Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.1.2018

Qalmaqal yaradan addım: “İsgəndər” niyə ləğv edildi?

Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Nəsimi adına Dilçilik İnstitutu 69 maddədən ibarət Azərbaycan dilinin yeni orfoqrafiya qaydalarının layihəsini hazırlayıb. Artıq bir neçə gündür ki, yeni qaydalar ətrafında yaranmış qalmaqallar səngimir. Yeni dəyişikliklər ictimaiyyətdə böyük müzakirələrə, mübahisələrə və hətta bəzi məqamlarda tərəflərin bir-birilərini təhqir etmələrinə səbəb olub.

Sözügedən mövzu çərçivəsində AMEA Dilçilik İnstitutunun elmi işçisi, tanınmış dilçi alim Şahlar Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik:

- Dilçilik İnstitutu orfoqrafiya qaydalarını 137 bənddən 38-ə endirməklə əslində böyük problemlərin əsasını qoymuşdu. Ona görə indi qaydaların 69-a qaldırılması müsbət haldır, ancaq bu təklif də, deyəsən, birmənalı qarşılanmadı. Nə baş verir?

- İlk orfoqrafiya qaydaları 1925-ci ildə, yəni 93 il bundan öncə hazırlanıb. O vaxtdan bu çağa qədər orfoqrafiya qaydalarında çox böyük dəyişikliklər və yeniliklər olub.

Sovet dövründə Orfoqrafiya lüğəti kiril qrafikası ilə 4 dəfə (1929, 1940, 1960, 1975) çap olunub. Bu il çap olunacaq Orfoqrafiya lüğəti isə sayca 7-ci olacaq. 1929-cu ildə çap olunmuş “İmla lüğəti” istisna olmaqla, ayrı-ayrı vaxtlarda çap olunmuş lüğətlər demək olar ki, öz dövrünün leksikasını əks etdirib. Məsələn, ikinci nəşrdə 21 min, üçüncü nəşrdə 40 min, dördüncü nəşrdə 58 min, beşinci nəşrdə 80 min, nəhayət, altıncı nəşrdə 110 mindən çox söz Orfoqrafiya lüğətində verilib. Dil inkişaf edir, dilə yeni sözlər daxil olur. Sözlərin sayı artıqca qaydalarda da dəyişiklik yaranır, bu da təbiidir. Doğrudur, 1975-ci ildə kiril əlifbası ilə çap olunmuş sonuncu orfoqrafiya lüğətində qaydalar digərləri ilə müqayisədə daha çox olub. Beşinci nəşrdə 36 maddə, 2013-cü ildə çap olunmuş sözlükdə isə 38 maddə verilib. Bu sözlükləri bir-biri ilə müqayisə etdikdə, hər bir lüğətin öz zamanına görə önəmli olduğunu deyə bilərik. Fikrimcə, altıncı nəşrdə nöqsanlar daha çox olsa da, yenilikləri də unutmaq olmaz. Əlbəttə, qaydaları kəskin şəkildə azaltmamaq da olardı. 1975-ci ildən bu yana nəzər salaq. 29 ildən sonra təxminən 100 maddənin ixtisar edilməsinin də müəyyən səbəbləri olub. Dildəki problemləri Dilçilik İnstitutu yaratmayıb. Bir çox alınma söz o vaxt rus dili vasitəsilə dilimizə keçdiyindən həmin problemlər tam həll olunmayıb. Bu gün həmin sözlərin yazılışı müəyyən problemlər yaradır, bəzən qaydalarla uzlaşmır. Məsələn, “sanatoriya” sözü sonuncu lüğətdə “sanatori” şəklində yazılıb. Hazırkı layihədə haqlı olaraq bu sözün “sanatoriya” şəklində yazılması tövsiyə olunub. Dilin özü bu sözün tələffüz variantını yazıya gətirir.

Biz hətta belə bir fikrə də rast gəlirik ki, təklif edilən 69 maddə sayca çoxdur. Bu qaydalar yadda qalmayacaq və s. Məncə, qaydalar nə qədər çox olsa, orfoqrafiya bir o qədər mükəmməl olar. Qaydaları dəqiqləşdirmədən lüğət tərtib etmək olmaz. Fikrimcə, təklif edilən maddələrin sayı bir qədər də artırıla bilər.

- Məsələn, hansı qaydaların artırılmasını təklif edərdiniz?

- Təklif edirəm ki, sonu “x” hərfi ilə bitən coğrafi adların yazılışı ilə bağlı 1975-ci ildəki qayda bərpa olunsun. Coğrafi adları hallandırdıqda söz kökü dəyişməməlidir. Məsələn, Qazağa, Yevlağa, Samuğa şəklində yazılış əvvəlki qaydaya ziddir, çünki dilimizdə x-ğ qaydası yoxdur. Buna görə də həmin adlar Qazaxın, Yevlaxın, Samuxun şəklində yazılmalıdır. Kərkük sözünün yazılışında da iki variant müşahidə olunur: Kərküküm, Kərküyüm. Məncə, yeni layihədə bu məsələ öz əksini tapmalıdır.

Daha bir iradım üçüncü maddədə “Qeyd” hissəsi ilə bağlıdır. Yazılır ki, söz sonunda [k] kimi tələffüz olunan əksər alınma sözlərə bu qayda şamil edilmir, yəni onlarda əvəzlənmə baş vermir: əmlak-əmlaka, iştirak-iştirakımız, mexanik-mexanikə, şərik-şəriki, texnik-texnikin və s. Burada mexanik, texnik sözləri qayda ilə uzlaşmır. Bu təklif artıq nəzərə alınıb.

- Etirazlara səbəb olan məqamlardan biri də “əsgər”, “İsgəndər” kimi sözlərlə bağlıdır. Hansı prinsiplərə əsasən, hansı qaydaların tətbiqi ilə “əsgər” dönüb “əskər” oldu?

- Əvvəllər bu söz “əskər” kimi yazılıb. Sonrakı orfoqrafiya sözlüklərində bu söz “g” samiti ilə lüğətə daxil edilib, sözün tələffüzü əsas götürülüb. Bu dəfə isə mənbə dildə olduğu kimi yazılışı təklif olunur.

- Səhv etmirəmsə, 1975-ci il nəşrində “əsgər”, “İsgəndər” kimi verilib. Demək, bu sözlərin yazılış qaydası ən azı 40 ildən çoxdur ki, “g” ilədir. Üstəlik, sözlərdəki kar samitin cingiltili samitlə əvəzlənməsi prosesinin özü 1000 il çəkir. Başqa sözlə, bu məqamda həm sözün özününküləşməsi, həm də tarixi, qədimliyi öz sözünü deyir. Bəlkə dilçi alimlərimiz təkcə deyiliş yox, həm də tarixilik baxımından o bənddə güzəştə getməlidirlər? Digər tərəfdən, vaxtilə bu sözləri lüğətə “əsgər” kimi daxil edən alimləri “mənbədəki sözü” bilməməkdə ittiham etmək kimsənin ağlından keçməz, yəqin ki! Belədə, bu sözlərin lüğətə “g” ilə salınması səbəblərini bəlkə, qoruyub saxlayasınız? Dilin qəbul etdiyi, artıq dilimizə oturuşmuş bu sözlərə qaydaları tətbiq etməmək də mümkündür və dildə ümumiyyətlə, istisnalar hər zaman olur.

- Dilimizdə yazılışı mübahisə yaratmayan, əslində isə yanlış şəkildə yazılan o qədər söz var ki! Əlbəttə, onların dəyişdirilməsinə gərək yoxdur. Ümumiyyətlə, bu layihədə məsələlərə siz dediyiniz kimi yanaşılmayıb. Layihə “əslində söz necə yazılmalıdır?” prinsipi ilə hazırlanıb. Düzdür, cəmiyyətdə bu təkliflər birmənalı qarşılanmır. Etiraz edirlər ki, “əskinas” 5-10 il əvvəl “əsginaz” kimi yazılırdısa, nəyə görə yenidən “əskinas” kimi təklif edilir?

- “Əsginaz” sözü hazırda da 4 formada yazılır və lüğətlərdə vaxtaşırı olaraq dəyişilmələr bu sözün yazılış variantlarını ortaya çıxarıb...

- Mən də sözün tez-tez dəyişdirilməsinin əleyhinəyəm. Hesab edirəm ki, “Layihə”nin birmənalı qarşılanmamasının əsas səbəbi 2013-cü ildə çap olunmuş Orfoqrafiya lüğətindəki nöqsanlardan qaynaqlanır. Mən də bu fikirdəyəm ki, sözün necə yazılmasından asılı olmayaraq, doğru hesab olunan və məqbul sayılan variant gələcəkdə yenidən dəyişdiriləcəksə, bu gün həmin sözləri dəyişməyə heç bir mənəvi haqqımız yoxdur.

Askinas Yafəs oğullarından birinin adı olub. Türk dilində işlənən “aşkinasi” sözü “gəlmə yəhudilər” anlamında işlənir. Bu söz həm də “əskinas” şəklində dilimizdə maliyyə terminini ifadə edir. “Əskinas” sözünün yazılışı ilə bağlı əvvəllər də mübahisələr olub. 2004-cü ildə “əsginaz”, 2013-cü ildə “əsginas” şəklində yazılıb. 2012-ci ildə Nizami müəllim “əskinas” sözünün “g” ilə yazılışını məqsədəuyğun saymışdı. Arqumenti də bu idi ki, “əsgi” dedikdə mənfi anlayış formalaşır. Diçilərimiz bunu əsas götürərək, sözün “əsginas” variantı üzərində dayanmışdılar. Fikrimcə, bu cür yanaşma doğru deyildi.

- Keçək “əskər” və “İskəndər”ə...

- “Əsgər” sözünə dediyiniz prinsiplə yanaşsaq, məntiqlə “nikah” sözü də “nigah” kimi yazılmalıdır, halbuki “nikah”ın “nigah”la əvəzlənməsi doğru deyil. Orfoqrafiya lüğətində həm “nikah”, həm də “nigah” sözləri var. “Nikah” ərəb, “nigah” isə fars mənşəlidir. Digər tərəfdən, hazırda şəxs adları kimi “Əskər” və “İskəndər”ə də rast gəlinir. Yəni bu söz də iki variantda işlənir...

- Qətiyyən elə deyil. “Əsginaz”dan fərqli olaraq, “Əskər” və “İskəndər” adının rəsmi sənədlərdə rast gəlinmə səbəbi Nikah Şöbələrində çalışan savadsız “mirzələrin” günahıdır. Ona qalsa, “Hüseyn” adı da bir neçə formada işlədilir: “Hüseyin”, “Söyün”... Bu o deməkdir ki, “Hüseyn” sözünün yazılış variantları mövcuddur?

- Bu sözlərin yazılışını təkcə kiminsə savadsızlığına yazmaq olmaz. Fakt odur ki, bu adlar regionlarda işlənir. Elə variantlılığın qarşısını almaq məqsədilə mənbə dilə üstünlük verilir ki, problem birdəfəlik həll olunsun. Yazılış formasından fərqli olaraq, sözün “əsgər”, “İsgəndər”, “işgəncə”, “əsginas” şəklində tələffüzü isə dilimizin qaydalarına tam uyğundur. Məncə, “Layihə”də mənbə dil ifadəsinə aydınlıq gətirilməli idi. Söhbət mənbə dildəki sözün bütöv səs tərkibindən (məs.: askər və s.) getmir, sözün təkibindəki samit nəzərdə tutulur.

- Mediada ən çox müzakirə olunan məsələlərdən biri də “alğı-satqı” sözüdür. 2013-cü il lüğətinə qədər bu söz “alğı-satqı” yazılırdı, yalnız 2013-cü il lüğətində “alqı-satqı” kimi qeyd edilmişdi. İndi isə yenidən əvvəlki varianta qayıdırsınız...

- Qaydada belədir: feil köklərindən isim və sifət düzəldən şəkilçilər hissəsində sonu cingiltili samitlə bitən sözlərdə isə: -ğı, -gi, -ğu -gü: bölgü, çalğı, vergi, vurğu; -ğın, -gin, -ğun, -gün: əzgin, qırğın, süzgün, yorğun və s.

Məsələ burasındadır ki, 2013-cü il lüğətində də məhz bu qayda vardı. Sadəcə, lüğətin özündə “ğ” texniki xəta üzündən “q” kimi yazılıb. Qaydaya görə, “çalğı” sözünün “alğı”dan fərqi nədir? Niyə bu sözləri bir qayda ilə yazmamalıyıq? Əgər “alqı” variantı məqsədəuyğun sayılacaqsa, o zaman yuxarıda qeyd etdiyim qayda dəyişməlidir.

- Yəni hazırda dilçi alimlər 2013-cü ildəki texniki xətanı aradan qaldırıblar. Bəs, bunu xüsusi elan etməyə nə ehtiyac vardı ki, müzakirəyə də səbəb olsun?

- Layihədə qaydalar izahla verilir və tam mətndə də bu, əksini tapmalıdır.

- Avazınız yaxşı gəlir, ona görə də keçək Qurana. Niyə “Qur-an” yox, “Qu-ran”?

- Orfoqrafiya lüğətində sözlərin sətirdən-sətrə keçirilməsi ilə bağlı cəmi iki maddə (37, 38) verilib. Bu maddələr isə yarımçıqdır, bütövlükdə dilin mənzərəsini ifadə etmir. Apastrofun ləğvindən sonra bəzi apastroflu sözlərin sətirdən-sətə keçirilməsilə bağlı problemlər yaranıb. Bu məsələyə Orfoqrafiya lüğətində vaxtında aydınlıq gətirilməliydi. Sürət, cürət, Sənan və s. apastroflu sözlərin bir qayda ilə sətirdən-sətrə keçirilməsi təklifi də məntiqlidir. Apastrof ləğv edilibsə, deməli, sözün sətirdən-sətrə keçirilməsi qaydası digər “apastroflu” sözlərə də şamil edilməlidir. Ona görə də “Layihə”yə belə bir maddənin əlavə olunması məntiqlidir. “Quran” sözünə gəlincə, istisna hal kimi bu söz “Qur-an” şəklində sətirdən-sətirə keçirilə bilər. Lakin bu söz “Qu-ran” şəklində qalsa da problem yaratmır, çünki “Quran” sözü böyük hərflə yazılır, feili sifət kimi işlənən “qu-ran” sözündən formasına görə fərqlənir.

- Müzakirəyə səbəb olan maddələrdən biri də “iyyət” şəkilçisindəki “y”dir.

- Yeni layihənin 37-ci bəndində “iyyət” şəkilçisinin bir “y” ilə yazılması təklif olunur, çünki bu qəbildən olan sözləri, əsasən bir “y” ilə tələffüz edirik. Buna görə də fonetik prinsipə əsaslanaraq, tərkibində həmin şəkilçilər olan sözlərin bir “y” ilə yazılması daha məqsədəuyğundur. Məncə, hərf sözü sözdən fərqləndirmirsə, onu yazıda saxlamağa ehtiyac yoxdur.

Türkoloq Firudin Cəlilov da belə hesab edir ki, “tərbiyə” sözünü fonetik prinsiplə yazırıq, nə üçün -iyyat, -iyyət şəkilçili sözlər də eyni prinsiplə yazılmasın. Türkiyə türkcəsində bu şəkilçilərdəki “y”nin birini ixtisar etdilər, Türkiyə türkcəsi bundan nəsə itirdimi?

Bu dil ərəb dili deyil axı. Ərəb dilində -iyyun şəkilçisi ilə bağlı belə bir islahat aparılsaydı, razılaşardıq ki, bu, mümkün olmayan bir işdir, hətta ərəb dilinə qəsddir. Mən ali məktəbdə 2 il ərəb dili dərsi keçmişəm. Bu sahənin mütəxəssisi olmasam da, -iyyət, -iyyat və -iyyə şəkilçiləri ilə düzələn isimlərlə (mədəniyyət, ədəbiyyat, dövriyyə və s.) ərəb dilində nisbi sifət şəkilçisi olan –iyyun və ya –avıyyun şəkilçilərinin fərqini bilirəm. Bunlar ayrı-ayrı şəkilçilərdir, axı -iyyət, -iyyat şəkilçisinin -iyyun, -avıyyun şəkilçisinə nə dəxli var? Dilimiz bu şəkilçini tarixən (-iyyin, -avıyyun) -i, -vi şəklində mənimsəyib. Təbriziyyun - təbrizli, dünyəviyyun – dünyəvi və s.

Çünki xalq belə qəbul edib, öz dilinə uyğunlaşdırıb. Ola bilər ki, 100 ildən sonra –i, -vi şəkilçiləri tamam başqa biçimdə işlənsin. Bu dilin, şəkilçinin inkişafı, dil proseslərinin nəticəsidir, necə ki, Türkiyə tükcəsində bu şəkilçilər -sal, -səl şəklində sabitləşmə dövrünü yaşayır.

Ümumiyyətlə, “-iyyat”ı ərəb mənşəli şəkilçi hesab etmək nə dərəcədə doğrudur? Bu şəkilçi ərəb dilindəki -iyy(un) və at(un) şəkilçisinin kontaminasiyasından yaranıb. Deməli, -iyyat, -iyyət şəkilçiləri birbaşa mənbə dildən alınmayıb, xalq bu şəkilçini kontaminasiya yolu ilə özü yaradıb. Xalq öncəki yüzilliklərdən fərqli olaraq, bu gün həmin şəkilçiləri əsasən bir “y” ilə tələffüz edir. Dilin öz qənaət prinsipi var, ehtiyac olmayan hərfi, hətta şəkilçini də tələffüzdən və yazıdan çıxara bilir. Müqayisə üçün deyim ki, əvvəllər “problematik məsələ” ifadəsi işlənirdi, bu gün daha çox “problem məsələ” şəklində işlənir. Yəni dil tədricən “atik”dən imtina edir. Dilin qənaəti fonunda məsələnin yanlış təqdim edilməsi yolverilməzdir. Bəziləri yazıda həmin qoşa “y”dan birinin atılmasının səbəbini yanlış olaraq Türkiyə türkcəsinə bağlayırlar, guya dilçilərimiz “ortaq dil” yaradırlar. Əslində, məqsəd bu olmasa da, dillərinin yaxınlaşmasına təbii baxmaq lazımdır, çünki dil faktoru türk xalqlarının yeganə birləşdirici mənbəyidir. Bundan başqa, bir “y” təklifinə qarşı belə bir fikir irəli sürürlər ki, qiraət zamanı “tək “y” ilə tələffüz psixolinqvistik aktın fonetik səviyyədə geçəkləşməsi”nə ciddi şəkildə əngəl yaradacaq və bununla da sözün təsir gücü itəcək.

Adi şəraitdə həmin sözləri onsuz da tək “y” ilə tələffüz edirik. Qiraət zamanı təkcə qoşa “y”ni deyil, başqa səsləri də mətnin ruhuna uyğun olaraq uzun tələffüz etmək mümkündür. Məsələn: “Əgər bütün bəşəriy..yət ədüv...vü (!) canım ola...” Yenə deyirəm, söhbət tələffüzdən yox, yazıdan gedir. O vaxt apastrof ləğv ediləndə deyirdilər ki, məsələn, “şö:bə” sözünü yeni nəsil şöbə şəklində tələffüz edəcək. Amma bu gün yeni nəsil həmin sözü əvvəlki uzunluqda tələffüz edir.

- Bəs niyə digər sözlərə də bu prinsiplə yanaşmırıq? Məsələn, “təəssüf”, “təəccüb” və s.

- Dəyişikliklər müəyyən prinsiplərə əsaslanır. Dildə mövcud olan bütün sözlərə bir prinsipdən yanaşmaq olmaz. Təklif edirlər ki, “ədəbiyyat” sözü bir “y” ilə yazılırsa, onda “səyyah”, “qəyyum” sözləri də eyni qayda ilə yazılmalıdır. Bu sual da təxminən ona bənzəyir. Söhbət söz köklərinin yazılışından getmir. Düzəltmə sözlərlə sadə sözü eyniləşdirmək olmaz. Axı “təəccüb”, “təəssüf” sözlərində şəkilçi yoxdur. Tərkibində qoşa sait və samit olsa da, yazılışı fonetik prinsipə əsaslanır. Məncə, yanlış yanaşmalar prinsipləri yaxşı bilməməkdən irəli gəlir.

- Bəs o prinsiplər hansılardır? Bunlardan daha çox hansına üntünlük verilməlidir? Yeni layihə dil normalarının pozulmasının qarşısını alacaqmı?

- Əvvəla, dil normalarının addımbaşı pozulması təkcə cəmiyyətin dilə olan biganə münasibəti ilə bağlı deyildir. Orfoqrafiya mədəniyyətinin yüksək olması üçün ilk növbədə qaydalar dəqiq və mükəmməl olmalıdır. Orfoqrafiya qaydalarını müəyyənləşdirərkən dildə vaxtilə mövcud olmuş qaydaları inadla müdafiə etmək, qloballaşma şəraitində dil mühitini nəzərə almamaq dilin inkişafına mane olan amillərdəndir. Sözlükdə sözün qaydalara uzlaşdırılmaması, eyni sözlərin yazılışında müxtəlifliyin olması, qaydaların çiy şəkildə təqdim edilməsi və s. dilimizin Orfoqrafiya sözlüyünə son illər inamı azaldıb. Belə müxtəliflik isə orfoqrafiyanın ictimai mahiyyəti və məqsədi ilə birbaşa ziddiyyət təşkil edir. Bu baxımdan ictimai müzakirəyə çıxarılan “Layihə”nin əhəmiyyəti olduqca böyükdür.

Hər bir dilin düzgün yazı qaydaları dil vahidlərinin orfoqrafiya prinsipləri ilə uzlaşdırılması əsasında müəyyən edilir. Dil vahidləri (səs, heca, şəkilçi, qısaltmalar və s.) müxtəlif olduğu kimi, uzlaşdırma funksiyasını yerinə yetirən prinsiplər də fərqli ola bilir. Qaydaların mənimsənilməsində əsasən üç prinsip iştirak edir: 1. Fonetik prinsip, 2. Morfoloji prinsip, 3. Tarixi-ənənəvi prinsip. Bu prinsiplərdən hansına daha çox yer verilməsi, hansının daha çox əlverişli olması dil vahidlərindən asılıdır. Odur ki, qaydaların müəyyənləşdirilməsində hər üç prinsipin özünəməxsus yeri və önəmi vardır.

Çağdaş dilimizin yazı qaydalarının müəyyənləşdirilməsində fonetik prinsipdən geniş şəkildə istifadə olunmuşdur. Söz köklərinin mütləq əksəriyyəti bu prinsipə əsasən yazılır. Fonetik prinsipin imkanlarından istifadə etməklə dil normalarının sabitləşdirilməsi, kütləviləşdirilməsi mövcud qaydaların asanlıqla mənimsənilməsi baxımından çox önəmlidir. Buna baxmayaraq, dil vahidlərinin müxtəlifliyi səbəbindən bütün sözləri bu prinsiplə yazmaq mümkün deyil, çünki bəzi söz kökləri morfoloji dəyişikliyə məruz qaldığından tələffüzdə fərqli məqamlar üzə çıxır. Bu zaman dil vahidi morfoloji prinsip müstəvisinə keçir. Şəkilçilər, şəkilçilərlə düzələn sözlər və s. mənalı vahidlər bu prinsipə aiddir. Morfoloji prinsip sözlərin yazıya vahid şəkildə köçürülməsi qaydalarını istiqamətləndirən ən mühüm prinsipdir. Bu prinsip nəzərə alınmazsa, mənalı dil vahidləri çeşidli çalarlıqda tələffüz olunduğu kimi yazıya köçürülər, bununla da yazıda vahid anlaşmadan söhbət gedə bilməz. Tarixi-ənənəvi pinsip isə əvvəlki dövrlərdə tətbiq olunmuş bu və ya digər orfoqrafik qaydaların mühafizə olunması və çağdaş yazıda davam etdirilməsidir. Hazırda orfoqrafiya qaydalarında bu prinsipdən də istifadə olunur.

- Bütün sözlərin olduğu kimi yazılması məsələsi nə dərəcədə doğrudur? Onda belə çıxır ki, bölgələrdə sözü necə tələffüz edirlərsə, o cür də yazmalıdırlar?

- Bu, fonetik prinsiplə bağlı məsələdir. Sözün tələffüz edildiyi kimi yazılması dedikdə burada ədəbi tələffüz nəzərdə tutulur. Məsələn, “deyil” sözü dialekt və şivələrimizdə çeşidli biçimdə tələffüz edilir: dəyil, dö:l, döyül, dögü və s. “Deyil” sözündən fərqli olaraq, əklif də var ki, bizim lüğətimiz morfoloji prinsip üzərində qurulsa, daha yaxşı olar, yəni, fonetik prinsip daha çox orfoepiyanın predmetinə çevrilməlidir. Təkliflər də var ki, ümumiyyətlə, alınma sözlər morfoloji prinsiplə yazılsın. Məncə, qaydaların asanlıqla mənimsənilməsində fonetik prinsipin önəmini kiçiltmək mümkün deyil.

- Bəlkə bu layihənin təqdimatı doğru formada olmadı. Biri statusla etiraz bildirdi, kimsə köşə yazdı, hətta millət vəkili Aqil Abbas da etiraz etmişdi...

- Təqdimat ayrı cür necə olmalıdır? “Layihə” ictimai müzakirəyə çıxarılıb. Bu məsələdə ayrı-ayrı adamların aqressiyasını anlamıram. Aqil Abbasın müsahibəsini oxudum. Bildim ki, bu layihə ilə yaxından tanış olmayıb. Yazmışdı ki, “qəşəng” sözü “qəşənk” formasında yazılacaq. Görünür, bu cür yanaşma onun üslubundan irəli gəlir, amma taleyüklü məsələlərə bu cür münasibəti doğru saymıram. Layihədə yazılıb ki, son səsi həm [k], həm də [g] kimi tələffüz olunan milli sözlər “g” hərfi ilə yazılır: “çələng”, “pələng”, “səhəng”, “tüfəng” və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir. Bu qayda “ahəng”, “qəşəng”, “nəhəng” kimi alınma sözlərə də şamil edilir.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqda nə deyə bilərsiniz?

- Dilimizlə bağlı bütün xoşniyyətli layihələri alqışlayıram. Dilimizin söz ehtiyatına daha çox keyfiyyət üzrə yanaşmağa çalışıblar. İstənilən işdə nöqsan tapmaq olur. Bu sözlükdə təqdir etdiyim cəhətlər az deyil, amma açıq qalan məsələlər də var. Bu sözlüyün Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun birgə hazırladığı “Layihə” qədər cəmiyyətdə rezonans doğurmaması gözlənilən idi, baxmayaraq ki, Dilçilik İnstitutuna haqsız hücumlar səngimir. Ona görə ki, lüğət tərtibi ənənəsi birbaşa dilçilərlə, lüğətçilərlə bağlı işdir. 93 ildir ki, lüğətçilər, dilçilər bu işlə məşğuldur.

- Şahlar müəllim, açıq qalan məsələlər hansılardır?

- Məsələn, “Sözlüyün əvvəlki orfoqrafiya lüğətlərindən əsas fərqi cəhətləri” hissəsində 6-cı bənddəki qaydaya görə -varı, -vari şəkilçiləri ahəng qanunu üzrə işlədilr: çəngəlvari, halqavarı və s. Halbuki bu vaxta qədər həmin şəkilçi bir cür yazılıb. “Layihə”nin 38-ci maddəsində isə qayda bu şəkildə təklif edilib: -varı şəkilçisi: buynuzvarı, qalxanvarı, üzükvarı, yüngülvarı və s. Orfoqrafiya qaydalarında bu cür müxtəlifliyin mahiyyətini anlaya bilmirəm.

“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”nün 4-cü bəndində “oxşarköklü sözlər” ifadəsi işlənib. Maraqlıdır ki, oxşarköklü sözü nə Orfoqrafiya lüğətində, nə də Tərcümə Mərkəzinin çap etdiyi sözlükdə verilib... Dilimizin tarixi taleyi elə gətirib ki, hələlik mükəmməl orfoqrafiya lüğətindən danışmaq tezdir.

- Yeri gəlmişkən, sizi sosial şəbəkələrdə piarda da günahlandırırlar...

- Müzakirələr göstərdi ki, cəmiyyətimizdə polemika mədəniyyəti çox aşağı səviyyədədir. Aqressiya düzü əyridən ayırmağa mane olur. Müstəqil fikirlərimə görə məni piarda suçlayanların səviyyəsinə enmək istəmirəm. Bütün suallara təmkinlə, doğru bildiyim şəkildə cavab verirəm. Niyyətim ana dilinə xidmətdir.

Billurə, Ömər

22-23.01.2018.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.