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr olunmuşdur. Uzunmüddətli müzakirələrdən sonra bu nəşrdə apostrof işarəli sözlər apostrofsuz verilmişdir. Lüğətdə əks olunan orfoqrafiya qaydaları 36 maddədən ibarətdir. Burada bəzi sözlərin yazılışında “i” hərfi əlavə olunmuşdur (şeir, feil, meyil).
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri 2013-cü ildə çap olunmuşdur. Bu lüğət yenidən işlənmiş və genişləndirilərək sözlərin sayı 110 minə çatdırılmışdır.
Son zamanlar mətbuat səhifələrində və internet saytlarında lüğətin bu nəşrinə haqlı-haqsız tənqidlə yanaşırlar. Sanki lüğəti gözdənsalma kampaniyası yaranıb. Kimi yazır ki, lüğətdə ciddi qüsurlar var, kimi yazır ki, səhvlər, qondarma sözlər çoxdur və s. Lüğətdən başı çıxan-çıxmayan da, savadlı-savadsız da ağla gəlməyən böhtanlar yağdırırlar, lüğətə qərəzli yanaşırlar. Mən deyərdim ki, lüğətdə sözlərin yazılışına görə heç bir səhvə yol verilməyib. Lakin bəzi artıq sözlər vardır ki, onları başa düşmək çətindir. Amma necə olur ki, AMEA-nın Dilçilik İnstitutunun bazasında olan “qüsurlu” orfoqrafiya lüğətindən bəzi “lüğətçilər” köçürtmə yolu ilə, “Məktəblinin orfoqrafiya lüğəti”, “Məktəblinin izahlı lüğəti”, “İbtidai siniflər üçün orfoqrafiya lüğəti”, “Ümumişlək orfoqrafiya lüğəti”, “Vurğu lüğəti”, “Orfoepiya” lüğəti və s. hazırlayırlar, ancaq mənbəni göstərmirlər.
Müşahidələr və faktlar onu göstərir ki, oxucuların əksəriyyəti bir çox sözün düzgün yazılışını bilmir. Hətta mətbuat səhifələrində, reklamlarda belə, kobud səhvlərə yol verilir. Məsələn, “apelyasiya” sözünü hələ də iki “ll” ilə yazırlar.
Aşpaz, aşbaz, nikah, nigah, kompaniya, kampaniya və s. onlarca bu cür sözlərin mənalarını araşdıra bilmirlər. Mətbuat səhifələrində, şifahi nitqdə “nikah” sözü “nigah” sözü kimi deyilir və yazılır. Həmin sözlərin ayrı-ayrılıqda mənaları aşağıdakı kimidir.
aşpaz - xörək bişirən, xörək hazırlayan
aşbaz - aşı, plovu çox sevən adam
nigah - baxış, nəzər, baxma
nikah - kəbin, izdivac, evlənmənin qanuniləşdirilməsi
kompaniya - 1) müəyyən bir şirkət; 2) dəstə; 3) dostluq, yoldaşlıq
kampaniya - 1) hərbi əməliyyat, hərbi yürüş; 2) keçirilən hər hansı bir tədbir
Hazırda yeni orfoqrafiya lüğəti üzərində ciddi iş gedir. Odur ki, yeni qaydalar ümumxalq müzakirəsinə verilmişdir. Layihə kimi müzakirəyə verilmiş qaydaların bəzi maddələrini başa düşməyənlər yenə də qərəzli fikirlərlə çıxış edirlər...
Əsas məsələlərdən biri -iyyət, -iyyat və -iyyə elementli sözlərdə iki “yy” hərfinin bir “y” ilə yazılmasıdır. Mən də bir lüğətçi kimi bunun tərəfdarıyam. Bəzi sözlərdə “g” hərfinin “k” ilə yazılmasının əleyhinəyəm.
“Metafora” sözünün 2013-cü il lüğətində “metafor” kimi saxlanması da mübahisəyə səbəb olmuşdur. Bu, heç də ciddi məsələ deyil. Həmin söz Ə.Dəmirçizadənin “Azərbaycan dilinin üslubiyyatı” kitabında (1962, səh. 154), hətta V.Xuluflunun “İmla lüğəti” kitabında da “metafor” kimi yazılmışdır. Onu da qeyd edək ki, ingilis və alman dillərində də “metafor” kimi yazılır. “Metafora” vaxtilə dilimizə rus dilindən olduğu kimi keçmişdir.
Yeni orfoqrafiya lüğətində, yəqin ki, əksər xalq kütləsinin təklifi nəzərə alınacaqdır. Yaradılmış orfoqrafiya komissiyası bu sahə ilə ciddi məşğuldur.
Azərbaycan dilində çap olunmuş orfoqrafiya lüğətləri haqqında qısa xülasə kimi yazdığımız bu məqalədə məqsədimiz aralıqda danışılan bəzi atmacalara, replikalara son qoymaqdır. Çünki əhali arasında narazılıq yaranır ki, hər dəfə orfoqrafiya lüğəti dəyişilir. Qısa olaraq deyə bilərəm ki, orfoqrafiya lüğəti dəyişilmir, əksinə qaydalarda bəzi nöqsanlar aradan qaldırılır, unifikasiya olunur, təkmilləşir, yeniləşir, dilimizə yeni-yeni söz - terminlər keçir.

Nəriman SEYİDƏLİYEV,
filologiya elmləri doktoru.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.