Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.1.2018

Orfoqrafiya qaydalarının müzakirəsi

Qəzənfər KAZIMOV
Filologiya elmləri doktoru, Əməkdar elm xadimi

AMEA-nın Dilçilik İnstitutunda orfoqrafiya qaydalarının yenidən nəzərdən keçirilməsi və orfoqrafiya lüğətinin yenidən çapa hazırlanması elmi ictimaiyyət arasında böyük həyəcana səbəb olub.

Təkcə onu deyim ki, mən bir axşamın - 19 yanvar Facebook saytını vərəqlədim, aşağıda adları qeyd edilən yoldaşların müzakirəyə verilmiş orfoqrafiya layihəsi haqqında çıxışlarına rast gəldim: Şahlar Göytürk, Aqil Abbas, Mayıl Əsgərov, Qulu Məhərrəmli, Firudin Cəlilov, İdris Abbasov, Buludxan Xəlilov, Rafiq Yusifoğlu, Firuz Mustafa, Salam Sarvan, Nazim Nəsrəddinov, İradə Musayeva, Qətibə Vaqifqızı, Nəriman Əbdürrəhmanlı, Təranə Şükürlü, İlkin Əsgərov, Akif Aşırlı, Aynur Camalqızı, Səadət Şıxıyeva və b.

Dövlət dilinə - ana dilinə belə aktiv münasibət kimin hansı mövqedə olmasından asılı olmayaraq, maraqlı və əhəmiyyətlidir.

İsa müəllim - akademik İsa Həbibbəyli, Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu və direktorun müavini Baba Məhərrəmli bir neçə dəfə çıxış edərək orfoqrafiya qaydaları üzərində işin əhəmiyyəti, mahiyyət və səbəbləri barədə izahat vermişlər. İnstitutun mətbuat xidmətinin katibi Təranə Şükürlü, Təhsil şöbəsinin müdiri Qətibə Vaqifqızı və bir sıra başqaları da eyni mövqedən çıxış etmişlər. Çıxış edən yoldaşların bəziləri məsələyə müəyyən dərəcədə tənqidi yanaşmış, təkliflər səsləndirmişlər.

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Sosiolinqvistika və Dil Siyasəti şöbəsinin müdiri, filologiya elmləri doktoru Mayıl Əsgərov müzakirələrdə iştirak edənləri üç qrupa ayırmışdır. Müəllif yazır:

Birincilər böyük əksəriyyət təşkil edir. Onlar həmin layihəni obyektiv şəkildə dəyərləndirə bilmək üçün nə lazım gələn elmi potensiala və qabiliyyətə, nə də lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malikdir. Bununla belə, bir vətəndaş kimi nə isə demək, aktivlik göstərmək istəyirlər.

İkincilər ya müvafiq elmi potensial və qabiliyyətə, ya da lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malik deyillər. Onlar da kifayət qədər çoxdurlar.

Üçüncülər isə həm layihəni düzgün dəyərləndirmək üçün müvafiq elmi potensial və qabiliyyətə, həm də lüğətçilik sahəsində müvafiq təcrübə və səriştəyə malikdirlər.

Çıxışları nəzərdən keçirdikcə bu cür bölgünün müvafiq olduğunu görürük. Lakin bir cəhəti qüvvətləndirmək lazımdır ki, bir çox yanlış fikirlər təqdim olunan layihə ilə diqqətlə tanış olmamaqdan irəli gəlmişdir.

Yazıçı, publisist, tərcüməçi Nəriman Əbdürrəhmanlı qaydalar üzərində işi, lüğətin hazırlanması işini alqışlasa da, faktiki olaraq institutu başqa bir məsələdə ittiham etməyə, günahlandırmağa çalışmışdır: "Son həftələrin dil "çılğınlığı" Azərbaycan Tərcümə Mərkəzinin "Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü"nün nəşrilə bağlıdır. Məni bir məsələ maraqlandırır: başbilənlərin dediyinə görə, beş ildən bir yenilənməli olan orfoqrafik lüğətə bu vaxtacan məsul olanlar niyə indi tərpənirlər, nəyə görə bu zərurəti indiyəcən nəzərdən qaçırıblar. Heç olmasa, işlək olmayan minlərlə sözü latın qrafikasına keçid zamanı üzə çıxarılan nəşrdə nəzərə almaq lazım idi. Amma həmin nəşr kütləvi tirajla çap olundu, azı iyirmi il redaktorların, korrektorların və digər mütəxəssislərin istifadəsində oldu. Həmin müddətdə dilimizə dəyən zərbənin məsuliyyətini bəs kim daşıyacaq?" Bununla yanaşı, müəllif deyir: "Məncə, böyük zəhmət bahasına başa gələn sanballı bir işə sevinmək, ən azı, xeyirxah münasibət bəsləmək lazımdır. Xeyirxah niyyətlə atılmış addımı süngüylə qarşılamaq, sadəcə olaraq, təəssüf doğurur".

Müəllifin iradı belədir ki, bu iş nə üçün vaxtında görülməyib? Nəyə görə bu zərurət Tərcümə Mərkəzinin buraxdığı lüğətdən sonra meydana çıxıb?

Əslində, qaydaya görə beş ildən bir çıxarılmalı olan lüğətin elə çap vaxtı indidir - 2013-cü ildən 5 il keçir. Amma məsələ tamamilə başqa cürdür. Əvvələn, onu deyim ki, Tərcümə Mərkəzinin 70-80 il müddətində 5-6 dəfə Dilçilik İnstitutunun əməyi ilə çap olunmuş lüğəti götürüb bir sıra sözləri ixtisar etməklə lüğət çap eləməsi arzu olunan bir iş deyildir. Çox olsa, onlar tərcümə işi, tərcümə terminologiyası ilə bağlı lüğət hazırlaya bilərdilər. Orfoqrafiya ilə bağlı çıxış edənlərdən "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarov çox doğru deyir: "Bu sahə ilə rəsmi qurum olan AMEA-nın Dilçilik İnstitutu məşğul olmalıdır, diletantlar, qeyri-peşəkarlar yox! İndi bəzi qurumlar müxtəlif lüğət, dərs vəsaiti, metodik göstəricilər çap edib maliyyə vəziyyətlərini yaxşılaşdırmaqla məşğul olur. Buna sözüm yox, amma alternativ olaraq "Orfoqrafiya lüğəti" çap etmək absurddur! Alternativ də "Orfoqrafiya lüğəti" olar? Qeyd-şərtsiz belə vacib və məsuliyyətli işi Dilçilik İnstitutu həyata keçirməli, dövlət və xalq qarşısında da hesabatı bu qurum verməlidir!"

İndi heç bir şey yerində deyil.

İkincisi də Dilçilik İnstitutu lüğətin yeni çapına təzə başlamayıb. Vaxtından çox tez başlayıb. Bu hal 2013-cü ildə çap olunmuş lüğətdəki nöqsanlarla bağlıdır.

Vəziyyət belədir ki, 2013-cü ildə çap olunmuş lüğətdə qüsurlar əmələ gəldi. Səbəb də bu oldu ki, lüğətin çapını kimlərsə həddən artıq tələsdirirdilər. Sovet dövründə, xüsusən 1958-ci il müzakirələri zamanı çox təkmil orfoqrafiya qaydaları yaradılmışdı. Lüğətin 1975-ci il çapında qaydaların sayı 116-dır. Hətta burası da yadımdadır ki, 2013-cü ildə qaydalar hazır olmamış, lüğəti çap edirdilər. Mən institutun elmi şurasında bu məsələni xatırlatdım: qaydalar hazır olmadan lüğəti çap etmək düz deyil. Lakin nədənsə, baxılmadı və lüğət tez çıxmalı oldu. Qaydalar bir qədər sonra çap olundu və məlum oldu ki, sovet dövründə hazırlanmış qaydalar son dərəcə azaldılıb. Cəmi 36 qayda saxlanılıb.

Qaydalar süni şəkildə yaradılmır, sözün, şəkilçinin, morfemin, səsin təbiətindən doğur. Odur ki, onları bu qədər ixtisar edib yazılışı özbaşına buraxmaq olmazdı. Nəticədə, gördüyümüz kimi, lüğətin 2013-cü il çapı istifadəçilərə qüsurlu göründü.

Burada əsas qüsur nədən ibarətdir? Doğrudur, tək-tək sözlərdə iki cür yazılış da var, lap elə orfoqrafik nöqsan da müşahidə olunur. Amma etiraz doğuran əsas məsələ lüğətə çoxlu sayda "anlaşılmaz" sözlərin daxil edilməsidir.

İndi burda mən şəxsən öz münasibətimi bildirmək istəyirəm. Qəliz terminlər var - onlar bizim terminoloji lüğətlərimizdə - sahə lüğətlərində əks olunur. Alınma sözlər var - onlar bizim kamil ərəb, fars sözləri lüğətimiz var, orada toplanmışdır. Şivə sözləri var - onlar bizim institut tərəfindən hazırlanıb dəfələrlə çap olunmuş dialektoloji lüğətlərimizdə əhatə olunub. İnstitut kamil arxaik sözlər lüğəti üzərində işləyir - arxaik sözlər ora daxil ediləcək və s. Ruslar bir neçə ildən bir rus dilinə daxil olan yeni sözlərin ayrıca lüğətini hazırlayıb çap edirlər. Bizim "Orfoqrafiya lüğəti"miz də bu cür uzun təkmilləşmə yolu keçib. Lüğətlər birdən-birə yaranmır. Tədricən yaranır və tədricən təkmilləşir. Bunun üçün əvvəlcə orfoqrafik qaydalara nəzər salınır, köhnəlmiş qaydalar islah edilir, dilin öz inkişafı ilə bağlı yeni qaydalar yaranır.

Məlumdur ki, keçən minilliklər ərzində belə xüsusi yazılı qaydalar olmayıb. İlk dəfə Sovet hakimiyyətinin ilk illərində belə qaydalar müəyyənləşdirilib. İlk orfoqrafiya qaydaları 1925-ci ildə hazırlanıb çap edilmişdir. Bu qaydalar əsasında 1929-cu ildə ilk və yığcam "İmla lüğəti" nəşr edilmişdir. Bu lüğət Nizami adına Ədəbiyyat və Dil İnstitutu əməkdaşları tərəfindən zənginləşdirilərək 1940-cı ildə "Orfoqrafiya lüğəti" adı ilə çap olunmuşdur. Lüğətə 21000 söz daxil idi. 1958-ci ildə qaydalara yenidən baxılmış, bir sıra dəyişikliklər edilmişdir. O yazılıb a ilə tələffüz edilən (Maskva, Adessa, labaratoriya kimi sözlər) tipli sözlər (8-ci maddə) xoşa gəlmədiyi üçün bir il sonra Nazirlər Sovetinin qərarı ilə dəyişdirilmiş, belə sözlərin o ilə yazılması qərarlaşdırılmışdır. 1960-cı ildə yeni "Orfoqrafiya lüğəti" hazırlanmışdır. 1940-cı ildə çap olunmuş lüğət əsasında hazırlanmış bu lüğət 40 000-dən artıq sözü əhatə edirdi. 1975-ci ildə çap olunmuş "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə 58 000 söz daxil edilmişdir. 2004-cü ildə lüğət yenidən çap olunarkən artıq sözlərin sayı 80 000-ə yaxın idi. 2013-cü ildə (6-cı nəşr) lüğətə 30 000-dən çox yeni söz əlavə edilmişdir (110 min 563 söz). Yeni sözlər musiqi adları, xörək adları, siyasi terminlər, hüquq terminləri və s.-dən ibarət olmuşdur. Göründüyü kimi, lüğət hər dəfə təkmilləşdirilmiş, zənginləşdirilmişdir. Və hər dəfə "Qaydalar"a da baxılmış, cüzi də olsa, düzəlişlər edilmişdir. Məsələn, 1940-cı il qaydalarına ü hərfi daxil edilmədiyi halda, 1947-ci ilə qədər kortəbii şəkildə ü hərfindən istifadə edilmişdir. 1958-ci ilə qədər ə, ö, e hərflərindən istifadə edilmiş, yalnız 58-ci ildə bunların ya, yu, ye şəklində yazılması qərarlaşdırılmışdır. Yəni həmişə təkmilləşmə olmuşdur.

Beləliklə, 2013-cü ildə lüğətə əlavə çoxlu söz daxil edilmişdir. Mən fikrimi deyirəm. Elmin, texnikanın müxtəlif sahələrinə aid olan bu cür yeni sözlərin bir qisminin mənasını mən bilmirəm, sən də bilmirsən. Amma həmin sahə sözlərinin öz adamları var. Orfoqrafiya lüğəti ondan ötrü deyil ki, sən söz öyrənəsən. Bu lüğət ondan ötrüdür ki, sən axtardığın sözün dəqiq yazılışını müəyyən edəsən. Başqa sözlə sənin nə işin var? O sözün öz yiyəsi var, o da onu axtarmalıdır. Sənin narazılığın ondan ibarətdir ki, lüğətdə "artıq" sözlər var və o sözlər sən axtardığın sözün asan tapılmasına mane olur, adamı qıcıqlandırır. Onda gərək dar sahənin mütəxəssisləri də deyə ki, sən bir belə ümumişlək sözü nə üçün bura doldurmusan ki, mən axtardığım sözü tapa bilmirəm. Lap asan tapmaq istəyirsən, məktəblinin orfoqrafiya lüğəti var, ora bax.

Amma onu da deyim ki. məsələ təkcə belə deyil. 2013-cü ilin lüğətində feilin məna növləri üzrə dəyişə bilən və əslində, çox nadir hallarda işlənə bilən, lap elə dəqiq desək, bir sıra qurama sözlər də var. Bu hal lüğəti gözdən salır.

Lüğət çap olunduqdan az sonra (2013-cü il) narazılıqlar görünməyə başladı və Dilçilik İnstitutu da bunları boş buraxmadı. Tofiq müəllim - akademik T.Hacıyev direktor vəzifəsini tutduğu gündən bu işlə məşğul olmağa başladı. O zaman lüğət bu qədər səs-küyə səbəb olmamışdı və elə də bir ciddi narazılıq yox idi. Tofiq müəllim mənə tapşırdı ki, institutun özündən, digər ali məktəblərimizdən bu sahəyə yaxşı bələd olan mütəxəssisləri toplayıb bir komissiya yaradım və az vaxt ərzində lüğətin qüsurlarını aradan qaldırıb müzakirəyə və çapa verək. Mən Dilçilik İnstitutundan və başqa ali məktəblərimizdən bu işi yaxşı bilən 6 nəfərlik komissiya yaratmalı oldum. Biz həftədə bir neçə dəfə görüşüb işləməklə xeyli iş gördük. İki cür yazılışları, tam anlaşılmaz və artıq görünən sözləri, lüğətə daxil edilməmiş yeni sözləri müəyyənləşdirməklə məşğul olduq və xeyli də iş gördük. Biz məsələni o vaxt qurtaracaqdıq. Çox ciddi bir maneə ortalığa çıxdı. Çap olunmuş lüğəti yenidən kompüterdə yazdırmaq və onu yoxlayıb düzəltmək, sonra üzərində islahat aparmaq hədsiz dərəcədə vaxt tələb edərdi və bizim düzəltdiyimiz lüğət kompüter nöqsanlarına görə əvvəlkindən (2013-cü il çapından) daha qüsurlu olardı. Odur ki, biz qanuni yolla, üzərində işləmək üçün Şərq-Qərb Nəşriyyatından lüğətin elektron variantını almağa çalışdıq. Vermədilər. Ona görə vermədilər ki, illərdən bəri institutun əməkdaşlarının böyük zəhməti ilə meydana çıxan bu lüğəti çap edib onun pulundan institutun əməkdaşlarına vermirdilər. Zəhmət çəkən institut, fayda götürən nəşriyyatdakı kiçik bir qrup. Ona görə vermirdilər ki, lüğəti institut başqa bir mətbəədə çap etdirib fayda götürə bilərdi. Dedilər ki, siz düzəlişlərinizi verin, biz özümüz düzəldib çap edərik. Əgər elektron variantı əldə edə bilsə idik, o vaxt bu iş qurtarardı və indi məsələnin kökünü bilmədən meydana çıxarılan söz-söhbət də olmazdı, Nəriman müəllim Əbdürrəhmanlı da bizi danlamazdı. Tofiq müəllimin qəfil vəfatı da işin ləngiməsinə təsir etməmiş deyil.

Möhsün müəllim direktor olduqdan dərhal sonra bu işlə məşğul olmağa başladıq. Amma indi məsələ bir qədər genişlənmişdi. Belə ki təkcə lüğətə deyil, yenə qaydalara da nəzər salmaq lazım gəlir. Dediyim kimi, qaydalar çox ixtisar olunmuşdu, lüğəti düzəltmək üçün bir sıra qaydaları bərpa etmək və müəyyən əlavələr etmək lazım idi.

Bir yeniliyi mən təklif etmişəm. Əvvəlki qaydalarda belə idi ki, idi, imiş ədatları adlardan ayrı yazılmalıdır: Həsən idi, yaxşı idi, tez idi və s. Bitişik yazmaq düz deyil, məs.: Həsəndi, tezdi və s. şəkildə yazmaq nöqsan sayılır (amma bədii dildə bu cür yazanlar var). Bu qayda olduğu kimi qalır. Feillərdə belədir: feil samitlə qurtardıqda idi, imiş bitişik də yazıla bilər, ayrı da: yazmışdı - yazmış idi, alırdı, alır idi. Əslində, ayrı yazmağa ehtiyac yoxdur, lakin qaydaya toxunulmadı, beləcə də qaldı. Feil saitlə bitdikdə keçmiş qaydaya görə idi, imiş ayrı yazılmalıdır: almalı idi, almalı imiş. Lakin qaydalardan asılı olmayaraq, bu cür sözlər çox vaxt y bitişdiricisi ilə bitişik yazılır: almalıydı, gəlməliymiş. Praktikadan gəldiyi üçün biz bunu qəbul edib müzakirəyə verdik.

Qalan dəyişikliklər aşağıdakılardır.

1.Layihənin 22-ci maddisində deyilir:

22.Aşağıdakı sözlərin mənbə dildəki yazılışı əsas götürülərək, k hərfi ilə yazılması məqsədəuyğun sayılır: əs k ər, əs k inas, İs k əndər, iş k əncə və s.

Qeyd: Bu sözlər dilimizdə məhz tələffüzlərinə əsasən indiyədək g hərfi ilə yazılmışdır. Belə ki mənbə dildə yanaşı gələn kar samitlərdən (sk, şk) ikincisi (k) tələffüzdə cingiltiləşərək, onun cingiltili qarşılığına (g) keçmişdir.

(Bir əhvalat yadıma düşdü. Bir yaşlı müəllimim var idi. Dedim ki, bu sözdə c olar, ç yox. Dedi ki, 40 ildir, dərs deyirəm. Heç vaxt ç ilə c, g ilə k hərflərini fərqləndirməmişəm).

Layihədəki bu qaydaya aşağıdakı yoldaşlar etiraz edir.

Qulu Məhərrəmli yazır: "Əsgər" sözünün "əskər", "alqı-satqı" sözünün "alğı-satqı" yazılması təklifi məqbul sayılıb. "Əsgər", "əsginaz" sözlərində əsas gətirirlər ki, mənbə dildə bu söz belə yazılır. Mənbə dilə istinad etmək kökündən yanlışdır. Bu sözlərin yazılışı ilə bağlı irəli sürülən təkliflərdə mən ciddi prinsip görmürəm".

Dilçilik İnstitutunun şöbə müdiri İ.Abbasov layihədə göstərilən İskəndər, Əskər, əskinaz, işkəncə sözlərini nəzərə alaraq əsgər sözü haqqında yazır: "Bu söz illərdir dilimizdə "əsgər" kimi qəbul edilib, dildə heç bir pis məna da vermir. Bu sözü dəyişmək əlavə problem ya-ratmaqdır. Türkiyə türkcəsində "asker" kimi yazılır, bizim dildə də yazılışı ona uyğunlaşdırmaq istəyirlər".

İnstitutun şöbə müdiri Mayıl Əsgərov: "Birincisi, əsgər, əsginas, İsgəndər, işgəncə sözləri incə saitlər silsiləsi əsasında formalaşan sözlərdir və Azərbaycan dilinin fonetik qaydalarına əsasən incə sait silsiləli sözlərin orta hecalarında bir qayda olaraq cingiltili samitlər işlənir. Belə sözlərin ortasında kar samitin işlənməsi dilin təbii axıcılığını pozur, tələffüzdə çətinliklər yaradır. Əgər biz həmin hərfi [g] kimi tələffüz edəcəyiksə, onu [k] kimi yazmağın məntiqi səbəbi başadüşülən deyil".

B.Xəlilov belə sözlərin aid olduğu qaydanın daha geniş müzakirəsini gözlədiyini bildirmişdir. Nazim Nəsrəddinov da həmin sözlərin əsgər, misgər, dülgər, səngər, zərgər, çilingər şəklində g ilə yazılışını düzgün sayır.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı da dəyişiklikləri bəyənməyib.

Beləliklə, qaydalardakı dəyişiklikdən biri budur ki, əs k ər, əs k inas, İs k əndər, iş k əncə tipli sözlərdəki k səsi bizim nitqimizdə g səsi ilə tələffüz olunsa da, həmin səsin mənşə dilə uyğun olaraq k ilə işarə edilməsi məsləhətdir.

2. Layihənin etiraz doğuran bir bəndi də belədir:

12. "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin 2013-cü il nəşrində metafor, profilaktori, sanatori şəklində verilmiş sözlərin metafora, profilaktoriya, sanatoriya kimi yazılması tövsiyə olunur".

Qulu Məhərrəmli yazır: "10-15 il bundan əvvəl "metafora" yazmışıq, 2013-cü ildə çıxan lüğətdə "metafor" edilib. İndi də təklif edirik ki, yazaq "metafora". Bu onu göstərir ki, bu məsələlərə yanaşmada ciddi elmi prinsip yoxdur".

İ.Abbasov: "2004-cü ildə "metafora", 2013-cü ildə "metafor", 2018-ci ildə yenidən "metafora".

İdris Abbasov da bu sözlərin təklif olunan yeni yazılışına etiraz edir: "Demirəm ki, sözlər mənbə dildə olduğu kimi yazılmalıdır. Söz dilimizə rus dilindən metafora şəklində keçib və bu da normal idi. İllərdir metafora kimi işlətmişik və qəbul edilib. 2013-cü ildə sözün metafor edilməsinə ehtiyac yox idi. İndi yenidən 2004-cü ildəki variantına qayıdırıq". Müəllif profilaktoriya, sanatoriya sözləri haqqında da belə düşünür.

Deməli, bir məsələ də vaxtilə metafora şəklində - son a saiti saxlanmaqla yazılmış bir neçə sözün son a saiti haqqındadır: əvvəlki lüğətlərdə a saiti olub, 13-cü ildə çıxarılıb, indi yenə bərpa etmək istəyirik və bu məsələ xoşa gəlmir.

3-cü bir məsələ. Layihənin 37-ci bəndi:

37. Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində - iyyat,- iyyət və -iyyə şəkilçisi olan sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz olunur. Buna görə də fonetik prinsipə əsaslanaraq tərkibində həmin şəkilçilər olan sözlərin bir y ilə yazılması məqsədəuyğun sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə - dövriyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət - fəaliyət, maliyyə - maliyə , üslubiyyat - üslubiyat və s. Bunun nəyi pisdir?

Qeyd: Qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir y ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

Bu qaydaya etiraz edənlər:

İ.Abbasov: "Bu təkliflə də razı deyiləm. Onsuz da bu sözlərə tarixən uyğunlaşmışıq, artıq deyilişdə hansı sözün bir, hansının iki "y" ilə yazılması anlaşılır. "İyyat", "iyyət" şəkilçisi yoxdur, bunun dilimizə hansı dildən gəlməsi bəlli deyil. Ərəb dilində -iyyun şəkilçisi var, biz bunu "i, vi" şəkilçisi kimi qəbul etmişik. "Bəşəri" sözünü onlar "bəşəriyyun" kimi yazırlar. "Bəşəriyyun" sözündən "bəşəriyyətun" sözü düzəlir, biz də onu bəşəriyyət sözü ilə uyğunlaşdırırıq. Ərəb dilində də "-ət, -at" şəkilçisi var, amma "iyyat" necə yaranıb, onu bilmirəm".

Q.Məhərrəmli də belə sözlərdə y hərflərindən birinin ixtisarının əleyhinədir.

Şahlar Göytürk belə sözlərdə y hərfinin birinin öləcəyini eşidib son dərəcə kədərlənmiş, ayrılıq anında -iyyət şəkilçisini böyük həyəcanla bağrına basaraq, ayrıla bilmək qorxusu ilə dərin üzrxahlıq edir: "Dilimin özəlliyi "-iyyət"im mənim! Sənin kəramətini indi-indi anlayıram. Bu "y"ların ürəyimə yağ kimi yayılır. Səni bir y ilə tələffüz etdiyim üçün bağışla məni!"

Aqil Abbas bu münasibətlə yazır: "Nə bilim iki samitin biri düşməlidi, "ədəbiyyat" yox, “ədəbiyat" yazılmalıdı, "riyaziyyat" yox, "riyaziyat" yazılmalıdı. Deməli, adında iki samit olanlar gedib pasportlarını, şəxsiyyət vəsiqələrini dəyişməlidirlər də?! Məsələn, "Məhərrəm" yazılmalıdır "Məhərəm", adam da səhv elədi, ortadakı "ə"ni yedi, "Məhərəm" oldu "Məhrəm".

Aqil müəllim yumorlu və hazırcavab adamdır. İndi bu orfoqrafiya məsələsində də assosasiya ilə harda qoşa samit varsa, hamısını qatıb bir yerə. İxtisar bizim qaydalarda hər qoşa sözə deyil, yalnız -iyyət, -iyyə şəkilçisi ilə bitən ədəbiyyat tipli ərəb mənşəli alınma sözlərdə qoşa y samitinə aiddir və müzakirəyə də ona görə verilib ki, ziyalılarımızın münasibəti bilinsin.

Yenə keçək orfoqrafiya məsələlərinə.

Tənqidi fikirlərin bir qismi lüğətdəki sözlərə aiddir.

Şair Salam Sarvan lüğətdəki (2013) bir sıra sözləri çox məharətlə bir yerə toplayıb: "Ağacgəmirmə, arvadoğlu, asfaltsifət, ağızdanolma, bəstiqoyma, butulkaboğaz, buynuzaməxsus..."

Sonra yazır: "Dilimizi təhqir edən bu "sözlər"in lüğətlərdə yer almasına məsuliyyət daşıyan dilçilərimiz, ilk əvvəl, qoy bu suala cavab versinlər".

Doğru deyir. Boynumuz qıldan nazikdir. Amma belə sözləri də ayrıca bir lüğətə yığmaq yaxşı olardı. Heç bir sözü itirmək düz deyil. Elə lüğətin yeni nəşrinin çətinliklərindən biri onu belə sözlərdən təmizləməkdən ibarətdir.

4.Başqa bir qayda.

33. Mənbə dildə bəzi təkhecalı və çoxhecalı sözlərin sonunda işlənən qo-şa ss samitindən yalnız biri yazılır: ekspress - ekspres, konqress - konqres, stress - stres və s.

Bu qayda 2013-cü ildə çap olunmuş qaydalarda yoxdur. Amma lüğət bu qayda əsasında tərtib edilmişdir və sözlər konqres, ekspres şəklində bir s ilə yazılmışdır. Bunun - bu qaydanın daxil edilməsinin elmi və tədris əhəmiyyəti vardır.

Vəssəlam. Bütün bu hay-haray bir sıra sözlərdə g>k əvəzlənməsi, metafora tipli bir neçə sözdə son a saitinin qalıb-qalmaması, ədəbiyyat tipli bir neçə sözdə y samitlərindən birinin atılıb-atılmaması ilə bağlıdır. Başlıca dəyişikliklər bunlardan ibarətdir.

Layihədə nəzərdə tutulanlardan əlavə, bir sıra yoldaşların təklifləri də vardır.

Hörmətli dilçilərimizdən Firudin Cəlilov qeyd edilən düzəlişlərin hamısını məqbul sayır, hələ bəlkə gecikmiş hesab edir. O, g - k keçidi ilə əlaqədar məsələyə münasibət bildirərək, bunun əskinas sözündəki s samiti düzəldilməklə (əskinaz şəklində) doğru olduğunu göstərir. Ədəbiyyat tipli sözlərin bir y ilə yazılması təşəbbüsünü düzgün hesab edən müəllif özünün kitablarında belə sözləri 15-20 il əvvəldən bir y ilə yazdığını söyləyir. F.Cəlilov ortaq əlifba yaratmaq üçün əlifbamıza sağır n hərfinin salınmasını, küll, hiss sözlərindən başqa, qalan bu cür sözlərin sonunda bir samit yazılmasını da məsləhət bilmişdir.

Mayıl Əsgərov təklif edir ki, Səhiyyə naziri, Təhsil naziri kimi vəzifə adları, Əməkdar müəllim, Əməkdar elm xadimi kimi fəxri adlar cümlənin ortasında gəldikdə də ilk söz böyük hərflə yazılsın.

"Qaydalar"da nəzərdə tutulan dəyişikliklərin mahiyyəti bunlardan ibarətdir. Dəfələrlə "Qaydalar" və lüğət üzərində işin mahiyyət və səbəblərini izah edərək, orfoqrafiya komissiyasının sədr müavini, akademik İsa Həbibbəyli yazır: "Cəmiyyətdə səslənən təkliflərin hamısı bizim komissiya tərəfindən diqqətlə toplanılır və öyrənilir. Komissiya bu təklifləri, tənqidi mülahizələrin hamısını təhlil edib ortaq qərar qəbul edəndən sonra hazırkı orfoqrafiya qaydaları daha da təkmilləşdiriləcək". İsa müəllim yenə deyir: "Xalqın, geniş ictimaiyyətin, mütəxəssislərin əsgər, İsgəndər kimi sözlərdəki "g"nın "g", yaxud "k" ilə ifadə olunması ilə bağlı fikirlərini izləyəcəyik. İctimai fikir "k"nın tərəfində olsa, "k", "g"nın tərəfində olsa, "g" ilə ifadə edəcəyik".

İsa müəllim bu cür kiçik bir qrup alınma sözün yazılışının dəqiqləşdirilməsi barədə deyir: "Biz on ildən çox dildə müşahidə olunan hadisəni yazıda ifadə etmək istəyirik. Bu sözlər dildə dəyişilib, dil bunu edib. Biz bu dəyişikliyi etməkdə gecikmişik. Dəyişikliyi etməkdə əsas məqsəd alınma sözlərin Azərbaycan dilinin tələffüz və yazılış qaydalarına uyğunlaşdırılmasıdır. Burada bir azərbaycançılıq mövqeyi var".

Dilçilik İnstitutunun direktoru M.Nağısoylu: "Mən şəxsən orfoqrafiyaya çox yenilik gətirməyin əleyhinəyəm. Çünki çox yenilik olanda nəsillərarası çaşqınlıq yaranır. Ona görə də bizim bu qaydalarda çox yenilik yoxdur".

Yenə: "Hər dəfə orfoqrafiya lüğəti hazırlananda onun qaydaları da kitaba daxil edilir. Qaydalarsız orfoqrafiya lüğəti yoxdur. İstənilən orfoqrafiya lüğətini açanda orda qaydalar olmalıdır. Və qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq olunur. Əvvəlki orfoqrafiya lüğətlərinin hər biri Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ancaq 2013-cü ildə çıxan orfoqrafiya lüğəti Nazirlər Kabineti tərəfindən təsdiq olunmayıb. Çünki orda heç bir yeni qayda verilməyib".

Möhsün müəllim yazır: "Yeni qaydalar hansı zərurətdən yarandı? Əvvəla, dilə yeni sözlər daxil olur. İkincisi, dilin öz qanunları var" və o qanunlar tədricən dəyişə bilir".

Möhsün müəllimin sözlərindən də aydın olur ki, 2013-cü ilin "Orfoqrafiya qaydaları" Nazirlər Kabineti tərəfindən təsdiq edilməyib. Deməli, əslində, hüquqi əsası yoxdur. Odur ki, əvvəllər təsdiq olunmuş, 2013-cü ildə çıxarılmış bir sıra qaydaların bərpası təbiidir.

Aydın görünür ki, 2013-cü ildə lüğətə yeni sözlər daxil edilərkən bir sıra artıq sözlər də düşüb. O sözlərdən nə məişətdə, nə də ictimai dairələrdə, elmi-bədii əsərlərdə istifadə edilir.

2013-cü ildə 36 qayda, 2018-ci ildə 69 qayda. Oxucu nəzərə almalıdır ki, əsasən, yuxarıda dediyim üç məsələdən başqa, artırılan qaydalar 13-cü ildə çıxarılmış, amma əslində, icra olunmaqda olan qaydalardır. Yəni həmin qaydalar praktik olaraq icra olunmaqdadır, amma təsdiq edilməmiş 2013-cü il "Qaydalar"ında düzgün olmayaraq ixtisar edilmişdir. Deməli, sadəcə olaraq, işlənməkdə olan qaydaların bərpasıdır.

Əslində, fikrimcə, indi görülməkdə olan iş əvvəlki qüsurların aradan qaldırılması prosesidir. Metafora tipli sözlərdə son a səsinin atılması lap köhnə təşəbbüsdür. Mənim unudulmaz müəllimim Ə.Dəmirçizadə hələ keçən əsrin 60-cı illərində yazılarında bu sözü metafor kimi işlətmişdir. Amma söz bu cür mənimsənilmədi. 2013-cü ildə metafor yazılsa da, qəbul olunmadı. Odur ki yeni redaksiyada bu səhvi düzəltmək lazım gəldi.

-iyyət şəkilçisi haqqında da danışmaq olar, yəni bu şəkilçidə həqiqətən əksərən bir y tələffüz edib, iki y yazırıq.

İradə Musayeva: “Vay-vay... "Həssas" sözü də "həsas" olacaq... Deyəcəyik: Sən heç həsas deyilsən, müəllim...”

İradə xanımın bu sözlərindən ilham alan və dəhşətə gələn bəzi yoldaşlar düşünürlər ki, kassa sözü kasa, millət sözü milət olacaq.

Qaydalarda belə şey yoxdur. Qorxmaq lazım deyil.

Elə bu cür fikirlərə görə, Mayıl Əsgərov orfoqrafiya maraqlılarını üç qrupa ayırıb.

Orfoqrafiya lüğətində artıq görünən sözlər var, bir vaxtlar daxil edilib, indi yeni nəşrdə nəzərə alınması qərarlaşdırılıb. Bütün bunların heç birində həyəcana səbəb olan qorxulu bir şey yoxdur. Yaxşı cəhət orasındadır ki, müstəqilliyin əvvəllərində özünü göstərən bir sıra nöqsanları indi rahat müzakirə edib aradan qaldırmaq istəyirik. Ona görə də hörmətli alim, yazıçı və jurnalistlərimizin, ziyalılarımızın həvəslə bu işə qoşulması müsbət haldır. Amma bu qoşulma Dilçilik İnstitutuna hücum şəklində olmamalıdır.

Müzakirələrdə iştirak edən yoldaşların Dilçilik İnstitutunun əməyinə münasibətinə də haqq qazandırmıram. AMEA və Dilçilik İnstitutu həmişə elmin və milli mövqeyin keşiyində olubdur.

Hə... Balam, bu dilçilərdən nə istəyirsiniz? İş görən də onlar, döyülüb-söyülən də onlar. Dilçi - fəhlədir. Kirpiyi ilə od götürür. 250-300 manata qane olub, bütün günü ya evdə, ya arxivlərdə kitabla əlləşir. Sən onun yazdığı kitabla, yaratdığı əlifba ilə dərs alıb böyümüsən - alim, şair, Milli Məclisin üzvü olmusan. Dilçilik İnstitutu ağır zəhmət içindədir. Amma onun qarşısında dövlət planı var, il boyu onunla əlləşir. Əsas vəzifəsi onu yerinə yetirməkdir. Bununla yanaşı, o, keçmişin nöqsanlarını aradan qaldırmaq, yenilikləri əlavə etmək, sənin hər gün istifadə etdiyin orfoqrafiya lüğətini təkmilləşdirmək üçün çalışır. Bəs sən ona bu işdə nə kömək etmisən? Dilçilik İnstitutuna bütün institut və ali məktəblərdən çox qayğı göstərilməlidir. Çünki bu institut sənin mənəvi varlığındır.

Narahat olma. Hamımızın köməyi ilə "Qaydalar" da düzələcək, orfoqrafiya lüğətimiz də gözəl çap olunacaq. Fikir söyləmək olar, fikir de. Amma əməlli fikir olsun. Bir işə köməyi dəysin. İnstitut əvvəlki dövrlərdən daha səmərəli, daha təmkinlə işləyir. Sən gəl bax gör aldığı 250 manatı sıxışdırıb, qənaət edib nə qədər kitab çap etdiriblər. Bir toya xaricdən 700 milyon dollara (küy də olsa) müğənni çağıran milyarderlərimiz bir kitabın nəşrinə kömək etmirlər. Bir bina tikdirib Azərbaycan türk xalqının varlığını qoruyan Dilçilik İnstitutuna verib adlarını əbədiləşdirmək əvəzinə, müğənni çağırırlar. Onları başa salmaq lazımdır. Ona görə də belə çətin günlərdə söz deyə bilən Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynzadə, Məmmədağa Şirəliyev yetişməlidir.

Xülasə...

20.01.2018

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.